İranın Azərbaycan həbsxanalarında hazırladığı sensasion plan – Böyük təhlükə

İrana casusluqda şübhəli bilinən şəxslərin məhkəmədən sonra saxlanma yerləri də narahatlıq yaradır. Bəzi ekspertlərə görə, onlar həbsxanalardakı digər dustaqları öz təsirləri altına sala bilərlər. Necə ki, buna indiyə kimi rast gəlinib. Radikal dini təriqət üzvlərinin həbsxanada başqa dustaqları təsir altına salmaları barədə hər kəs məlumatlıdır.

İrana bağlı şəxslərin də həbsxanalarda cəza çəkərkən din pərdəsi altında başqa şəxsləri də yoluxduracaqları istisna edilmir. Azərbaycan həbsxanaları İŞİD və SEPAH üçün agentura, terrorçu yetişdirmə fabriki rolunu oynaya bilər. Bir vaxtlar yerli mətbuat yazırdı ki, İŞİD-ə qoşulduğu üçün Azərbaycanda həbs edilən şəxslər həbsxanalarda özlərinə xeyli tərəfdar toplaya bilir. Savadsız, ümidsiz insanları yoldan çıxarıb onları din adı ilə yanlış istiqamətə yönləndirmək çox asandır.

Təhlükənin qarşısını almaq və digər dustaqların beyninin yuyulmasının önünü kəsmək üçün bu kateqoriyadan olan məhbuslar üçün ayrıca cəzaçəkmə müəssisələri yaratmaq mümkündürmü?

Mövzunu Globalinfo.az-a şərh edən hüquqşünas Şamil Paşayev məhbusların ayrı saxlanılmasının fərqli kateqoriyalara əsaslandığını bildirib:

“Ümumiyyətlə, hər hansı şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsi, yaxud istintaq təcridxanası müəyyən edilməyib. Şəxslərin ayrı saxlanılması qanunvericilikdə müəyyən edilən bir sıra hallara uyğun həyata keçirilir. Məsələn, qadınlar kişilərdən, yetkinlik yaşına çatmayanlar müəyyən yaş həddində olanlardan, ilk dəfə cinayət törədən şəxslər əvvəllər cəza çəkmiş şəxslərdən ayrı saxlanılırlar. Həmçinin eyni cinayət üzrə təqsirləndirilən şəxslər həmin iş üzrə həbs edilən şəxslərdən ayrı saxlanılırlar. Konkret olaraq dövlətə xəyanət, yaxud casusluq maddəsi ilə ittiham olunan şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsinin yaradılması üçün qanunvericilikdə nəzərdə tutulmayıb”.

Hüquqşünas Şamil Paşayev

Hüquqşünas casusluqda ittiham edilən şəxslər üçün müəssisə daxilində müəyyən işlərin görülməsinin nəzərdə tutulduğunu qeyd edib:

“Ümumiyyətlə, qanunvericiliyin birmənalı göstərişinə əsasən, cəzaçəkmə müəssisələrində, eyni zamanda istintaq təcridxanalarında saxlanılan şəxslərlə bağlı bir sıra işlər aparıla bilər. Yəni həmin cəzaçəkmə müəssisəsinin və istintaq təcridxanasının müdiriyyətinə onlarla profilaktik söhbət aparmağı, onların vətəndaş kimi cəmiyyətə inteqrasiya etmələri üçün əlverişli şəraitin yaradılması, şəxsin islah olunması yönündə tərbiyəvi xarakterli işlərin görülməsi mümkündür. Bu kimi vasitələrdən istifadə lazımdır. Nəzərə almaq lazımdır ki, həbsin, yaxud da təcridxananın mahiyyəti şəxsləri cəmiyyətdən təcrid etmək, cəzaçəkmə müəssisəsinin mahiyyəti isə şəxslərin cəza çəkərkən islah olunması, gələcəkdə də başqalarına qarşı cinayət törətməsinin qarşısının alınmasıdır. Ona görə də cəzaçəkmə müəssisəsində məhbusların hər hansı formada təcrid edilməsi nümunəsi yoxdur. Amma cəzaçəkmə müəssisəsində şəxslərin digər məhbuslara casusluq, dövlətə xəyanət kimi fikirləri aşılaması kimi halları aşkarlanarsa, rəhbərlik məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verə, əməliyyat-axtarış işi həyata keçirə bilər. Həmin məhbusun əməllərində konkret cinayət işi olarsa, yenidən cinayət işinin başladılması kimi tədbirlər görülə bilər”.

Qeyd edək ki, Azərbaycanda İranın casus şəbəkələrinin aşkarlanması istiqamətində əməliyyatlar davam edir.

Ayşən Mustafa
Globalinfo.az