irevan baki yeni kollaj 900x506 3

Rusiyanın Ermənistanın balıq və süd məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmaması yeni müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə Ermənistanın bu məhsulları digər ölkələrə də ixrac etdiyi ilə bağlı iddialar səsləndirilir.

Belə olan halda, Ermənistanda bu məhsulların istehsalının və ixrac imkanlarının kifayət qədər olduğu nəzərə alınaraq, Azərbaycanda ehtiyac yaranarsa, balıq və süd məhsullarının Ermənistandan idxalı mümkün ola bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, Rusiyanın Ermənistandan balıq və süd məhsullarının idxalına məhdudiyyət qoyması maraqlı bir vəziyyət yaradıb:

“Ermənistan bu məhsulları Rusiya bazarına çıxara bilmirsə, təbii olaraq başqa bazarlar axtarmalı olacaq. Azərbaycan da coğrafi baxımdan yaxın bazarlardan biridir. Azərbaycanın Ermənistandan belə məhsulları alması prinsip etibarilə mümkündür. Bunun üçün əsas şərt məhsulların Azərbaycan qida təhlükəsizliyi və baytarlıq tələblərinə cavab verməsidir. Məhsulun keyfiyyəti, istehsal olunduğu müəssisə, laboratoriya nəticələri və mənşəyi yoxlanılmalıdır”.

A.İbrahimov qeyd edib ki, Rusiyanın həmin məhsullara məhdudiyyət qoyması da Azərbaycan üçün nəzərə alınmalı bir siqnaldır:

“Azərbaycan tərəfi Rusiya ilə Ermənistan arasındakı problemi avtomatik olaraq öz bazarına tətbiq etməməli, məsələni ayrıca qiymətləndirməlidir.

asif ibrahimov

Asif İbrahimov

Məhsul təhlükəsizdirsə və Azərbaycan standartlarına cavab verirsə, idxalın iqtisadi tərəfi də nəzərdən keçirilə bilər. Burada istehlakçı üçün əsas məsələ məhsulun haradan gəlməsi yox, onun keyfiyyəti və qiymətidir”.

İqtisadçı deyib ki, əgər Ermənistan məhsulu Azərbaycanda daha ucuz və keyfiyyətli alternativ yaradırsa, bu, bazarda rəqabəti artıra bilər:

“Əksinə, məhsul həm bahadır, həm də əlavə risk yaradırsa, belə idxalın iqtisadi mənası azalır. Gələcəkdə Azərbaycan-Ermənistan arasında ticarət əlaqələri genişlənərsə, ərzaq məhsulları da bu ticarətin bir hissəsi ola bilər. Amma bunun üçün ilk növbədə qarşılıqlı ticarətin hüquqi, logistika və qida təhlükəsizliyi məsələləri həll edilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: