Qarabağ separatçıları arasında gərginlik artır – Bakı bir həmlə ilə 3 hədəfi vurur

“Həm ekoloqların keçirdiyi aksiya, həm də bunun fonunda səsləndirilən bəyanatlar Qarabağın Azərbaycana birləşdirilməsi prosesinin sürətləndiyini göstərir”.

Globalinfo.az xəbər verir ki, bu fikirlər jurnalist, siyasi şərhçi İlkin Həsənova məxsusdur.

O qeyd edib ki, Azərbaycan indiki dönəmdə yataqlara nəzarəti təmin etməklə üç hədəfinə çatmaq istəyir:

“Bunlar separatçıların maliyyə qaynaqlarının nəzarətə götürülməsi, Qarabağdakı separatçılar və onların daxil olduğu klanlar arasında gərginliyi sürətləndirərək, başsız qalmalarını təmin etmək və Qarabağa nəzarət prosesinin təminini başlatmaqdır. Son proseslər və verilən açıqlamalar göstərir ki, Bakı öz məqsədinə çatmağa başlayır”.

İ.Həsənov qeyd edir ki, baş verənlər içərisində ən maraqlı proses isə Qarabağa (erməni əhalinin yaşadığı ərazi nəzərdə tutulur-red.) qaz təminatının dayanmasıdır:

“Məhz bu amil Qarabağın Azərbaycana inteqrasiyası prosesində mühüm rol oynayacaq. Çünki qaz idxalının dayanmasından sonra bu bölgələrin qazla təminatının “Azəriqaz” vasitəsilə həyata keçirilməsi imkanları yüksələcək ki, buna da artıq hakimiyyət nümayəndələri səviyyəsində indidən eyham vurulur. Yəni bölgədə “Azəriqaz”ın ofisi olacaq, hər kəs “Azəriqaz”la işləyəcək və bütün müəssisələr “Azəriqaz”a möhtac olacaq. Bu isə separatçılar daxilində qüvvələr balansının dəyişməsi, sistemlərinin dağıdılmasının yekun mərhələsinin başlanması imkanlarını artıracaq”.

Siyasi şərhçinin sözlərinə görə, “Azəriqaz”ın ardınca bölgəyə digər qurumların axını başlayacaq:

“Gələn il bunun gerçəkləşməsi ehtimalı böyükdür. Bir sözlə, hər şey ekoloqların aksiyasının nəticəsindən asılı olacaq. Lakin görünən odur ki, Qarabağın Azərbaycana struktur baxımından inteqrasiyası prosesinə tam start verilib. Bakı geosiyasi rəqabətin kəskinləşdiyi dönəmdə yaxşı oyun qurub”.

Zaira Akifqızı,
Globalinfo.az