Putinin Ermənistana kritik gedişi – Rusiya liderinin İrəvan səfərindən sonra bölgəni hansı sürprizlər gözləyir? – TƏHLİL

Noyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin iclasında iştirak üçün İrəvana gələcək. Rusiya liderinin Ermənistana səfəri maraqlı proseslər fonunda gerçəkləşir ki, bunlardan da ən önəmlisi Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının aktivləşməsidir. Digər tərəfdən isə Putin Ermənistana həm də İrəvanla son bir ayda özünün pik həddinə çatmış gərginlik fonunda gəlir. Bu isə səfərə diqqəti həddən çox artırır.

Əslində İrəvanda da Putinin səfərinə böyük ümidlər bəslənilir. Ermənistana görə, baş tutacaq səfər bundan sonrakı dönəmdə təkcə iki ölkə arasındakı münasibətlərin gələcək məcrasını yox, həm də Bakı ilə aparılan danışıqların taleyini müəyyən etməyə kömək edəcək. Üstəlik, Paşinyan administrasiyası KTMT sammitindən ölkə lehinə bəyanatın çıxacağına böyük ümidlər bəsləyir. Həm Nikol, həm də onun yaxın çevrəsinin səfər öncəsi Moskvaya göndərdiyi mesajlar bu baxımdan təsadüfi sayılmamalıdır. Yəni İrəvan dolayısı yolla səfər ərəfəsində Putin üzərində təzyiq formalaşdırmağa cəhd edir. Bütün ümidlərinə baxmayaraq, Paşinyan administrasiyasında da alyansdakı qüvvələr balansını yaxşı dərk edirlər, hansı ki indiki dönəmdə heç də onun lehinə deyil.

Moskvada da bunu yaxşı başa düşürlər. Buna ən bariz nümunə isə təxminən iki həftə əvvəl Ermənistanın istəyi əsasında keçirilən KTMT-nin növbədənkənar sammiti ola bilər. Məhz bu görüş alyansdakı fikir ayrılıqlarını tam formada nümayiş etdirə bilmişdi. İrəvana gələn Putinin özünün də müttəfiqləri ilə problemləri yetəri qədərdir. Kreml rəhbərinin indiki zamanda alyans daxilində özünə ən yaxın saya biləcəyi şəxs Belarus Prezidenti Aleksandr Lukaşenkodur ki, o da Bakı ilə münasibətlərini heç bir halda korlamaqda maraqlı görünmür. Üstəlik, məhz Lukaşenko Ukrayna savaşı fonunda Moskvanın təxribatlarından xilas olmaq, eləcə də ölkəsini qorumaq üçün müxtəlif manevrlər etmək məcburiyyətində qalır. Alyansın digər üzvləri Qazaxıstan və Qırğızıstana gəldikdə isə onların da Moskva ilə münasibətləri hər keçən gün bir qədər də pisləşir. Hər iki dövlət Orta dəhliz və Türk Dövlətləri Təşkilatının inkişafına yatırım edirlər ki, bu da onların Bakıya qarşı Putinin yanında yer alma planlarını əngəlləyir.

Təkcə bu dövlətlər yox, Putinin özü də ümumilikdə KTMT-də Bakı əleyhinə hansısa sənədin qəbulunda maraqlı görünmür. Əgər yaxın perspektivdə bu, Moskvaya müəyyən benefitlər qazandıracaqsa, orta müddətli perspektivdə onun bütün planlarını alt-üst edəcək. Kreml həmçinin Azərbaycana artıq tranzit ölkə kimi baxır və bu baxımdan onu qətiyyən itirmək istəmir. Üstəlik, Moskva Avrasiyada yollar üzərində böyük rəqabətin getdiyini, ona görə də Zəngəzur dəhlizinə nəzarət etməklə gələcək nizamda özünə müəyyən yer etməyə çalışır. Məhz bu səbəblərdən İrəvanda ciddi sənədin qəbul ediləcəyi o qədər də inandırıcı deyil. Əksinə, Rusiya sənədin qəbul olunmasına görə öz təsir agentləri ilə İrəvanı günahlandıra bilər ki, bu da Paşinyanın dayaqlarının sarsıdılmasında mühüm rıçaq kimi istifadə ediləcək. Təsadüfi deyil ki, Putinin gəlişi öncəsində həmin hücrələr aktiv fəaliyyətə keçərək, Rusiyanı xilaskar kimi təqdim etməyə çalışırlar. Bu da Moskva üçün mühüm əhəmiyyət daşıyır. Ona görə də İrəvana gələn KTMT liderləri alyansın dağılmasını əngəlləmək üçün Azərbaycana istinad etmədən sadəcə Ermənistanın ərazi bütövlüyünə dəstəklə bağlı bəyanat qəbul edə bilərlər ki, bu da rəsmi Bakı üçün sərfəlidir.

