Qırmızı kimə göstərilsin: milliyə, AFFA-ya, baş məşqçiyə? – Mütəxəssislər fiaskodan danışdı

Futbol üzrə Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, son olaraq İsveçə 0:5 hesablı məğlubiyyəti millinin fəaliyyəti ilə bağlı narazılıqları daha da artırıb. Sosial şəbəkələrdə xüsusilə baş məşqçi və AFFA tənqid atəşinə tutulur. Hətta millinin ümumiyyətlə oyunlarda iştirak etməməsilə bağlı fikirlər də səsləndirilir.

Azərbaycan futbolunun mövcud vəziyyətini, millimizin performansının yaxşılaşdırılması üçün nə kimi addımlar atılmalıdır? Təklif olunduğu kimi, millinin fəaliyyətinin dayandırılması mümkün ola bilərmi?

Millinin seçmə mərhələsindəki performansını Globalinfo.az-a dəyərləndirən “Match.az” idman portalının redaktoru İxtiyar Əsgərov əsas məsuliyyətin baş məşqçinin üzərinə düşdüyünü qeyd edib:

“Təbii ki, milli komandanın Avropa çempionatının seçmə mərhələ oyunlarında Avstriya və İsveçə məğlubiyyətləri böyük narazılıqla qarşılandı. İki görüşdə öz qapısından 9 qol buraxmaq fiaskodur. Futbolda belə bir deyim var ki, nəticəyə baş məşqçi cavabdehdir. Yəqin ki, yığma Bakıya qayıdandan sonra italiyalı mütəxəssis Canni De Byazi AFFA rəhbərliyi qarşısında hesabat verəcək, hansısa addımlar atılacaq. İndi əsas müzakirə mövzusu Byazinin baş məşqçi postundan istefaya getməsi və ya müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsidir. Çünki hər iki məğlubiyyət məhz onun ağlının məhsuludur. Klubunda ehtiyatda qalan futbolçunu start heyətinə salmaq, sağ cinahda oynayan futbolçunu sol cinaha atmaq və ya əksinə, bunları Byazi müəyyənləşdirir. Fikrimcə, ağır hesablı məğlubiyyətə səbəb olan amillərdən biri də məşqçinin seçimləridir”.

İdman jurnalistləri dünya çempionatında hansı komandaya azarkeşlik edir?

İ.Əsgərov millinin fəaliyyətinin dayandırlmasının deyil, ölkədə futbola münasibətin dəyişməli olduğunu söyləyib:

“Milli komandanın fəaliyyətinin dayandırmasına gəlincə, indiyədək belə bir çıxış yoluna rast gəlməmişəm. Buna inanmıram. Futbola münasibət, mentalitet dəyişməlidir. Bundan öncə isə ölkə futbolu üz qaraları olan ləkəli, pafosla danışan əksər veteranlardan təmizlənməlidir. Dediyim odur ki, əvvəllər bir oyunda 8-10 top buraxan futbolçu/mütəxəssisin 2 oyunda 9 top buraxan məşqçini tənqid etməsi anormallıqdır”.

Futbol eksperti, menecer Səbuhi Səfiyarlı Globalinfo.az-a bildirib ki, hazırkı baş məşqçi millini geriyə aparır və buna görə AFFA məsuliyyət daşıyır:

“Milli yığmanın son oyunundan sonra azarkeşlərin narazılıq və tənqidləri başadüşüləndir. Uzun müddətdir ki, komandamız belə aciz vəziyyətdə qalmamışdı. Xaricdən məşqçinin dəvət olunması millinin bir pillə irəli getməsi məqsədilə edilmişdisə, bunun tam əksi müşahidə olunur. Hazırkı gerçəklik cavabdeh şəxslərin səhv addımlarının nəticəsidir. Beynəlxalq turnirlərdən kənarlaşmaq isə o qədər də ciddi yanaşma deyil. Əksinə, oyunlara davam etmək, daha çox çalışıb yaxşı nəticə göstərmək lazımdır. Hazırda bizdə futbolla bağlı çox ciddi problemlər var. Amma “Qarabağ” futbol klubunun oyunları da onu göstərir ki, düzgün proqramla çalışaraq, yaxşı nəticələr əldə etmək olar. İsveçlə oyunda əgər baş məşqçi oyuna düzgün müdaxilə etsə, heyətdəki dəyişiklikləri düzgün və vaxtında yerinə yetirsə idi belə biabırçı nəticə olmazdı. Çünki oyunun müəyyən hissəsində biz o qədər də zəif təsir bağışlamırdıq. İsveç komandası da çox böyük aqressiya ilə oynamırdı. Bu kimi səhvlərə yol verən baş məşqçi ilə müqaviləni uzadan federasiya isə çox böyük məsuliyyət daşıyır.

