ABŞ-ın Tennessi ştatında ölüm hökmünə məhkum edilmiş Krista Paykın edamı iki ölümcül iynə vurulduqdan sonra uğursuz alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.
Məhbus xəstəxanaya aparılıb. Paykın hüquq komandası edamın dayandırılması üçün təcili vəsatət qaldırıb. Vəkillər bildiriblər ki, “Payk huşunu itirib, ürəyi hələ də döyünür və eşidiləcək şəkildə xoruldayır”.
Vəkillərindən biri BBC-yə bildirib ki, 50 yaşlı Paykə iki şpris pentobarbital vurulduqdan sonra xəstəxanada onun həyatını xilas etmək üçün tibbi müdaxilə həyata keçirilir.
Payk 1996-cı ildə 19 yaşlı Kollin Slemmerin qətlinə görə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.
***
ABŞ Federal Apellyasiya Məhkəməsi Tennessi ştatında ölüm hökmünə məhkum edilmiş Krista Paykın edamını müvəqqəti olaraq dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qərar onun ölümcül iynə ilə edam edilməsinə iki saatdan az vaxt qalmış qəbul olunub.
Məlumata görə, ABŞ-ın 6-cı Dairə Apellyasiya Məhkəməsi Paykın uşaqlıq dövründə məruz qaldığı cinsi istismarla bağlı sübutların nəzərə alınmadığı barədə arqumentə baxılarkən edamın qısa müddətə dayandırılmasına dair qərarı qüvvədə saxlayıb.
***12:21
ABŞ-ın Tennessi ştatında ölüm cəzasına məhkum edilmiş Krista Paykın edamının bu gün həyata keçirilməsi planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, 50 yaşlı Payk 1995-ci ildə 18 yaşında olarkən 19 yaşlı Kollin Slemmerin qətlinə görə ölüm cəzasına məhkum edilib. O, həmin vaxt sevgilisi Tadaril Şiplə birlikdə Slemmerin ölümündə təqsirli bilinib.
Payk Tennessi ştatında hazırda ölüm cəzası gözləyən yeganə qadındır. Edam baş tutarsa, o, ştatda 200 ildən çox müddətdə edam edilən ilk qadın olacaq. Eyni zamanda, müasir dövrdə Tennessi ştatında törətdiyi cinayət zamanı 18 yaşında olan şəxs kimi edam edilən ilk insan olacaq.
Paykın vəkilləri onun əfv olunması üçün müraciət edib. Müdafiə tərəfi onun uşaqlıq dövründə ağır travmalar və zorakılıq yaşadığını, həmçinin psixi sağlamlığı ilə bağlı problemlərinin olduğunu bildirərək ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəzlənməsini istəyib. Lakin Tennessi qubernatoru Bill Li sentyabrın 28-də əfv müraciətini rədd edib.
ABŞ Ali Məhkəməsinə təqdim olunan sənəddə onun edamının yerli vaxtla 30 sentyabr saat 10:00-a təyin edildiyi göstərilir.
Paykın edamının baş tutması halında hadisə Tennessi ştatında qadınlara qarşı ölüm hökmünün tətbiqi baxımından tarixi hadisə olacaq.
Qeyd edək ki, Krista Payk cinayəti törədərkən 18 yaşında olub. İstintaq materiallarına görə, o, həmin vaxt 17 yaşlı sevgilisi ilə birlikdə 19 yaşlı Kollin Slemmerin qətlində təqsirli bilinib. Hadisənin xüsusilə amansızlıqla törədilməsi, cinayət iştirakçılarının gənc yaşda olması və qurbanın bədənində simvolun cızılması geniş ictimai rezonans doğurub.
Fotoda: ilgəncə ilə öldürülən Kollin Slemmer
Fotoda: Krista Payk 1996-cı ildə məhkum edildikdən sonra ağlayır:
Fotoda: Krista Paykın sevgilisi Tadaril Şip
Əliyar Xəlil
Globalinfo.az