Qərbdən son həmlə: İrəvanın 2 ayı qalır

Maraqlı məqam isə Putinin səfəri öncəsində Qərbdə baş verənlərin diqqətlə izlənilməsidir. Ukrayna müharibəsi fonunda Rusiyanı blokadaya alan kollektiv Qərb üçün Cənubi Qafqazın əhəmiyyəti bir qədər də artır. Qafqaz təkcə Avropanın enerji təhlükəsizliyində önəmli parçaya çevrilmir, həm də Rusiyadan kənar alternativ yol halına gəlir ki, buranı da nə Brüssel, nə də Vaşinqton Moskvaya güzəştə getməyi planlaşdırmır. Ona görə də Putinin aktivliyi fonunda Qərb də aktivliyini gücləndirərək, təşəbbüsün əlindən çıxmamasına çalışır. Digər tərəfdən məhz İrəvan sammiti ərəfəsində Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilir. Düzdür, rəsmi Paris müharibədən sonrakı Azərbaycana qarşı qərəzini həddən artıq artırsa da Makron heç də məntiqsiz siyasətçi adlandırılmağa layiq deyil. Bəli, Avrasiyada yaranan mövcud geosiyasi reallığa uyğun olaraq Fransanın zamanla Rusiya ilə maraqları üst-üstə düşməyə başlayır. Bir çox hallarda Paris bu faktoru Moskvadan güzəşt almaq və ya sövdələşmə etmək üçün istifadə etsə də hər iki ölkənin bu maraq kəsişməsini real tərəfdaşlığa çevirməsi üçün zəmin formalaşmır. Buna görə də indiki halda özəlliklə daxili siyasətdəki bütün məcburiyyətlərə baxmayaraq, Makronun Azərbaycanla Ermənistan arasındakı prosesi Moskvaya güzəştə gedəcəyi də inandırıcı görünmür. Əksinə, Tunisdəki görüş zamanı Fransa liderinin Paşinyana hansısa formada xəbərdarlıq etməsini təxmin etmək olar.

Unutmaq olmaz ki, Makron həm də Praqadakı dördtərəfli görüşün iştirkaçısıdır. Bu sammitin nəticəsinə əsasən, Ermənistan sərhədinə 2 ay müddətinə avropalı müşahidəçilər gətirilib ki, bu da İrəvanın xilasından çox, onun Praqadakı qapalı görüşdə verdiyi vədlərin nəticəsidir. Yəni Avropa Birliyi Ermənistanı iki ay müddətinə sülh müqaviləsinə imza atmaq və Qarabağdan imtina etmək şərti ilə müdafiəsinə götürüb. Bu da o deməkdir ki, Paşinyan bu aralıqda heç bir şey etməzsə, faktiki Azərbaycanın ərazi bütövlüyünü tanımamış olacaq və Bakıya savaş üçün əsas verəcək. Buna isə Praqada Paşinyandan vəd alan Avropa Birliyinin kəskin reaksiya verəcəyi inandırıcı deyil. Məhz bu amillərin Makron tərəfindən Paşinyana xatırladıldığını güman etmək mümkündür.

Üstəlik erməni liderin kritik görüşləri fonunda İrəvana ABŞ dövlət katib Entoni Blinken də zəng edir və Paşinyandan danışıqların dinamikasını artırmağı istəyir. Blinkenin öz tvitində belə ton istifadə etməsi, həm də telefon danışığının sərt keçməsindən xəbər verir. Bundan sonra Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon əlaqəsi qurur ki, bu da həm də Vaşinqtonun İrəvandan nə istədiyini göstərir. Görünür ABŞ tərəfi Azərbaycanla Ermənistan nümayəndələrinin növbəti görüşünü həm də Tiflisdə keçirməyi planlaşdırır. Ağ Ev belə həmlə ilə təşəbbüsün Rusiyanın əlinə keçməsinə mane olmağa çalışır. Üstəlik, Blinken indiki dönəmdə etdiyi zənglə Paşinyana Putinin təklifini qəbul edəcəyi halda onu nələrin gözlədiyini xatırlada bilər.

