iran 1112

Müasir müharibələrdə süni intellekt texnologiyalarından istifadə ətrafında müzakirələr genişlənib. Bu fonda türkiyəli bloger Duygu Arslanın çıxışı diqqət çəkib. İddialara görə, Qəzza və İranda bəzi insanların ölüm əmrini hansısa general deyil, süni intellekt verir. 

Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, müasir müharibələrdə süni intellektin rolu sürətlə artır:

“Lakin hazırda Qəzza və ya İranla bağlı proseslərin tam şəkildə süni intellektlə idarə olunduğunu demək doğru olmaz. Ordular artıq AI əsaslı analiz sistemlərindən istifadə edərək böyük həcmdə məlumatı, yəni görüntülər, telefon siqnalları, peyk məlumatları və sosial media aktivliyini daha sürətli emal edir, eyni zamanda potensial hədəfləri müəyyənləşdirir. Lakin son qərarın verilməsi, xüsusilə ölümcül zərbələr və əməliyyat əmrləri əksər hallarda yenə də insanlar, hərbi komandanlıq həyata keçirir”.

WhatsApp Image 2026 03 19 at 14.48.16

Eşqin Nuruşov

Ekspert bildirib ki, müharibələrdə əsasən kəşfiyyat, dron idarəetməsi, hədəf analizi, kibertəhlükəsizlik istiqamətində süni intellekt vasitələrindən istifadə olunur:

“Bu texnologiyalar əməliyyatların sürətini artırır, amma yanlış məlumat, səhv identifikasiya və mülki itkilər riskini də yüksəldir. Buna görə də AI-nin hərbi sahədə istifadəsi artıq dünyada həm etik, həm hüquqi, həm də təhlükəsizlik baxımından ciddi müzakirə mövzusuna çevrilib”.

Qeyd edək ki, sözügedən iddia dünya mediasında da səs-küyə səbəb olub. İddialara görə, İsrail ordusunun son illərdə süni intellekt vasitəsilə hədəfləmə sistemlərindən istifadə etsə də, bu, açıq şəkildə müzakirə olunmur.

Ləman İmran
Globalinfo.az

Paylaş: