İranın dəhliz məsələsində əsl məqsədi bilindi: İrəvan oyundan belə çıxarıldı

İranın Azərbaycandakı səfiri Abbas Musəvi bir neçə gün öncə İran mətbuatına açıqlama verib. O, açıqlamasında qeyd edib ki, Zəngəzur dəhlizi layihəsinin baş tutması mümkün deyil və bunu hamı artıq anlayıb.

A.Musəvi bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşmanı əlverişli fürsət adlandırıb.

Doğurdan da Zəngəzur dəhlizi məsələsi bağlandımı? Tehran İrəvanın Zəngəzur dəhlizi kimi bir layihədə iştirakını niyə istəmədi? Bu məsələsinin bağlanması İran üçün niyə bu qədər vacibdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Həşim Səhrablı Zəngəzur dəhlizi məsələsində Tehranın maraqlarının fərqli olduğunu deyib:

“Abbas Musəvininin bu fikirləri İranın məsələyə necə yanaşdığını çox açıq şəkildə ifadə edir. Tehran regionda yaranan yeni fürsətlərin fərqindədir. Anlayır ki, onun bu fürsətlərdə iştirakı təmin edilməsə, vaxtında müdaxilə olmasa, vacib proseslərdən kənarda qala bilər. Bu da gələcəkdə, yəni keçid etməkdə olduğumuz yeni dünya nizamında xüsusilə Cənubi Qafqaza təsir gücünü itirməsi ilə nəticələnə bilər. Əgər Zəngəzur dəhlizi açılsaydı, bölgədəki əhəmiyyətli tranzit yolları və layihələr İran, ya da Rusiyanın diqtəsi olmadan Cənubi Qafqaz ölkələrinin sərhədləri daxilində həyata keçiriləcəkdi. Bu layihədə qonşu və digər dünya dövlətləri tərəfdaş rolunda çıxış etsələr də, əsas söz sahibi Azərbaycan və Ermənistan olacaqdı. Bu isə tam fərqli bir reallıq deməkdir”.

Rusiya Ermənistana istədiyi anda hərbi müdaxilə edə bilər - ŞƏRH
Həşim Səhrablı

Ekspert rəsmi Bakının Ermənistanı belə böyük layihədən kənarda saxlayaraq dəhlizin İrandan keçməsinin səbəbinə aydınlıq gətirib:

“Son 30 il müddətində reallıq başqa idi. Azərbaycan və Ermənistan heç cür ikili münasibətlər qurmurdu. Bakı və İrəvan öz əlaqələrini Rusiya, İran, ABŞ və digər dövlətlər vasitəsi ilə diqtə ilə həyata keçirirdilər. Orada həmişə vasitəçilər olurdu. Lakin bu üçüncü tərəflər də əsas öz maraqlarını ön planda saxlayırdılar. Rəsmi Tehran Zəngəzur dəhlizinin ümumiyyətlə açılmaması, bu olacaqsa da, sadəcə onun maraqları çərçivəsində həyata keçməsini istəyirdi. Lakin Ermənistanın qeyri-adekvat hərəkətləri nəticəsində vəziyyət dəyişdi. Daha sonra Azərbaycan tərəfi gecikməmək, dünya ticarətindən, əhəmiyyətli tranzit layihələrindən geri qalmamaq üçün alternativ variant kimi Türkiyə vasitəsilə İran üzərindən Avropaya çıxmağı planlaşdırır. Bu istiqamətdə də ciddi addımlar atıldığını görürük”.

H.Səhrablı Azərbaycanın dəhliz məsələsindəki mövqeyinin dəyişməyəcəyini deyib:

“Burada itirən Ermənistan oldu. İran və Rusiya kimi böyük güclərin iştirak etmədiyi Azərbaycan-Ermənistan münasibətləri kontekstində əlaqələrin yaradılması, yolların açılması hər iki ölkə üçün müsbət yeniliklər vəd edirdi. Tehran buna görə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini gecikdirdi, yolun İran ərazisindən keçməsini hədəflədi. Düşünürəm ki, Azərbaycan Gürcüstan və İranla tranzit yolların açılmasında müsbət addımlar atdığı kimi, Zəngəzur dəhlizinin fəaliyyət göstərməsindən də heç bir şəkildə imtina etməyəcək. Bu mövzu aktiv qalmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az