Nikol ümidini Bakıya bağlayır

Ermənistan baş naziri isə hələlik ikili oynamağa davam edir. Doğrudur, Soçi görüşündən sonra Paşinyan Rusiyaya qarşı açıq bəyanatlarının kəsərini azaltsa da Azərbaycanı qıcıqlandıracaq çıxışlarının sayını artırıb. Reallıq nəzərə alınarsa, əslində Azərbaycanla Ermənistan arasında gedən prosesin əsas oyun qurucusu məhz Bakıdır. Elə buna görədir ki, Azərbaycan proses boyunca atılacaq bütün addımların hamısını dəqiqliklə hesablayıb və burada Bakının qurduğu oyunu pozmaq imkanları sıfıra bərabərdir. Hətta Paşinyanın Azərbaycan əleyhinə səsləndirdiyi ifadələr belə orta müddətli perspektivdə Azərbaycanın zərərindən çox xeyrinə işləyir. Əgər Nikolun bəyanatlarına nəzər yetirsək, o, bütün çıxışlarında Bakını güclü düşmən obrazı ilə təbliğ edir ki, bu da Ermənistan ictimaiyyətində qorxunu bir qədər də artırır. Nəticədə müharibə həvəskarlarının sayı hər keçən gün bir qədər də azalır ki, o da Paşinyanın müqavilə imzalamaq şanslarını artırır. Bu isə Paşinyanın məhz bilərəkdən belə metod seçdiyini deməyə əsas verir.

Üstəlik Moskvaya qarşı müqavimət göstərən Paşinyan Rusiyanın ona əsas təhdidi məhz Qarabağdan hazırladığını da anlayır. Moskvanın planına əsasən, Ermənistan elitası yenilənməlidir ki, bu işdə də əsas rollardan birini onun Xankəndinə təyin etdiyi Ruben Vardanyan oynamalıdır. İrəvanda yaxşı dərk edirlər ki, Qarabağ Rusiya üçün müvəqqəti rıçaqdır və ən çətin vəziyyətdə Moskva onu mütləq şəkildə güzəştə gedəcək. Bu isə Qarabağdakı prosesin İrəvana transformasiya olunmasıdır. Yəni Xankəndidən İrəvana gələcək Vardanyan artıq qəhrəman kimi Ermənistana ayaq basacaq və ona ilk göstərilən hədəf Nikol olacaq. Buna isə Paşinyan mane olmağa çalışır və bu işdə yeganə xilas yolunun məhz Bakıdan keçdiyini görür. Əslində Bakıda da bunun fərqindədirlər və prosesi maksimum şəkildə özlərinin maraqlarına uyğun formada gerçəkləşdirməyə çalışırlar. Azərbaycan prezidentinin Putinin səfərindən öncə Vardanyanla bağlı verdiyi bəyanat da bunun sübutu sayıla bilər. Azərbaycan rəhbərliyi belə həmlə etməklə təkcə Rusiyanı çətin vəziyyətə salmır, eləcə də onun İrəvanla bağlı planının Azərbaycandan asılı olması mesajını verir ki, bunu da bəyanatdan dərhal sonra Putinin Əliyevə zəng etməsi, Kremldə siqnalın hədəfə çatdığını göstərir.

Ən maraqlı məqam isə Putinin gəlişi ərəfəsində Paşinyanın idarəçiliyin daha da sərtləşdirməsidir. Özünü ən çətin dönəmə hazırlayan Paşinyan Moskvanın gündəliyində onun devrilmə planının olduğunu bilir. Ona görə də Nikol bu təhdidi yaradacaq vasitələri və rıçaqları sıradan çıxarmağa çalışır. Təsadüfi deyil ki, son bir həftədə Paşinyanın əleyhdarı iki generalın – Stepan Qalstyan və Levon Mnatsakanyanın ard-arda müəmmalı şəkildə gündəmə gəlməsidir. Paşinyanın əleyhdarı sayılan Qalstyan səhhətinin qəfil pisləşməsi ilə xəstəxanaya çatdırılsa da Mnatsakanyan separatçıların keçmiş komandanı Mikayıl Arzumanyanla bağlı ifadədən az sonra qəzaya düşməsidir. Bunu isə Paşinyanın özünə təhdid yaradacaq şəxslərdən Putinin gəlişi ərəfəsində xilas olmağa çalışması kimi təxmin etmək olar.

Hər bir halda Putinin İrəvana səfəri bölgə üçün kritik anı yaxınlaşdırır. Bundan Rusiyanın nə dərəcədə istifadə edə biləcəyini isə zaman göstərəcək.

İlkin Həsənov
Xüsusi olaraq Globalinfo.az üçün