
VI çağırış parlamentin vitse-spikeri Adil Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsindən sonra müzakirələr hələ də davam edir.
Növbəti belə bir müzakirə A.Əliyevin deputat olduğu dairədən növbəti seçkilərdə kimin namizədliyini verəcəyi və millət vəkili seçiləcəyi istiqamətindədir. Bu mövzuda gedən müzakirələr zamanı Müsavat Partiyasının başqanı İsa Qəmbərin adı hallanır ki, bu da təsadüfü deyil.
Globalinfo.az xatırladır ki, 2005-ci ilin parlament seçkilərində İsa Qəmbərlə Adil Əliyev 20 saylı Nərimanov 2-ci seçki dairəsində rəqib olublar. Bu, həmin vaxt idi ki, Azərbaycanda müxalifət özünün sonuncu “döyüşünə” girmişdi.
2005-ci ildə Müsavat Partiyası, AXCP və ADP-nin iştirakı ilə “Azadlıq” seçki bloku yaradılmışdı.
Blokun əsas namizədlərindən biri də İsa Qəmbər olmuşdu. O, Adil Əliyevin namizədliyini verdiyi dairədən qatılmışdı seçkiyə. Çox ağır şəraitdə və ciddi rəqabət mühitində keçən seçkilərdə Adil Əliyevin qalib gəldiyi elan olundu. Bu da Müsavat başqanı və onu müdafiə edən “Azadlıq” bloku tərəfindən ciddi şəkildə tənqidə məruz qaldı. Xeyli müddət İ.Qəmbərlə A.Əliyev arasında kimin qalib gəlib-gəlmədiyi istiqamətində mübahisələr getdi. Həmçinin onların tərəfdarları da mətbuatda (o illər sosial şəbəkələr yox idi) ciddi şəkildə qarşılıqlı ittihamlar irəli sürdülər. Son günlər isə qeyri-rəsmi məlumatlarda və sosial şəbəkələrdə vurğulanır ki, İsa Qəmbər həmin dairədən deputat olacaq. Bu nə dərəcədə realdır?
Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Müsavat Partiyası ilə əlaqə saxlayıb.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı İsa Qəmbərin seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı dəqiq məlumatın olmadığını bildirib:

Gülağa Aslanlı
“İsa Qəmbər hər hansı bir seçki dairəsindən namizədliyini irəli sürməsi haqqında fikir bildirməyib. Bu gün də (12 iyul-red.) Divanın növbədənkənar yığıncağı oldu. Orada üç nəfərin namizədliyi təsdiqlənib. Amma İsa bəy hər hansı dairədən namizədliyini irəli sürmək fikrində olmadığını bildirib. Bir sözlə, onun namizədliyini irəli sürməsi haqqında qərarı yoxdur”.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, İsa Qəmbərin seçkiyə qatılmamasının sensasion səbəbi var. Deyilənə görə, o, bu dəfə seçkiyə hakimiyyətlə razılaşıb getmək istəyir. Mənbə bildirir ki, Müsavat başqanı seçkiyə qatılacağı təqdirdə deputat olacağına qarantiya almasa, prosesdə iştirakdan imtina edə bilər.
Zaira Akifqızı
Globalinfo.az