Nərimanov müzakirələri: Tohidiçiliyin solması və “baha” dır-dırilik

Nədən içində olduğumuz zaman və məkanın üfüqünün xaricindəki işlərlə məşğul olaq?

Sevimli müəllifim, əsərlərini dönə-dönə oxuduğum Arnold Toynbinin (1889-1975) bu sualı ilə tez-tez üzləşirəm. Azərbaycan tarixi ilə bağlı istənilən müzakirədə bu sual mütləq səslənir. “Meyxana sənətdirmi” sorusu ətrafında illərdir telekanallarda diskussiyalar izləyən, intellektual səviyyəsi Balaəlinin bahalı maşınının özünə məxsus olması, yaxud icarəyə götrməsi kimi düşük mövzulardan o tərəfə keçməyən və ciddi bir elmi müzakirəyə rast gələndə başını tutanlar verirlər bu sualı. Ancaq təkcə onlar yox! Ali savadları, akademik titulları, sosial statusu olanların əksəriyyəti də elmi diskussiyalar açan və aparan adamları qaralamağa, təhqir, linç, şantaj etməyə, ictimai meydandan qovmağa hər an hazırdırlar və adətən bütün bunları bir neçə şablon arqumentlə həyata keçirirlər. Bu arqumentlərdən ən məşhurlarından üçüncüsü “tarixi şəxsiyyətlərimizi üz-üzə qoyursan” ittihamıdır. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin önəmli qurucularından olan Məmməd Əmin Rəsulzadə ilə Əlimərdan bəy Topçubaşov arasında mühacirətdə uzun illər ərzində konflikt və qarşıdurma olub. Azərbaycan mühacir hərəkatının liderliyi uğrunda gedən və birbaşa əski müsavatçı- hümmətçilərin sayəsində heç də həmişə deviant üsullarla getməyən bu mübarizə o dövrlə maraqlanan hər kəsə məlum olsa da, Cəmil Həsənli sayaq tarixçilikdən daha çox siyasi manipulyasiya ilə məşğul olanlar həmin ittihamla gerçəklərin cəmiyyətə təqdim edilməsinin önündə sədd qurublar. Digər bir populyar bəhanə tarixi şəxsiyyətlərin qədrini bilməmək, onlara qara yaxmaq, hətta tarixdən silməyə çalışmaqdır. Heç bir şəxsiyyəti keçmişdən silmək mümkün deyil. Buna cəhd edənləri yel dəyirmanına qarşı savaşan Don Kixotla müqayisə etmək lazımdır. Bir adama 50 il, 100 il, 1000 il sonra qara yaxmaq da mümkün deyil. Çünki tarix faktlara əsasən öyrənilir, faktlar isə mənbələrdə əks olunur. Tarixçinin peşəkarlığı ilk növbədə mənbənin nüfuzunu müəyyənləşdirərkən üzə çıxır. Nəinki uzaq əsrlərlə bağlı, hətta ən yaxın dövrlərdən bəhs edən qaynaqlarda belə saysız-hesabsız nöqsana, təhrifə, qeyri-səhih məlumata rast gəlmək mümkündür. Xüsusən də bu qaynaqlar, misal çəkirəm, Babəklə bağlı olduğu kimi şəxsiyyətin düşmənləri tərəfindən tərtib olunubsa. Nəhayət və ən başlıcası, bir tərəfdən intellektual müzakirələrdə iştirak etməyə səviyyəsi çatmayanlar, bir tərəfdən də müzakirələrin getməsindən öz fərdi və ideoloji-siyasi maraqları baxımından əndişə duyanlar əksər hallarda Toynbidən xəbərsiz olsalar da, məşhur ingilis tarixçisinin qoyduğu sualla düşünən beyinləri qəlibə salmaq, danışan ağızları yummaq, yazan qələmləri qırmaq istəyirlər.

Fəqət Toynbi qoyduğu suala cavab arayarkən bəşəriyyətə “Tarixi şüur” adlı möhtəşəm əsər bəxş etmişdi. Elə həmin əsərində müəllif yazırdı: “Bir yuqoslav, yaxud çexoslav şüuru vardırmı, yoxdurmu, hələ də müzakirə mövzusudur. Bundan üç yüz il yarım kimi yaxın zamanda belə bir şüur yox idi, şübhəsiz. Qərbin tarixini bu cür yeni cücərən ulusları meydana gətirən cəmiyyətlər açısından yazmağa cəhd etsək, eyni qruplar olaraq çexlər, slovaklar, xorvatlar, serblər dəlisov bir şəkildə böyüyər, eyni zamanda kiçilər. Çünki bunların var olma prosesi uzundur, ancaq əhali və torpaq baxımından məhduddur. Qərbin tarixi bu çapdakı uluslar baxımından qavranıla bilməz. Slovakları və ya xorvatları mərkəzə qoyub Qərb tarixi yazmağı bir yana qoyaq, slovakları mərkəzdə tutub slovak tarixi, xorvatları mərkəzdə tutub Xorvatiya tarixi yazmaq belə mümkün deyil. … Bu torpaqlarda yaşayan xalqlara baş rol verilərək Qərb toplumlarının geniş səhnəsində sahib olduqları öz dar guşələri çərçivəsində Slovakiya, yaxud Xırvatıstanın anlaşılan bir tarixini yazmaq imkansızdır”.

Toynbinin istifadə etdiyi zamana uyğun desək, üç yüz il yarım əqdəm bizim azərbaycanlı şüurumuz varıydımı? Çəkinmədən demək lazımdır: yox idi! Fəqət üç yüz il yarım öncə biz- indi özünü azərbaycanlı kimi identifikasiya edən toplum Şərqin böyük səhnəsində guşənişin bir vəziyyətdə idimi? Əsla! Gələcəkdəki millətləşmə mərhələsində “azərbaycanlı” kimi təşəkkül edəcək boylar tarix səhnəsinə Səfəvilər kimi nəhəng bir imperiya çıxarmış- tənəzzül dövrünü yaşasa belə-, hötəkilər imperiyanın son paytaxtı İsfəhanı ələ keçirəndən sonra əfşar elindən daha sonra özünü Muğanda “şah” elan edəcək Nadirin başçılığı ilə dövlətçilik ənənəsini qorumuşdu. Məhz Nadir şahın dövründə yaradılan Azərbaycan bəylərbəyliyinin bir parçası olan və Arazdan şimalda yerləşən, cənub-şərqi Zaqafqaziyanı əhatə edən torpaqlarda Azərbaycan Xalq Cümhuriyyəti meydana çıxmışdı. Bizim slovaklardan, xorvatlardan, çexlərdən və serblərdən ən böyük fərqimiz odur ki, bu cümhiriyyəti yaradan xalqı mərkəzdə tutub Şərqin tarixini yazmaq mümkündür. Sadəcə, bunun üçün tarixə baxış paradiqmalarını dəyişmək lazımdır.

İndi – dünəndən bu günə axan zamandır, zamanı tarixə çevirən bilincdir. Tarix şüuruna malik olan fərdlər və toplumlar zamanının axışından doğru istifadə etməyi bacarır, xarici təhlükələr qarşısında sistemli və ardıcıl reflekslər nümayiş etdirərək özünü qoruya və müqəddaratını əldə saxlaya bilirlər. O da məlum məsələdir ki, köynəyin ilk düyməsi yanlış düymələnəndə, digərləri də səhv ilgəhlənir. Elə bu səbəbdən də imperiyalar çalışırlar ki, bir zamanlar müstəmləkəsi olmuş ölkələrdə tarixi şüur doğru paradiqmalar əsasında formalaşmasın, kütlə ideoloji baxımdan məhz o şəxsiyyətlərə tapınsın ki, onların tarixi rollarının süni şəkildə şişirdilməsi və idealizə edilməsi ilə köləlik dövründə formalaşmış natamamlıq kompleksini yaşatmaq mümkün olsun. Bu uzaq mənzili ideoloji və siyasi texnologiyanı istənilən cəmiyyətdə işlək vəziyyətdə saxlamağın sınaqdan çıxmış üsullarından biri pafosu loqosun önünə qoymaq, pozitiv elmin prinsip və metodlarını bir kənara atıb tendensiyalar istehsal etməkdirsə, digəri tarixə nəticələr üzərindən yanaşmanı əngəlləməkdir. Mənim başqa bir sevimli müəllifim- ixtisasca fəlsəfə tarixçisi olduğumdan azadlığa baxışlarını xüsusi araşdırdığım Fridrix von Hayek çox dəqiq təsbit edir ki, “indi”yə qətiyyən tarix kimi yanaşmaq olmaz, çünki tarixin yaranması üçün ən zəruri şərt cari zamanda gedən proseslərin sonuc verməsi, nəticələrinin meydana çıxmasıdır.

Bu gün biz 20-ci əsrin əvvəllərində baş vermiş olayları, proseslərin mərkəzi və yan fiqurlarını ona görə təftiş və təhlil edə bilirik ki, nəticələr ortaya çıxıb və həmin zaman dilimi “tarix” anlamı alıb. Ancaq görünən budur ki, öz tarixi həqiqətləri ilə heç cür üzləşmək istəməyən, əvəzində manipulyasiya edilməkdən, aldadılmaqdan, qandırılmaqdan həzz alan kütlə və onun zavallı bahadırları, öz aləmində özünü baha sayan dır-dırları üfüqdə görünən təhlükələri fərq edənlərin heç də kahin olmadığını, tərəqqimizin şimal və cənub cinahlarındakı gücləri və tam qarşısındakı “Ermənistan” adlı əngəli dəf etmək üçün sadəcə milli görünümlü deyil, MİLLİ VƏ ELMİ dünyagörüşə ehtiyacımız olduğunu nəhayət anlamalıdırlar. Bəli, başımıza gələn fəlakətlərdə, dünya durduqca lənətlənməyə layiq olsalar belə, bütün məsuliyyəti Şaumyanın, Mikoyanın, Çaparidzenin, Orcanikidzenin, Leninin, Stalinin belinə şəlləyərək, yəni ancaq başqalarını ittiham etməklə və özümüzdə heç bir xəta görməməklə bu cür ictimai fikir müəssisəsi formalaşdıra, ölkəmizə və tarixi şəxsiyyətlərimizə “Romanın haqqı Romaya, Sezarın haqqı Sezara” prinsipi ilə yanaşıb bu gündən sabaha axan zamanda SİYASİ MİSSİYA formalaşdıra bilməyəcəyik.

Bu cür missiya yetməzliyinin ən bariz isbatı Nəriman Nərimanovla bağlı sosial şəbəkələrdə və internet media resurslarında gedən son müzakirələrdir. Şəxsən mənə qətiyyən təəccüblü deyil, ancaq bu müzakirələrdə Nəriman Nərimanovun pərəstişkarı kimi çıxış edən, Azərbaycanın ilk bolşevik canişinini tarixin mühakiməsindən yayındırmağa və son dərəcə əsaslı, təkzibedilməz faktlar qarşısında ona “səhvləri vardı, amma…” ilə başlayan cümlələr qurmaqla bəraət qazandırmağa çalışanların önəmli bir kəsimi özünü “Məmməd Əmin Rəsulzadə yolunun yolçusu”, “müsavatçı” kimi qavrayan və təqdim edən kəslər, xüsusən də cümhuriyyət dövrünün tendensiyalı araşdırmaçılardır. Professor Nəsib Nəsibli istisna olmaqla, hələlik heç bir müsavatyönümlü tarixçi məsələ ilə bağlı öz doktrinalarına uyğun baxış sərgiləməyə, dəyərli alimlərimizdən olan Boran Əziz kimi konkret danışmağa cürət etmirlər. O gün obrazlı şəkildə yazmışdım, yenidən təkrarlamaqda fayda var, zaman tunelində “Nərimanov” stansiyasına qədər “müsavatçı” kimi gələnlər, daha sonra yollarına neo-bolşevik kimi davam edirlər. Əlbəttə, akademik kulislərdən, nəşrlərdən və toplulardan xəbəri olmayanlar Firdovsiyyə Əhmədovanın timsalında mənim də böyük hörmətlə yanaşdığım bir tədqiqatçımızın Nəriman Nərimanovun oğlu Nəcəfə yazdığı yarımçıq məktubu davam etdirirmişcəsinə sentimental-lirik “müdafiə bəyanatı” yazmasından təəccüblənə bilərlər. Amma “Nəriman Nərimanov: ideal və gerçəklik” kitabının müəllifi kimi, o, Azərbaycan İnqilab Komitəsinin sədrini müdafiə edənlər arasında, əslində, ən səmimisidir. Budur, oxunaqlı Moderator.az saytının “tanınmış tədqiqatçımız” statusunda təqdim etdiyi, lakin digər çalışmaları ilə tanış olmadığımdan haqqında heç bir müsbət və ya mənfi fikrim olmayan, “Qərbi Kaspi” Universitetinin səhifəsində psixoloji portretoloq kimi maraqlı bir sahənin uzmanı olaraq göstərilən Adıgözəl Məmmədov “Nəriman Nərimanov faciəsi və geosiyasi reallıqlar” adlı məqaləsində yazır:

“N.Nərimanovun çoxşaxəli fəaliyyətinə yanaşıldıqda çoxlu sualların ortaya çıxır. Bu suallardan birincisi odur ki, niyə Nərimanov Azərbaycanın, eləcə də başqa türk ölkələrinin Sovet imperiyasının tərkibinə daxil olmasının tərəfdarı kimi çıxış etdi və bununla yanaşı, millətçilik yönündə də fəaliyyət göstərdi? Bütün bu amillər bizi daha dərindən düşünməyə, ilk olaraq o dönəmin ictimai-siyasi durumunu dərindən araşdırmağa və bəlli sonuca varmağa çağırır”.

Bu məqaləyə ona görə diqqət ayırırıq ki, Nərimanovu “üzdə bolşevik, altda millətçi” kimi təqdim etmək bir zamanlar onun əleyhinə, son dövrlərdə isə lehinə aparılan cəfəng təbliğatdan başqa bir şey deyil. Doktor özü millətçi olmadığını, millətçiliyi özünə qarşı iftira saydığını “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı Stalinə göndərdiyi məxfi məktubda altını cızaraq vurğulayırdı:

“Mən Hüseynovun (Mirzə Davud Hüseynov nəzərdə tutulur-T.Ş) və onun məsləkdaşı Qarayevin (Əliheydər Qarayev nəzərdə tutulur- T.Ş) çıxışlarına o qədər də əhəmiyyət vermirdim, lakin bilirdim ki, Hüseynov Müsavat Partiyasının keçmiş katibi kimi, Qarayev menşevik kimi 18-ci ildə bizə qarşı çıxışlar edirdilər. Mən Qarayevi yetkinləşməmiş bir oğlan uşağı kimi, lakin Hüseynovu aşkar, qatı millətçi kimi tanıyırdım. Hələ dünənə qədər o, Hüseynov məni ona görə söyürdü ki, mən bir kommunust kimi 18-ci ildə azərbaycanlı kütlələrə Rusiya fəhlələrinə birləşməyi təklif edərkən millətin mənafeyini satmışam. İndi isə 20-ci ildə o, mənə qarşı çıxış edərək hər yerdə məni “millətçi” kimi qələmə vermək istəyir. Hüseynov yoldaş Çiçerinə yazır: “Nərimanov sağ qanadda durur, mən isə sol, belə şəraitdə işləmək mümkün deyil”. Mənim üçün bir şey aydın idi: Hüseynov da, Qarayev də öz keçmişlərindən qorxurdular və hazırda heç bir qüvvəyə malik olmadıqlarından solluq oyunu oynamalı idilər”.

