“Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin ölkəmizə rəsmi səfəri Bakı-Tbilisi münasibətlərinin hazırkı inkişaf mərhələsi və Cənubi Qafqazda dəyişən geosiyasi şərait baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri Globalinfo.az-a politoloq Yusif Bağırzadə deyib.
Politoloq bildirib ki, səfərin əsas məqsədi iki ölkə arasında strateji tərəfdaşlığın mövcud vəziyyətini qiymətləndirmək, il ərzində əldə olunmuş nəticələri nəzərdən keçirmək, gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək və regional məsələlər üzrə mövqeləri uzlaşdırmaqdır:
“Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvilinin açıqlamasına görə, danışıqlarda Orta Dəhlizin perspektivləri, nəqliyyat kommunikasiyalarının fəaliyyəti və beynəlxalq siyasətdəki aktual çağırışlar xüsusi yer tutur.
Səfərin diqqətçəkən tərəflərindən biri nəqliyyat və logistika əməkdaşlığına xüsusi önəm verilməsidir. Azərbaycan və Gürcüstan Orta Dəhlizin əsas tranzit iştirakçılarıdır. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan daxil olan yüklərin Gürcüstan üzərindən Türkiyəyə və Avropa bazarlarına çatdırılması hər iki ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artırır. Bu baxımdan Bakı limanının imkanlarının genişləndirilməsi və Gürcüstanda Anaklia dəniz limanının tikintisi xüsusi əhəmiyyət daşıyır. Səfirin də qeyd etdiyi kimi, Bakı və Gürcüstan limanlarının ötürücülük imkanlarının artırılması bir-birini tamamlayan proseslərdir. Beləliklə, tərəflər yalnız tranzit gəlirlərini artırmaq deyil, həm də Avrasiya nəqliyyat sistemində daha mühüm mövqe əldə etmək niyyətindədirlər.
Azərbaycan-Gürcüstan münasibətlərinin əsasını isə uzun illər ərzində formalaşmış qarşılıqlı etimad və strateji maraqlar təşkil edir. İki ölkə arasında enerji əməkdaşlığı bu tərəfdaşlığın ən mühüm istiqamətlərindəndir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstanın əvəzsiz tranzit rolunu nümayiş etdirir. Bakı-Tbilisi-Qars dəmir yolu isə iki ölkəni daha geniş regional nəqliyyat şəbəkəsinə birləşdirir. Bu layihələr göstərir ki, Azərbaycan və Gürcüstanın əməkdaşlığı ayrı-ayrı iqtisadi təşəbbüslərdən daha geniş, qarşılıqlı strateji asılılığa əsaslanan model üzərində qurulub”.

Yusif Bağırzadə
Politoloq qeyd edib ki, siyasi baxımdan da münasibətlərin əhəmiyyəti artır:
“Rusiya-Ukrayna müharibəsi, ABŞ və Avropa İttifaqının Cənubi Qafqaza marağının artması, Azırbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşması Bakı və Tbilisinin regional proseslər üzrə məsləhətləşmələrini aktuallaşdırır. Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərində mövcud çətinliklər də regionda xarici siyasət koordinasiyasını daha həssas məsələyə çevirir.
Beləliklə, Maka Boçorişvilinin səfəri Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, iqtisadi və nəqliyyat istiqamətlərində möhkəmləndirilməsinə xidmət edir. Hər iki ölkənin maraqları regional sabitliyin qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi və Orta Dəhlizin inkişafında üst-üstə düşür”.
Turan Rzayev
Globalinfo.az