Türkiyədə 770, bizdə isə 345 manatdır – Tural Abbaslı

Sosial şəbəkələrdə pensiya və maaşların artımı ilə bağlı gedən müzakirələrdə diqqət çəkən məqamlardan biri də bəzi şəxslərin davamlı narazı olmasıdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ partiyanın sədri Tural Abbaslı deyib ki, ərzaq və qeyri-ərzaq məhsullarında müşahidə olunan qiymət artımı maaş və pensiyalardakı artımdan çox olduğu üçün insanlar narazılıq edirlər:

“Ümumiyyətlə, dünyanın hər yerində maaş və pensiyaların artımı ilə bağlı müzakirələr gedir. Fərq etmir bu, inkişaf etmiş ölkədir, ya yox, amma bunların fərqli minimumları var. Məsələn, bu yaxınlarda qardaş ölkə Türkiyədə minimum əməkhaqqı artırılaraq 8500 lirə (təxminən 770 manat), bizdə isə minimum əməkhaqqı artırılaraq 345 manat oldu.

Bizdə minimum əməkhaqqı və pensiya artırılanda bu artımın simvolik olması, qiymət artımı ilə uyğun gəlməməsi, insanların həyat və yaşayışını yaxşılaşdırmadığı haqda rəylər olur. Bu da həqiqətə uyğundur. Baxsaq görərik ki, bir çox supermarketlərdə, ərzaq və qeyri-ərzaq məhsullarında qiymətlər 35-50 faiz arası artıb, lakin maaş və pensiyaların artımı ən yaxşı halda 15-20 faiz civarındadır”.

Siyasətçinin sözlərinə görə, cəmiyyət daha yaxşı yaşamağa layiq olduğunu düşünür və hesab edir ki, bunun üçün də dövlətin kifayət qədər resursları, sərvəti və imkanları var:

“Narazılıqlar məhz buna görə olur. Bu imkanlar qarşısında onlara ödənilən vəsaitin adekvat olmadığını düşünürlər. Mən də bunlarla razıyam. Mövcud bazar şərtlərini, inflyasiyanı, qiymət artımını nəzərə alan real maaş, pensiya artımları lazımdır”.

İqtisadçı Natiq Cəfərli də bildirib ki, maaş və təqaüd artımları ilə bağlı gözləntilər yüksəkdir:

“İnsanlar ən azı 50-70 faiz, hətta 100 faiz artım gözləyirlər. Lakin bu gözlənti özünü doğrultmayanda narazılıq yaranır. Artımlarla bağlı gedən neqativ müzakirələr də bu gözləntidən qaynaqlanır”.

Zaira Akifqızı
Globalinfo.az