Göründüyü kimi, Nərimanov “millətçi” kimi qələmə verilməsini “solluq oyunu” adlandırır. Ancaq Nərimanovu Azərbaycanda banisi olduğu tarixi faciə janrının qəhrəmanına çevirmək və dramın anti-istiqlal məzmununu geosiyasi reallıqlarla pərdələmək təzə söhbət deyil. İllər öncə oxşar tezislərlə Solmaz Tohidi çıxış edib:

“1925-ci ildə vəfat edən Nərimanovun ölümündən bir il sonra adı birdən-birə unudulub. Daha sonra “Lenin işinin davamçıları” ona “millətçi damğası” vuraraq adını tarixdən silmək siyasəti aparıblar”.

Solmaz Tohidinin rəyi, yumşaq desək, doğru deyil.

Əvvəla, Nərimanov, yuxarıda göstərildiyi kimi, hələ sağlığında bolşeviklər arasındakı intiraqalardan, iqtidar çəkişmələrindən qaynaqlanan bir şəkildə millətçilikdə suçlanır və o da öz əleydarlarını “millətçilik”də ittiham edirdi.

İkincisi, 1926, 1927, 1929, 1930, 1935-cu illərdə, yəni ölümündən sonra 10 il boyunca Nərimanovun əsərləri kütləvi tirajla çap olunub. Eyni dövrün kommunist mətbuatında bir sıra məqalələri də oxuculara yenidən təqdim olunub. Fəqət problem Tohidinin xronoloji deyil, qnoseoloji xətasındadır. Məgər 1935-55 illərdə kommunistlər öz sələflərinin əsərlərini yandırır, məqalələri nəşr olunan qəzetləri məhv edir, yaxud arxiv sənədlərini dəyişdirirdilər?

Həmin illərdə, necə deyərlər, “yuxarıda” Stalin, “aşağıda” da Mircəfər Bağırov idi və sovetşünasların “şəxsiyyətə pərəstiş dövrü” adlandırdıqları bir mərhələdə “Şərqin Lenini” kimi təbliğ olunmuş Nərimanovun propoqanda məqsədi ilə göz önündə tutulması heç birinin marağına uyğun deyildi.

Solmaz Tohididən təqdim etdiyimiz sitat 28 yanvar 2004-cü ildə Məmməd Əmin Rəsulzadənin 120 illiyinə həsr olunmuş və “Xəzər” Universitetində keçirilmiş elmi konfrasın materiallarındandır. Həmin materiallar görkəmli ziyalımız Hamlet İsaxanlının redaktorluğu ilə “Məmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar” adlı məcmuədə çap olunub. Tohidinin məcmuədə yer alan məqaləsi belə adlanır:

“Azərbaycanın istiqlalının iki yolu və iki mübarizi: Nəriman Nərimanov və Məmməd Əmin Rəsulzadə”.