Səbuhi Səfiyarlı: “Uşaq məşqçilərimiz yüksək səviyyəli futbolçu yetişdirməyə hazır deyil” » Football-plus.az

Hər dəfə millinin məğlubiyyətindən sonra biz bu məsələ ilə bağlı danışırıq, amma heç nə dəyişmir. Maraqlıdır, buna cavabdeh olan federasiya ölkədə futbolun real vəziyyətini qəbul edirmi? Onlar da Cenni de Byazi kimi bu məğlubiyyətə rəğmən yaxşı oynadığımızı düşünürlər, yoxsa böhranı qəbul edirlər? Belədirsə, hansı çıxış yolları fikirləşiblər? Əgər heç bir tədbir görmürlərsə, belə çıxır ki, Azərbaycanda futbolla bağlı mövcud vəziyyət federasiyanı qane edir”.

İdman jurnalisti Kənan Məstəliyev Globalinfo.az-a komandanın yaxşı, baş məşqçinin doğru seçim olmadığını qeyd edib:

“Milli komandanın fəaliyyətini dayandırması, oyunlarda iştirak etməməsi müzakirə mövzusu deyil. Bu çox böyük səhv olardı. Avropa səviyyəsində olmasa da, öz güclərinə uyğun mübarizə apara biləcək, yaxşı futbolçularımız var. Hansı ki, onlar, performansları ilə öz klublarında rəğbət qazana biliblər. Xüsusilə də “Qarabağ” FK-nın oyunçuları üçün bunu qeyd etmək lazımdır. Hətta deyərdim ki, hazırkı yığma bizim son illərki ən yaxşı tərkibə malikdir. Sadəcə doğru idarə edilmir. Hazırkı italiyalı baş məşqçi Cenii de Byazinin 3 ildir bu vəzifəni ucra etməsinə baxmayaraq, komandanı getdikcə daha çox məğlubiyyətə sürükləyir. Səhv taktikalar, istiqrarsızlıq, qərarsızlıq, strategiya və fəlsəfənin olmaması güclü əcnəbi mütəxəssisə yaraşmayan səhvlərlə bu nəticədə baş rolun ifaçısıdır”.

Neftçi” çempion futbolunu nümayiş etdirmir” - Kənan Məstəliyev Yeni Sabah

K.Məstəliyev Cenni de Byazinin və AFFA-da məsuliyyət daşıyan hər kəsin vəzifəsindən getməli olduğunu söyləyib:

“İlk olaraq hazırkı baş məşqçi dərhal istefaya göndərilməlidir. Həmçinin onun uğursuz fəaliyyətini gözardı edərək müqaviləni uzadan, AFFA rəhbərliyində buna cavabdeh olan digər şəxslər də məsuliyyət daşımalı və vəzifələrindən getməlidirlər. Daha güclü, islahatçı, yenilikçi nəsil bu vəzifələrə gəlməlidir. Azərbaycan futbolunda çox böyük problemlər var. Uşaq futbolunda, regionlardakı zəiflik, texniki çatışmazlıq, inkişaf strategiyasının olmaması və s. kimi məsələlər var. Uzun illərdir ki, bu problemlər var və dəyişiklik edilmir, lazımı addımlar atılmır. Azərbaycan Prezidenti ölkədə idmanın, xüsusilə futbolun inkişafına böyük diqqət göstərir, vəsait ayırır. Təəssüf ki, biz burada arzuolunan nəticə görə bilmirik”.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını iyunun 17-də “Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək.

Ayşən Mustafa
Globalinfo.az