Gəncədə 27 Sentyabr – Anım Günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilib.
Globalinfo.az xəbər verir ki, aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rektorları, bələdiyyə sədrləri, müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri iştirak edərək ağaclar əkiblər.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, şəhərin yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və ekoloji tarazlığın təmin olunmasına töhfə verməkdir.
Aksiya çərçivəsində əraziyə müxtəlif növ ağaclar əkilib, yaşıllıq sahələrinin artırılması və ərazinin abadlaşdırılması istiqamətində müvafiq işlər görülüb.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Gəncə şəhərində bir neçə gündür davam etdirilən ağacəkmə aksiyaları çərçivəsində müxtəlif ərazilərdə ümumilikdə 700-ə yaxın müxtəlif növ ağac əkilib. Ağacəkmə aksiyalarının keçirilməsi şəhərin yaşıllıq fondunun zənginləşdirilməsi ilə yanaşı, şəhidlərin əziz xatirəsinin təbiətin qorunması və gələcək nəsillərə sağlam ətraf mühitin yaradılması kimi nəcib məqsədlərlə yaşadılmasına xidmət edir.

