pasinyan 1

2020-ci il iyulun 12-də Ermənistan ordusunun Tovuz istiqamətində hərbi təxribat törətməsi bölgədə vəziyyəti yenidən gərginləşdirdi. Ermənistanın baş naziri Nikol Paşinyan döyüşləri “yeni Sardarapat” kimi təqdim etdi və həmin döyüşlərdə iştirak edən çoxsaylı hərbçiləri təltif etdi.

Bütün bunlar Ermənistanın hansı siyasi məqsədlərindən xəbər verirdi?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra əvvəlki Ermənistan rəhbərlərindən fərqli olaraq daha radikal mövqe sərgiləməyə başladı:

“Onun siyasi tezisinin əsas istiqamətlərindən biri “təmas xətti” anlayışını aradan qaldıraraq konkret dövlət sərhədini müəyyənləşdirmək idi. Yəni faktiki olaraq Qarabağın Azərbaycan tərəfindən Ermənistan ərazisi kimi tanınmasını istəyirdi və bu istiqamətdə müəyyən addımlar atırdı. Paşinyanın səsləndirdiyi bəyanatlar və həmin il baş verən hadisələr göstərirdi ki, Ermənistan rəhbərliyi əvvəlki siyasətdən fərqli olaraq daha sərt mövqe tutmuşdu. Faktiki olaraq işğalçılıq siyasətini davam etdirmək niyyətində idilər. Hətta Azərbaycanın enerji resurslarını və neft-qaz kəmərlərini də müxtəlif formalarda təhdid edirdilər. İyul döyüşlərindən sonra Nikol Paşinyan həmin toqquşmada iştirak edən hərbçiləri mükafatlandırdı. Təltifetmə zamanı o, iyul döyüşlərini Sardarapat döyüşləri ilə müqayisə etdi.
Sardarapat döyüşləri 1918-ci ildə Osmanlı qüvvələri ilə erməni silahlı dəstələri arasında baş vermiş və erməni tarixşünaslığında mühüm tarixi hadisələrdən biri kimi təqdim olunur. Paşinyan iyul döyüşlərini də həmin döyüşlərlə eyniləşdirirdi”.

WhatsApp Image 2024 05 31 at 00.57.33

Səxavət Məmməd

Onun sözlərinə görə, Paşinyanın buraxdığı əsas səhvlərdən biri də müharibənin başlanmasında birbaşa iştirak etmiş, döyüş təcrübəsi olan şəxslərin mövqeyini nəzərə almaması idi:

“Həmin şəxslər də bilirdilər ki, bu formada davranmaq Ermənistan üçün ağır nəticələrə səbəb ola bilərdi. Lakin Paşinyanın siyasətində populizm ön plana çıxırdı və o, belə davranmağa üstünlük verirdi. Hətta Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını da xatırlayırıq. Buna cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ Azərbaycandır, nida” mesajını verdi. Paşinyan bununla kifayətlənmirdi. O, Azərbaycana ultimatum dili ilə danışmaqla yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu prosesə cəlb etməyə çalışırdı. Məqsəd təkcə Qazax istiqamətində və digər sərhəd ərazilərində baş verən prosesləri deyil, Qarabağı da bu məsələnin tərkib hissəsinə daxil etmək idi. Lakin bu baş vermədi. İyul hadisələri Azərbaycanla Ermənistan arasında yeni müharibənin qaçılmazlığını göstərən ciddi siqnallardan biri oldu və nəticədə müharibə baş verdi. İndi isə vaxtilə Sardarapat döyüşlərindən danışan Paşinyan Kərkidə Azərbaycanın suverenliyinin bərpasının növbəti mərhələsini qeyd edir. Mən hesab edirəm ki, avantürizm və populizm real siyasətdə, xüsusilə də döyüş meydanında uzunmüddətli nəticə vermir. Belə yanaşmalar sonda həmişə ağır nəticələrə gətirib çıxarır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: