Müharibə başlayandan Qərbin Ukraynaya verdiyi silahlar – Maraqlı siyahı

“Müharibə başlayandan indiyə kimi kollektiv Qərb Ukraynaya bir çox silahlar vəd etsə də, çox azını verib”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, biz hər nə qədər “kollektiv Qərb” adlandırsaq da, əslində, bir çox məsələdə bu ölkələr fikir ayrılığı yaşayırlar:

Qabil Hüseynli

“Rusiya-Ukrayna müharibəsi başlamadan öncə Qərb ölkələri Ukraynaya dəstək vermək məsələsində ilk fikir ayrılığı yaşadı. Rusiya ilə geniş əlaqələrə malik olan Fransa, Almaniya müharibəyə müdaxilə edilməsini dəstəkləmirdi. Britaniya, Polşa kimi ölkələr Ukraynanın müdafiə edilməsini tələb edirdi. Bu fikir ayrılığı bu gün də davam etməkdədir. Bunun ən bariz nümunəsi Ukraynaya edilən yardımlar ilə bağlıdır.

Müharibənin əvvəlindən Ukraynaya bir çox NATO silahları verilib. Misal üçün, “SMAW-D” qumbaraatanlar, tank əleyhinə “Javelin” kompleksi buna ən gözəl misal ola bilər. Hansı ki, bu silahlar tanklar üçün ölümcül hesab edilir.

Bundan başqa tank əleyhinə “NLAW” qumbaraatanları, “Stinger” zenit-raket komplekslərini (ZRK), NLAW tank əleyhinə idarəolunan raket, “M270” reaktiv yaylım atəş sistemi, “M142” Mobil Artilleriya Raket Sistemləri (HIMARS) və s. Ukraynaya verilən strateji silahlardan hesab edilir.

Təbii ki, Ukraynaya verilən silahlar təkcə qeyd etdiklərim deyil. Siyahını uzatmaq olar. Son olaraq Ukraynaya F-16-ların verilməsi qərarlaşdırılıb. Bütün bu silahlar bahalı olmaqla birlikdə həm də kifayət qədər təhlükəli və NATO ölkələrinin strateji silahları hesab edilir. Yəni NATO üzvü olmayan ölkələrə satışı qadağandır. Bu baxımdan silahların əvvəldən bəri Ukraynaya verilməsi NATO ölkələri arasında fikir ayrılığına səbəb olub.

Ukrayna bu silahları aldıqca həm də Qərbdən asılı olur. Yəni Qərb sülh prosesi çərçivəsində şərtləri diktə edə biləcək. Bu, Ukraynanın maraqlarına uyğun olmasa da Kiyevin başqa seçimi yoxdur”.

Turan Rzayev
Globalinfo.az