Özalın cəhdi, Dəmirəlin səhvi, Ərdoğanın jesti… – “Qızıl 70”-in görünməyənləri…

Qarabağın işğaldan azad edilməsi təkcə 30 illik münaqişəyə son qoymadı, həm də Azərbaycan-Türkiyə münasibətlərini üst səviyyəyə daşıdı. Dünyanın böyük qisminin Azərbaycana qarşı olduğu məqamda Ankara Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində ölkəmizin yanında oldu və bu siyasi dəstək bir çox sferalarda qələbəmizdə rol oynadı. Xüsusən R.T.Ərdoğan istər BMT, istərsə də digər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ehtimal təzyiqlərin qarşısının alınmasına dəstək verdi.

Bu gün – fevralın 26-da R.T.Ərdoğanın 70 yaşı tamam olur. Qarabağ məsələsinə xüsusi diqqət ayıran Ərdoğan hər il 26 fevralda Xocalı soyqırımı ilə bağlı paylaşım edib Azərbaycanın yanında olduğunu deyir və bu faciənin unutdurulmaması istiqamətində çağırışlar edir.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, 44 günlük müharibə Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələ idi:

“Bu tarixi mərhələdə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən yüksək səviyyələrdə qətiyyətli bəyanatlarına şahidlik etdik. Azərbaycanı mənəvi, siyasi baxımdan dəstəklədiyini gördük. Bu, Türkiyə-Azərbaycan münasibətlərində çox əhəmiyyətli mərhələ yaratdı. Hətta bunu iki ölkənin münasibətləri tarixində yeni era kimi səciyyələndirə bilərik.

Hikmət Babaoğlu

Bu gün Türkiyə-Azərbaycan münasibətləri öz zirvəsinə çatıb. Bütün bunlar Rəcəb Tayyib Ərdoğanın dövründə oldu. Münasibətlərimizin hazırda dünyada tayı-bərabərinin olmaması iki ölkə liderinin fəaliyyəti nəticəsində mümkün olub”.

AĞ Partiya başqanı Tural Abbaslının fikrincə, Ərdoğanın fəaliyyəti dövründəki Türkiyə digər liderlərin rəhbərliyi dönəmindəki Türkiyədən Azərbaycana münasibətdə fərqlənir:

“Birinci Qarabağ müharibəsi dövründə Türkiyə Prezidenti Turqut Özal Azərbaycana dəstək olmağa çalışdı, lakin Süleyman Dəmirəlin hakimiyyəti dönəmində bu dəstək minimuma endi. Həmin vaxtlarda Türkiyənin indiki kimi Azərbaycanı dəstəkləməməsinin səbəbləri var: hərbi, siyasi, iqtisadi baxımdan çox zəif idi. Hazırda dünyada öz mövqeyi olan, müstəqil siyasət yürüdən, müttəfiqlərinin maraqlarını qoruyan, hərbi, texnoloji cəhətdən inkişaf edən ölkədir. Bunun səbəbkarı isə Ərdoğandır.

Tural Abbaslı

Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyədə olmasında və “Şuşa bəyannaməsinin” imzalanmasında Ərdoğanın şəxsi nüfuzu da rol oynadı. Başqa partiya nümayəndəsi hakimiyyətdə olsaydı, bəlkə də Azərbaycanla münasibətlər bu kontekstə gəlib çatmazdı. Məsələn, Azərbaycanın nümayəndə heyətinin AŞPA-da fəaliyyətinin təmin olunmaması məsələsində CHP rəsmi Bakını dəstəkləmədi, AKP deputatları isə dəstəklədi. Bu kimi nüanslarda Ərdoğanın vacibliyini qeyd etmək lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az