Tramp v%C9%99 Pasinyanin TRIPP danisiqlari

ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün TRIPP layihəsinin icrasına başlanıldığını elan ediblər. Tramp layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Dövlət başçısı da ABŞ liderinin ünvanladığı xoş sözlərə görə təşəkkür edib.

Beləliklə, TRIPP layihəsinin icrası istiqamətində Rusiya və İran təhlükəsi tamamilə aradan qalxdı? Layihə nə zaman yekunlaşa və yol istifadəyə verilə bilər?

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, Azərbaycanın Ermənistan üzərində qazandığı qələbədən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində ciddi dəyişiklik yarada biləcək hadisə TRIPP layihəsinin 23 noyabr 2026-cı ildə praktiki icra mərhələsinə keçməsidir:

“ABŞ Prezidenti Donald Trampın, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin bu prosesdə nümayiş etdirdikləri siyasi iradə layihənin artıq diplomatik müzakirələrdən real iqtisadi və infrastruktur mərhələsinə keçdiyini göstərir. Əcəba, bu hadisə Rusiya və İranın layihəyə mane olmaq imkanlarının tamamilə aradan qalxmasıdırmı? Yenə də hələlik belə bir nəticəyə gəlməyin tez olduğunu düşünürəm. Düzdür, bütün bunlara baxmayaraq, Rusiyanın və İranın layihəyə qarşı siyasi təzyiq imkanları əvvəlki dövrlə müqayisədə xeyli məhdudlaşa bilər. Çünki TRIPP artıq yalnız Azərbaycan və Ermənistan arasında müzakirə olunan regional nəqliyyat təşəbbüsü deyil, ABŞ-ın birbaşa siyasi və iqtisadi maraqlarının daxil olduğu beynəlxalq layihədir. Xüsusilə “TRIPP Development Company” şirkətinin yaradılması və ABŞ-ın bu şirkətdə 74 faiz, Ermənistanın isə 26 faiz paya malik olması nəzərdə tutulan modeli Vaşinqtonun prosesdə uzunmüddətli iştirakını təmin edir. Ona görə deyə bilərik ki, layihənin təhlükəsizliyi baxımından mühüm siyasi təminatdır.

Rusiya məsələsinə gəldikdə isə, Moskvanın Cənubi Qafqazda ənənəvi təsir imkanlarının zəifləməsi bu layihənin reallaşması ilə daha da sürətlənə bilər. Rusiya uzun müddət regionun nəqliyyat-kommunikasiya xətlərinə təsir göstərmək imkanlarını öz geosiyasi rıçaqlarından biri kimi istifadə edib. ABŞ-ın prosesə daxil olması da bu təsir mexanizmlərini məhdudlaşdırır. Ancaq Rusiyanın iqtisadi, siyasi və təhlükəsizlik sahələrində regiona təsir imkanlarının tamamilə yox olduğunu düşünmək sadəlövhlük olar”.

Tamilla
Tamilla Qulami 

Politoloq bildirib ki, burada İran üçün də vəziyyət mürəkkəbdir:

“Belə ki, Tehran 44 günlük müharibədən sonra da, indi də Ermənistanla sərhədinin və regiondakı tranzit mövqeyinin zəifləməsini öz geosiyasi maraqları baxımından arzuolunmaz hesab edir. Xüsusilə də, Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının yaradılması İranın regional tranzit əhəmiyyətinə müəyyən təsirlər göstərə bilər. Bununla belə, layihənin Ermənistanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməsi İranın etirazlarını hüquqi baxımdan əsaslandırmasını çətinləşdirir. Deməli, İran təhlükəsi aradan qalxmayıb, sadəcə, layihəyə qarşı açıq müdaxilə imkanları daha riskli və mürəkkəb vəziyyətə düşüb.

Bəs yol nə zaman istifadəyə verilə bilər?

Hazırda layihənin tam istifadəyə veriləcəyi tarixlə bağlı təsdiqlənmiş konkret yekun qrafik açıqlanmasa da, noyabrın 23-də Ermənistanda, xüsusilə Sünik vilayətinin Mehri istiqamətində hazırlıq və tikintiöncəsi işlərə başlanılıb. Nəzərdə tutulan təxminən 42 kilometrlik bağlantı avtomobil və dəmir yolu infrastrukturu ilə yanaşı, enerji və digər kommunikasiya xətlərini də əhatə edir. “Anadolu Agentliyi”nin də verdiyi məlumata əsasən, növbəti mərhələdə texniki layihələndirmə, maliyyələşdirmə, tikinti və sərhəd-keçid prosedurları həll edilməlidir.

Hesab edirəm ki, bütün siyasi və texniki məsələlər razılaşdırılarsa, layihənin əsas nəqliyyat hissəsinin 2028–2030-cu illərdə istifadəyə verilməsi real hədəf ola bilər. Xüsusilə də, Trampın hakimiyyəti dönəmində işin çoxu həyata keçə bilər.

Əsas məsələ isə budur ki, TRIPP sadəcə Azərbaycanı Naxçıvanla birləşdirəcək yol deyil. Bu layihə Orta Dəhlizin güclənməsi, Xəzər dənizi üzərindən Avropaya çıxışın genişlənməsi və Cənubi Qafqazda yeni geoiqtisadi reallığın formalaşması deməkdir. ABŞ-ın layihədə iştirakı onun strateji əhəmiyyətini də artırır. Azərbaycan üçün isə bu, həm Naxçıvanla birbaşa quru bağlantısının təmin edilməsi, həm də regional tranzit imkanlarının genişləndirilməsi baxımından tarixi fürsətdir.

Amma bu gün Rusiya və İranın layihəni dayandırmaq imkanları zəifləsə də, təhlükələrin tamamilə aradan qalxdığını demək çətindir. Qarşımızda ciddi sınaq dövrü var. Əsl sınaq da tikintinin başlanması deyil, hər üç ölkə arasındakı siyasi razılaşmanın davamlı və işlək nəqliyyat sisteminə çevrilməsidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: