Rusiya Qarabağ siyasətini dəyişir: Qafqaz geosiyasi toqquşma meydanına çevriləcək

Vardanyan fevralın 7-də Rusiya sülhməramlılarının vasitəsilə gizli şəkildə Xankəndini tərk edib. Ermənistan mətbuatı onun Qarabağı Moskvanın göstərişi ilə tərk etdiyini və geri qayıtdıqdan sonra istefaya göndəriləcəyini bildirib. Digər tərəfdən Vardanyanın Moskva səfəri ilə bağlı Araik Arutyunyan başda olmaqla, bütün separatçılar səssizlik nümayiş etdirirlər.

Moskvanın Ruben Vardanyanla bağlı planı nədir?

Politoloq Yeganə Hacıyeva Globalinfo.az-a şərhində bildirib ki, Vardanyan-Arutyunyan konflikti bu mərhələyə qədər daha çox birincinin mövqe qazanması ilə müşahidə olunmuşdu:

“Araikin digər qruplarla da konfliktindən faydalanaraq Ruben Vardanyan yerlərdə möhkəmlənmişdi. Vardanyan çox güclü iqtisadi maxinatordur. O hesab edirdi ki, bunu siyasətdə də tətbiq edə biləcək, amma siyasətdə şərtlər bir az fərqlidir. Vardanyana iqtisadiyyatda divident gətirən məqamlar siyasətdə tam əleyhinə işlədi. Çünki dələduzluq, fırıldaqçılıq və s. kimi mövzular siyasətdə keçmir. Burada kapital insan güvənidir, Vardanyanda da bu yoxdur.

Yeganə Hacıyeva

Aydın məsələdir ki, Vardanyan geri qayıtmaq üçün cəhdlər edəcək, çünki bu ona lazımdır. Amma onun Qarabağda peyda olması xüsusi təyinatlı missiyası ilə bağlı idi. Görünür, o, 30 illik işğal ərzində Qarabağda həyata keçirdiyi çox ciddi ekoloji terrorun üstünü ört-basdır edə bilib. Onun ekokəndlər deyilən, xüsusi mühafizə olunan layihələri vardı. O layihələrin nədən ibarət olması haqda bizim ancaq ehtimallarımız var. Vardanyan da Qarabağa yerləşəndən bu layihələrin izlərini itirməklə məşğul idi. Görünür, bu işin öhdəsindən gəlib və davam etmək üçün geri qayıdıb. Bundan sonrakı mərhələdə o böyük ehtimal Qarabağdan daha çox Ermənistana gələcək. Onun Ermənistanda Paşinyanla əvəz olunması təkcə Rusiyanın layihəsi deyil, həm də Paşinyanın aid olduğu Soros şəbəkəsinin layihəsidir. Hələ ki, bu proseslər davam edir”.

Analitik İlkin Həsənov isə mövzunu şərh edərkən bildirib ki, əslində Araik-Vardanyan çəkişməsi iki separatçı arasında hakimiyyət uğrunda mübarizənin nəticəsi deyil:

“Məsələyə daha çox Rusiya-Ermənistan kontekstində yanaşmaq lazımdır. Araik Paşinyanın nümayəndəsidir, Qarabağda onun dəstəyi ilə hakimiyyətə gəlib. Bununla yanaşı, Araik Qarabağda separatçılar arasında geniş əlaqələrə malik imkanlı şəxsdir. Vardanyan isə Rusiyanın dayağıdır və ondan istifadə etmək məcburiyyətindədirlər.

Bu çəkişmənin əsas səbəbi həm də Paşinyanın özü ilə bağlıdır. Paşinyanın indiki dönəmdə Qarabağın özündə daxili gərginlik yaratmaqda məqsədi odur ki, Rusiyanın diqqətini öz üzərindən kənarlaşdırsın və buna görə Arutunyana yatırım edir.

Rusiyanın əsas məqsədlərindən biri isə zamanı gəldiyində Ermənistanda müəyyən dəyişiklik etməkdir. Bu da Araiklə Vardanyan arasında gərginliyə səbəb olur. Kremli narahat edən Qarabağdakı gərginliyin onun nəzarətindən çıxacağı ehtimalıdır. Bu ehtimal getdikcə güclənir. Qarabağda siyasi qüvvələr arasında parçalanma genişlənib. Burada Arutunyanın dəstəsi, Vardanyanı müdafiə edən Rusiya meylli qüvvələr, Vitali Balasanyanın simasında hakimiyyətdən küskün düşən şəxslər və köhnə klanın nümayəndələri var. Paşinyanın öz hakimiyyətini qorumaq istəyi və bütün tərəflərin Rusiyanın dəstəyini qazanmaq istəyi aradakı rəqabəti gücləndirəcək”.

Analitikin sözlərinə görə, Vardanyan Moskvadan qayıtsa belə bu çəkişməyə son qoyulacağı gözlənilmir:

“Moskva indiki dönəmdə yaranmış riski dividentə çevirməyə çalışır. Hətta Vardanyanın istefaya göndərilməsi belə Kremlin Qarabağla bağlı planlarını tam məhv etmir. Keçirilən son sorğularda Vardanyanın nüfuzu xüsusilə, Laçın dəhlizi ilə bağlı hadisələr fonunda getdikcə güclənir. Kremlin ilk başda planı ermənilərin içindən mifləşdirilmiş qəhrəman yaratmaq idi. Vardanyanla bağlı bu hekayə uğurlu şəkildə yaradılmaqdadır. Onu geri göndərdikdən sonra Moskva bundan xüsusilə istifadə edəcək. Vardanyanın növbəti istiqaməti məhz İrəvan olacaq. Orada vardanyan sırf lider kimi çıxış edəcək, yoxsa hansısa hadisələr üçün kart rolunu oynayacaq, əsas məsələ budur. Moskva onu hətta lider kimi dəstəkləməsə belə, Paşinyan hakimiyyətini zədələmək üçün ona dəstək nümayiş etdirə bilər”.

İ.Həsənov qeyd edib ki, bütün bu oyunların qurucusu həm də Bakıdır:

“Çünki Bakının həmlələrinin cavabında bu proseslər həyata keçirilir. Ona görə indiki dönəm Bakıya sərf edir. Bir tərəfdən Rusiyanın Qarabağdakı təsir imkanlarını zəiflədir, digər tərəfdən Ermənistan daxilində qeyri-stabilliyi müəyyən müddətə saxlamağa kömək edir. Azərbaycan xaosun içində özünün nəzarət funksiyasını həyata keçirir və prosesləri yönləndirmək imkanına malikdir”.

Ekspert vurğulayaraq qeyd edib ki, Moskvanın Qarabağ və ümumən Qafqazla bağlı yanaşmasında da dəyişiklik var:

“Moskva Qarabağı itirmək üzrə olduğunu görür. Lakin onun üçün əsas prioritet sırf Qarabağa nəzarət etmək deyil, Qafqazda mövcudluğunu qoruyub saxlamaqdır. Bunun üçün Ermənistan Rusiya üçün ən gərəkli ölkədir. Bu baxımdan ehtimal var ki, Moskva növbəti mərhələlərdə Qarabağdan öz qoşunlarını çıxarmaq məsələsini gündəmə gətirə bilər. Vardanyanla bağlı veriləcək qərar da bu işdə mühüm rol oynayacaq.

Qarabağ indiyə qədər Bakı üzərində rıçaq rolunu oynayırdı, artıq bu rolu yavaş-yavaş öz üzərindən atmağa başlayır. Növbəti mərhələlərdə diplomatik münasibətlərdə müəyyən dəyişikliklər ola bilər, amma ümumən Qafqazdakı proseslər daha da gərginləşəcək, bölgə əsl geosiyasi toqquşma meydanına çevriləcək. Burada təkcə Qarabağ deyil, həm də Ermənistan, Zəngəzur və Gürcüstan məsələləri var ki, bunlar daha da aktuallaşacaq və bu il heç də asan olmayacaq”.

Gülnar Səlimova

Globalinfo.az