Rəsulzadənin nəvəsi Nərimanov haqda danışdı

Nəriman Nərimanovun tarixdəki rolu, Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) münasibəti ilə bağlı kəskin müzakirələr davam edir. Bəziləri onu AXC-nin süqutu, Zəngəzurun itirilməsində günahlandırır, bəziləri isə sovet reallığında Azərbaycan üçün çox şey etdiyini, ölkənin daha da parçalanmasının qarşısını aldığını bildirirlər.

Globalinfo.az Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı Rais Rəsulzadədən açıqlama alıb.

R.Rəsulzadə deyib ki, bu mövzuda mübahisələrə tarix özü cavab verib, faktları təqdim edib:

“1920-ci ildə XI Qızıl Ordu Azərbaycanı işğal edəndə Nəriman Nərimanovun hansı düşərgədə dayandığına baxmaq kifayətdir. O, işğalçı qüvvələrin tərəfində idi. Sovet dövründə Nərimanovun adına muzey yaradıldı, bir sıra işlər həyata keçirildi. Amma Məhəmməd Əmin Rəsulzadə heç yada düşmürdü. Ona görə də bu məsələdə sualların cavabı tam aydındır. 1920-ci ilin aprelində Bakı proletariatı və Azərbaycanda sovet hökumətinin qurulması ilə bağlı bəzi nüanslar sadəcə bəhanələrdir. Əslində, bu, tam olaraq işğal idi. Bu, tarixi sənədlərdə, araşdırmalarda öz əksini tapır. Hətta mərhum tarixçi alim Ziya Bünyadov da bu barədə faktları qeyd etmişdi. Azərbaycan xalqı üçün kimin necə işlər görməsi isə ayrı məsələdir. Amma konkret olaraq Nərimanov AXC-nin işğalı mövzusunda işğalçıların tərəfində qərarlaşmışdı”.

R.Rəsulzadə vurğulayıb ki, AXC-nin Azərbaycan tarixindəki misilsiz rolu danılmazdır:

“İlk dəfə Cümhuriyyətin elanı bütün milli tariximizdə böyük hadisə idi. Hazırda qlobal dünyada tanınan Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin davamçısıdır”.

Ayşən Mustafa
Globalinfo.az