Putinin sülhməramlılar haqda bəyanatı necə oxunmalıdır?

“Rusiya Prezidenti Vladimir Putin Bişkekdə MDB rəhbərlərinin sammitindən sonra media önünə çıxıb sualları cavablandırdı. Putin Azərbaycan-Ermənistan münasibətləri, Moskvanın bundan irəli gələn regional konfiqurasiya qurmaq planlarına da toxundu”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Putin Gürcüstan, Moldova və Ukraynanı Rusiyanın vahid planındakı ayrı-ayrı elementlər kimi qeyd etdi, diplomatik formada öz hədələrini yenidən gündəmə gətirdi:

“Ermənistanla əlaqədar proqrama gəlincə, görünür ki, Kreml başçısı rəsmi İrəvanın da hədəf lövhəsindəki yerini göstərir – özü də Qarabağ mövzusu üzərindən.

Putin açıq danışmasa da, hiss etdirir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın MDB sammitinə gəlməməsi onda əməlli-başlı qıcıq yaradıb. Putin daxilindəki qəzəbi bu cür ifadə edir:

– Ermənistan MDB-dən heç yerə çıxmır;

– Ermənistanın Avropa İttifaqına meyil etməsi iqtisadi dividentlər baxımdan İrəvana sərf etmir (Gürcüstan, Moldova və Ukraynanı misal gətirərək qeyd edir);

– Qarabağdakı hadisələr Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasının nəticəsidir.

Putinin bəyanatları Rusiyanın postsovet məkanında, o cümlədən Cənubi Qafqazda öz maraqlarını qorumağa çalışması, region ölkələrinə iqtisadi, siyasi çağırışları kimi başa düşülməlidir.

Bununla belə, indi Putinin Cənubi Qafqazda sülh və barışıq üçün istədiyi bir şey var – bu, yalnız Rusiyanın strateji məntiqindəki arxitekturaya uyğun olmalıdır. Buna görədir ki, Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın gələcək danışıqlarının Rusiya vasitəçiliyi ilə baş tutmasını istəyir”.

Ekspertin sözlərinə görə, Rusiyaya görə, regionda baza mövqelərini qoruyub-saxlamaq üçün əsas vasitələrdən biri də Azərbaycan-Ermənistan münasibətlərinə təsir etməkdir:

“Kremlin məntiqində belə nöqtə var ki, Moskvanın Bakı-İrəvan gündəliyinə təsiri mümkün qədər Qərb qüvvələrini oyundankənar vəziyyətdə saxlaya bilər.

Ancaq Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin yaratdığı regional reallıqlardan sonra Rusiyanın təsir imkanları nisbi minimallığa məruz qalır.

Putinin əlindəki əsas kart Qarabağa müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentdir.

Putin sülhməramlı qoşunları ümumilikdə Rusiyanın nümunəvi sülh gündəliyinin tərkib hissəsi kimi təqdim etməyə çalışır. Ancaq fakt budur ki, sülhməramlıların Qarabağda qalmasını şərtləndirəcək hallar yox dərəcəsinə doğru gedir.

Putin bunu başa düşür, amma vaxt qazanmağa çalışır. Putinə görə, məqbul variant Rusiya sülhməramlılarının Qarabağdakı xidmətinin onun qalmaq müddəti ilə (2025-ci il noyabr) uyğunluğunu təmin etməkdir – formal olaraq. Rusiya prezidentinin mətbuat konfransında 10 Noyabr Bəyanatında sülhməramlıların qalma müddəti ilə bağlı müddəaya istinad etməsi eyni məntiqin şüarıdır.

Azərbaycan isə fərqli düşünə bilər, Rusiya ilə danışıqlarda qeyd etmək üçün əsas tapır ki, sülhməramlıların qalmasını müəyyən edəcək hallar yoxdur. Putinin İlham Əliyevlə görüşdən sonraya təsadüf edən məlum bəyanatı liderlər arasındakı sülhməramlılarla əlaqədar müzakirələrin mahiyyətini açmağa imkan verir.

Ümumi planda proqnoz:

– Putin Azərbaycan və Ermənistan liderlərinin Kremlmərkəzli danışıqlarını təşkil etmək üçün diplomatik trafikləri gücləndirəcək;

– Azərbaycan Qarabağda müharibənin tozunu tamamilə aradan qaldıran antiterror tədbirlərinin nəticələrini əsas tutacaq, hər hansı bir strateji güzəştə getməyəcək;

– Ermənistan mümkün Rusiya masasında daha çox güzəştlərə məcbur qalacaq;

– Rusiya regionda varlığını davam etdirməkdən ötrü Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və Zəngəzur dəhlizi ilə əlaqədar yeni gündəlik formalaşdırmağa cəhd edəcək;

– Paşinyan Putinin təşəbbüsü ilə təşkil edilə biləcək görüşə getməmək üçün bəhanələr axtaracaq, amma Moskva İrəvan üzərindəki gündəliyini baş nazirin qarşısına fakt kimi qoyacaq”.

Turan Rzayev
Globalinfo.az