Diqqət edin, məqalənin başlığından belə məlum olur ki, Azərbaycanın iki istiqlal yolu varmış və bu yollardan birincisinin öndəri Nəriman Nərimanov imiş. Mənim Xalq Cümhuriyyətinə yaranmasına yanmaşmam konseptual baxımdan müsavatyönümlü tarixçilərdən kəskin şəkildə fərqlənir. Elə Məmməd Əmin Rəsulzadənin özünə istinad edərək düşünürəm ki, ilk respublikamızın təşəkkül tapması tək bir siyasi xadimə və ya partiyaya bağlı deyil, çeşidli mərhələlərdən keçən millətləşmə prosesinin məntiqi yekunu və ictimai fikir müəssisəmizin bəhrəsidir. Etnopolitik hərəkatın ağırlığını Əlimərdan bəy Topçubaşov daşıyıb, dövlət qurulculuğunun yükü Fətəli xan Xoyskinin, daha sonra Nəsib bəy Yusifbəylinin üzərinə düşüb. Odur ki, icazənizlə, xanım Tohidiyə bir sual ünvanlayım: Azərbaycan toplumunun dövlət millətinə çevrilməsinin təzahürü olan Xalq Cümhuriyyətinin qurulmasında Nəriman Nərimanovun rolu nədən ibarətdir? Bu, əlbəttə, ritorik sualdır. Çünki Nərimanov nəinki Azərbaycan Cümhuriyyətinin qurulmasında rol oynayıb, hətta bu cümhuriyyətin qurucularını- “Əqdnamə”ni qəbul edərək müstəqil dövlət olduğumuzu dünyaya car çəkən Milli Şurada təmsil olunan bütün partiyasız və partiyalı siyasi xadimləri karlıqda, korluqda, meşşanlıqda ittiham edib, rus proletariatının qarşısında təqsirkar olduqlarını bildirib, hakimiyyəti təhvil verməyə və Azərbaycanın müqəddəratını sovet Rusiyasına bağlamağa çağırıb.

“Sovet Rusiyasının Ermənistan və Gürcüstan ilə əlaqələri xüsusi rol oynamır, amma Bakı Sovet Rusiyasının həyatıdır. Siz qabaqcıl müsəlmanlar isə daim bu ciddi məsələ ilə oynayaraq rus fəhlələrinə və kəndlilərinə son dərəcə nankorluq etdiniz, halbuki, sizin tərəfinizdən heç bir qurban verilmədən onlar sizə əsrlər boyu davam etmiş çar zülmündən azad olmaq imkanı yaratmışdılar”- Baş nazir Nəsib bəy Yusifbəyliyə bu məktubu Nərimanov 16 iyul 1919-cu ildə yazmışdı.

Əlbəttə, müqayisə tarix elminin də əsas metodlarından biridir və tarixi şəxsiyyətlər arasında paralellər aparmaq, oxşar və fərqli cəhətləri üzə çıxarmaq professional məqsədlərə xidmət edərsə, effektiv üsuldur. S. Tohidinin sözügedən məqaləsində isə bu üsul ona görə səmərə vermir ki, o, obyektiv reallığı abstraktlaşdırır və məhz bu abstraksiyanın nəticəsi olaraq Məmməd Əmin Rəsulzadəni Nərimanovdan “daha xoşbəxt” siyasi xadim sayır. Mənaya etirazımız olmasa da, professional tarixçi, zənnimizcə, “xoşbəxtlik”, yaxud “bədbəxtlik” kimi abstrakt anlayışlar üzərindən hadisələrə və hadisələrin mərkəzində olmuş fiqurlara yanaşa bilməz.

Təkcə bu məqaləsində deyil, digər yerlərdə də açıq müşahidə olunur ki, Solmaz xanım “araşdırma” hesab etdiyi mətnlərdə konkretlikdən uzaqlaşmağa, abstrakta yuvarlanmağa və ideallaşdırmağa o qədər meyillənir ki, yenidən konkretliyə qayıda bilmir. Odur ki, müəllif heç cür göstərə və izah edə bilmir ki, Rəsulzadə öz xalqına, deyək ki, yuxarıda sözünü etdiyimiz məktubun yazıldığı ildə Azərbaycan Cümhuriyyətini müdafiə etməyi təklif etdiyi halda- parlamentdəki çoxsaylı müzakirələri xatırlayaq- Nərimanovun uğrunda mübarizə apardığı gələcəyin nəzəri modeli nədən ibarət imiş. Analitik və müqayisəli metodlara nabələd olması səbəbindən bu modeli doğru təsəvvür və təsvir edə bilmədiyindən- V.İ.Lenin çar Rusiyasının müstəmləkə xalqlarına dekretlə öz müqəddəratını təyin etmə haqqı vermişdi, ancaq bu haqqı bircə formada- sosialist inqilabı edib, yenidən Rusiyaya birləşmələri şəklində tanıyırdı- məqalə müəllifi Rəsulzadə və Nərimanov şəxsiyyətləri arasındakı ziddiyiyyətləri yumşaltmağa, “mübarizə yolları ayrılan andan Nərimanov və Rəsulzadə arasında dərin siyasi rəqabət başlamış, onlar bir-birini Azərbaycan xalqının mənafeyinə xəyanətdə ittiham etmişdilər” deyərək, yaxud “aralarındakı siyasi mükalimənin bütün kəskinliyinə baxmayaraq, nə Nərimanov, nə də Rəsulzadə bir-birinin şəxsiyyətinə toxunacaq heç bir təhqiramiz ifadələrə yol verməmişlər” yazaraq məsələni bəsitləşdirməyə çalışır. Cüzi tənqidlərimizə görə dözümsüzlük nümayiş etdirib sosial şəbəkələrdə təhqiramiz ifadələrdən istifadə edən, Vasif Qafarovun timsalında ölkənin ən yaxşı tarixçilərindən biri ilə elmi mübahisəsini məhkəmədə çürütmək istəyən Tohidi, görünür, bu iki şəxsiyyətin ziyalılıq potensialını öz arşını ilə ölçür.

