İsrailin baş naziri Benyamin Netanyahu parlament seçkilərində rəqiblərini nəticələri saxtalaşdırmağa çalışmaqda ittiham edib. O, tərəfdarlarını təcili şəkildə seçki məntəqələrinə gedərək “Likud” partiyasına və onun müttəfiqlərinə səs verməyə çağırıb.
Globalinfo.az-ın xəbərinə görə, Netanyahu sosial şəbəkə hesabında yayımladığı müraciətlərdə ölkənin cənubunda “RAAM” ərəb partiyasının nümayəndələrinin üzərində pul olan zərflərlə saxlanıldığını bildirib.
Baş nazirin iddiasına görə, ərəb əhalisinin yaşadığı ərazilərdə seçici fəallığı xüsusilə yüksəkdir və ərəb partiyalarının nümayəndələri insanlara rüşvət verməyə çalışırlar.
“Bizim seçkilərimizi oğurlamağa çalışırlar”, – deyə Netanyahu qeyd edib.
O, ərəb bölgələrində seçici fəallığının yəhudilərin yaşadığı ərazilərlə müqayisədə daha yüksək olmasından narazılığını ifadə edib. Baş nazir tərəfdarlarını gündəlik işlərini təxirə salaraq qohumları, dostları və qonşuları ilə birlikdə seçki məntəqələrinə getməyə çağırıb.
“Burada söhbət yəhudi dövlətimizin müdafiəsindən gedir. Qarşımızda “Likud”un və bütün müttəfiqlərimizin rəhbərlik etdiyi güclü sağçı, yaxud ərəb partiyaları ilə birlikdə İsrail dövlətini sona çatdıracaq solçu hökumət seçimi dayanır”, – Netanyahu vurğulayıb.
İsrail mediasının məlumatına görə, “Likud” partiyası səsvermənin müddətinin uzadılması xahişi ilə Mərkəzi Seçki Komissiyasına müraciət edib. Hazırda seçki məntəqələrinin yerli vaxtla saat 22:00-da bağlanması planlaşdırılır.
Məlumata əsasən, Knessetə keçirilən seçkilərdə seçici fəallığı 1973-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Bununla yanaşı, İsrail mediası Netanyahunun tərəfdarlarının “Likud”un seçkilərdə tam məğlubiyyəti ehtimalına qarşı fəaliyyət strategiyası hazırladığını yazır.
Əliyar Xəlil