“Krokus”da dəhşət anı: terrorçular Vüqarı belə öldürdülər – VİDEO

22 martda Moskvadakı “Krokus Siti Holl”a hücum zamanı qətlə yetirilən azərbaycanlı Vüqar Hüseynov və həyat yoldaşı Liliya Xaçikovna İsraelyanla bağlı bəzi detallar üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, Ermənistan mediası onların Moskvada yerləşən Vnukova hava limanında işlədiyini yazıb. Məlumata görə, V.Hüseynov hava limanında xidmət rəisi müavini, həyat yoldaşı L.İsraelyan isə dispetçer olub.

33 yaşlı Lilitin ailəsi “Reqnum” xəbər agentliyinə bildirib ki, onlar “Piknik” qrupunun konsertini uzun müddətdir gözləyirmişlər:

“Lilit və Vüqar qrupun konsertinə getməyi arzulayırdılar. Həmin gün heç kimin onları narahat etməməsi üçün ailəyə bir neçə saat oflayn olacaqlarını demişdilər.

Terror aktı ilə bağlı ilk xəbərlərdən sonra onların telefonuna zəng çatmayıb. Martın 23-də səhər saatlarında yaxınları Vüqarı ölənlərin siyahısında tapıblar, Lilit itkin düşmüş hesab edilib”.

“Mash” Teleqram kanalı yazır ki, atışma başlayanda Vüqar evakuasiya olunmağa çalışsa da, bir qrup terrorçuya rast gəlib. Bu zaman insanları xilas etmək üçün masalardan barrikadalar düzəltməyə başlayıb. Həmin an dəhşətli hücumun şahidlərindən biri tərəfindən videoya çəkilib – kadrlarda Vüqarın əynində yaşıl gödəkçə var.

Dostlarının dediyinə görə, o  qaçıb gizlənə bilərdi, lakin “Piknik”in konsertinə gələn digər insanları tərk etməyib. Bir müddət sonra “Vnukovo”nun işçisi güllələnib. İkinci mərtəbədən çəkilmiş fotoda (aşağıdakı fotoda yaşıl geyimdə – red.)onların konsert zalının birinci mərtəbəsinin döşəməsində cansız vəziyyətdə uzandıqları görünür.

Rusiya mediası yazıb ki, Vüqar işinin peşəkarı olub, eyni zamanda, qətliam zamanı da qaçıb qurtula bilərmiş. Ancaq həyat yoldaşını qorumaq istəyi onun ölümünə səbəb olub.

Qeyd edək ki, Vüqar və Liliyanın yaşyarımlıq övladı var.

V.Hüseynovun xanımı Liliya İsraelyan Ermənistan vətəndaşıdır.