Bununla belə, həm Rəsulzadə və Nərimanov, həm də onların təmsil etdiyi taban arasındakı münasibətlər “rəqabət”, “mükalimə”, “qütb” kimi daxili siyasi maraqlar toqquşmasını ehtiva edən sözlərlə təsvir edilə bilməz. Rəsulzadə ilə “İttihad” lideri Qara bəy Qarayevi rəqabətdə saymaq olar, müxtəlif siyasi cinahlarda dayanırdılar. Hərfi mənada başa düşməsək, mükalimə Baş nazir Fətəli xan Xoyski ilə hökumətin fəaliyətini parlamentdə tənqid edənlər arasında gedə bilərdi. Çünki bu ideoloji və siyasi mərkəzlər Azərbaycanın istiqlalı məsələsində ən azı 1920-ci ilin aprelinədək həmfikir idilər. Nərimanov isə şəksiz, şübhəsiz, mübahisəsiz anti-istiqlalçı idi. O, Azərbaycanı bir coğrafi məkan olaraq müstəqil görə bilmirdi. Xalq Cümhuriyyətinin ərazisinin de-fakto işğal olunub, de-yure müstəqil olması Nərimanovun nə özünün müstəqil olması, nə də onun ölkənin formal mustəqilliyini öz mənsəbi naminə qorumaq istəyi istiqlal tərəfdarı olmasına gəlmirdi. Solmaz Tohidinin iddia etdiyinin tam əksinə, Nərimanovun “beynəlmiləlçilik və sinfi mübarizə ideyaları” xalqımızı azadlığa çıxarmağa yox, yenidən Rusiyanın boyunduruğuna salmağa xidmət edən ideoloji vasitə idi. Bunu başa düşmək üçün Nərimanovun Həştərxanda yazdığı “Biz Qafqaza hansı şüarla gedirik” kitabçasını oxumaq kifayətdir: “Zənn etdilər ki, Rusiya artıq dağılır və hər millət öz müqəddəratını öz əlinə alır. Odur ki, onlar Osmanlı türklərinə güvənərək özlərinə bir şey qurmaq istədilər”.

