Ukraynanın Şeptitski şəhərində küçədə yoldan keçənlərlə mübahisə zamanı qumbara partladan 36 yaşlı hərbçi saxlanılıb.
Globalinfo.az xəbər verir ki, hadisə Taras Şevçenko prospektində baş verib.
Partlayış nəticəsində 17, 18 və 56 yaşlı üç qadın, həmçinin 26 yaşlı kişi qəlpə yaraları alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı bildirilir.
İstintaqın məlumatına görə, qumbaranı Şeptitski rayonunun sakini, hərbçi olan və məzuniyyətə evə gələn şəxs partladıb. Polis onun yerini müəyyənləşdirərək saxlayıb.
Hadisə yerinə istintaq-əməliyyat qrupu, partlayış texnikləri və Lvov vilayəti polisinin digər əməkdaşları cəlb olunub.
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin xuliqanlıqla bağlı maddəsi üzrə cinayət işi açılıb. Hərbçini 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda araşdırma davam edir. Yaxın vaxtlarda məhkəmə saxlanılan şəxsin barəsində qətimkan tədbiri seçəcək.
Əliyar Xəlil
Globalinfo.az