Mən öz siyasi dünyagörüşümə görə, sağçı, xalqçı və mərkəzçiyəm. 20-ci əsrin başlarındakı siyasi xadimlərdən Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoyski mənim dünyagörüşümə daha uyğundur, sola meylini kənara qoysaq, “Azərbaycan formulu”nun müəllifi kimi Nəsib bəy Yusifbəyli ilə də idrak bağım var. Məmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Nağı bəy Şeyxzamanlı… hər biri bu gün varisi olduğumuz respublikanın ayaqda qalması üçün ehtirama layiq fədakarlıqlar ediblər. Cümhuriyyətin təşəkkülündən sonra üç böyük uğurumuz- Bakının azad olunması, Qarabağ məsələsini həll olunması və dövlət müstəqilliyinin tanınmasıdır. Fəqət Qafqazda süni erməni dövlətinin meydana çıxması və İrəvanın güzəştə gedilməsi cümhuriyyət qurucularının çox böyük bədəllərə rəvac vermiş strateji xətasıdır. Bu xətanı əsla dəstəkləmir və bəraətə uyğun saymıram. Eləcə də Nəriman Nərimanovun Zəngəzuru “böyük qardaş”larından aldığı təlimatla “sovet Ermənistanına inqilab hədiyyəsi” olaraq peşkəş etməsi, Naxçıvanı Ermənistanın “ayrılmaz hissəsi” adlandırması və Nəsib bəy Yusifbəyli bir müddət öncə Xankəndidə hərbi parad keçirdiyi halda, Qarabağa İrandan köçürülmüş ermənilərin “müqəddərat haqqı”nı tanıması mənim düşüncə sistemimdə müsbət yeri olmayan hadisədir. Nərimanovla bağlı müzakirələrdə məni ən çox narahat edən məqam da elə onunla bağlıdır ki, cəmiyyətimizə “tarixi şərait” bəhanəsi ilə erməniyə təslimçilik, rusa nostalgiya və özümüzə inamsızlıq aşılanır.

Cümhuriyyət parlamentinin sədri Ə.b.Topşubaşov Paris Sülh Konfransına məşəqqətli gedişi, dünya siyasətinin ən ağır topları ilə danışıqları müfəssəl məlumdur. Gəlin, düşünək: alman, rus və türk imperiyaları dağılsa belə, 20-ci əsrin başlarından bəri geosiyasət bizim açımızdan çoxmu dəyişib? “Qərb” dediyimiz ABŞ və Avropa dövlətlərinin, İranın və Rusiyanın, Qafqazdakı iki qonşumuzun xislətində kardinal dəyişikliklər baş veribmi?

Qətiyyən!

Son 100 ildə geosiyasi reallıqda üç nəzərə çarpan dəyişiklik var:

1) Osmanlının küllərindən doğan Türkiyə bir cümhuriyyət olaraq regionda əsas hərbi gücə çevrilib;

2) Yaxın Şərqdə İsrail dövləti yaranıb və bizim ən yaxşı müttəfiqimizdir;

3) Azərbaycan yenidən müstəqil dövlət olaraq özünü siyasi coğrafiyada təsdiq edib və SSRİ-nin dağılması ərəfəsində itirdiyi torpaqları işğaldan qurtarıb.

Çox hörmətli həmkarım Azər Ayxan bu günlərdə qısa, amma yetərincə sərrast bir status yazmışdı:

“Məsələyə Zəngəzuru Ermənistana verən bolşevik rəhbərlə, Zəngəzuru Azərbaycana qaytarmaqda olan, ölkəsini bütün növ işğaldan qurtarmağa çalışan milli liderin düşüncə, əməl və missiya fərqləri kontekstindən baxın. O zaman hər şey aydın olacaq, daşlar yerinə oturacaq…”

Bəli, əsas sual budur: biz Zəngəzura, Göyçəyə, İrəvana əbədi tərk edilmiş yol kimi baxırıq, yoxsa min illərdir “Qüdsdə görüşərik” deyən İsrail xalqı sayaq tarix bilincimizi yaşadaraq ata yurda dönmək istəyirik?

Mənim tarix şüurumda Qərbi Zəngəzur da, Göyçə də, İrəvan da, Güney Azərbaycan da Ana Vətənin bir parçasıdır. Əminəm ki, çoxunuzda da məhz belədir. Əgər özünüzü bu düşüncənin daşıyıcısı sayırsınızsa, o zaman dövlət müstəqilliyinin və ərazi bütövlüyünün xilafına çıxmış heç bir siyasi xadimin təəssübkeşliyini etməyəcəksəniz.

Taleh ŞAHSUVARLI