Gömrük sistemində tüğyan edən korrupsiya: rəhbərlik dəyişir, amma… – Deputatdan TƏKLİF

Dövlət Gömrük Komitəsində son illərdə baş verən ciddi kadr dəyişiklikləri korrupsiya kimi neqativ hallara qarşı mübarizədə effektiv nəticə verməyib. Komitədə rəhbərlik dəyişir, idarəetmə komandası yenilənir, amma bu qurumda korrupsiya, rüşvət azalmır.

Aydın Əliyevdən sonra komitəyə Səfər Mehdiyev sədr təyin olundu. O fəaliyyətə başlayanda dedi ki, rüşvət olmayacaq, korrupsiyanın kökünü kəsəcəm. Məlum oldu ki, onun dövründə də bu iki neqativ hal kifayət qədər yaşanıb. İndi də Dövlət Gömrük Komitəsinə yeni komanda gətirilib. Yeni komanda nə edəcək: rüşvətsiz, korrupsiyasız işləyəcək, yoxsa bu, mümkün olmayacaq?

Qeyd edək ki, Naxçıvan Gömrük Komitəsində ciddi qanun pozuntuları aşkar edilmişdi. DTX-nin bu qurumda apardığı əməliyyat zamanı ilk olaraq 132 milyon manatlıq korrupsiya faktı ortaya çıxmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nın Naxçıvan Baş İdarəsi yaradıldı.

Bəs gömrük sistemində rüşvətin kökünü kəsmək, hətta azaltmaq niyə mümkün olmur?

Hikmət Babaoğlu

Globalinfo.az mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlunun fikirlərini öyrənib.  Deputat bildirib ki, gömrük fəaliyyəti və onun təşkili hər bir dövlət üçün mühüm strateji əhəmiyyət kəsb edir. Çünki ölkənin idxal-ixrac prosesləri, iqtisadi fəaliyyəti məhz gömrük nəzarəti üzərindən həyata keçirilir:

“Buna görə də gömrük siyasəti ölkənin iqtisadi münasibətlərindən sosial münasibətlərinə, xarici siyasətindən daxili siyasətinə qədər bir çox məsələlərə çox mühüm təsir göstərir. Məsələn, gömrük rüsumlarının artması və ya azalması həm ölkə daxilində qiymətlərə təsir etməklə sosial sferaya da müəyyən təsir göstərə, onun üzərində təzyiq yarada bilir, vətəndaşların alıcılıq qabiliyyətinin keyfiyyətinə təsir göstərə bilir. Eyni zamanda, ölkədə istehsal olunan məhsulların xaricə çıxarılması zamanı rüsum qaydalarının hansı formada olması ölkənin ixrac etdiyi məhsulların da qiymətinə təsir göstərir. Nəticə etibarilə, büdcənin formalaşmasında mühüm institutlardan biri kimi çıxış edir. Azərbaycanda da bu istisna deyil”.

Millət vəkilinin sözlərinə görə, bu vaxtadək gömrük sahəsində aparılan islahatlar addım-addım bizə arzu etdiyimiz gömrük sistemini yaratmağa imkan verir:

“Hazırda Dövlət Gömrük Komitəsinin rəhbərliyində yeni dəyişikliklər baş verib. Amma əlbəttə ki, bu sahədə tam şəffaflığı təmin etmək üçün biz hələ çox işlər görməliyik və bu işlər təkcə kadr sahəsində deyil, qanunvericilik sahəsində də aparılmalıdır. Yəni gömrük rüsumlarına yenidən baxılması, tətbiq olunan rüsumların uzunmüddətli perspektivdə dövlət büdcəsinə və iqtisadiyyatımıza qazandırdığı məsələlər yenidən nəzərdən keçirilməlidir. Çünki yüksək gömrük rüsumu heç də bütün hallarda dövlət büdcəsi və onun sosial siyasəti üçün müsbət faktor kimi çıxış etmir.

Ona görə görünür, gömrük sahəsində aparılan islahatlar bundan sonra da davam etdiriləcək. Ancaq əlbəttə ki, ən əsas məsələlərdən biri bu sahədə fəaliyyət göstərən kadrların yenidən komplektləşdirilməsi və onların gözləntilərə cavab verməsidir. Gömrük şəffaf olmalıdır. Hesab edirəm ki, yeni rəhbərlik bunu nəzərə alır və nəzarət artacaq”.

H.Babaoğlu bildirib ki, korrupsiyaya qarşı mübarizə çox vacib faktordur:

“Korrupsiya hallarının baş verdiyi əsas sahələrdən biri də gömrük sahəsidir. Çünki burda qarşılıqlı maraqlar bir çox məsələlərdə korrupsiya və rüşvət üçün münbit şərtlər formalaşdırır. Əminəm ki, yeni rəhbərliyin diqqətində olan ən vacib məsələlərdən biri bu sahə olacaq və aparılan islahatlar öz nəticəsini verəcək.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə gəldikdə isə düşünürəm ki, bu mübarizə təkcə qanun və hüquq hadisəsi olmamalı, həm də ictimai mübarizənin predmeti olmaldır. Bütün hallarda korrupsiya ilə mübarizədə mütləq ictimai nəzarət tətbiq edilməlidir. Çünki təcrübə göstərir ki, cəmiyyət bütün resursları ilə, ictimai və vətəndaş cəmiyyəti institutları ilə korrupsiyaya qarşı mübarizəyə kökləndiyi zaman daha yaxşı nəticələr əldə etmək olur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev media nümayəndələrini və ictimai institutları  özünün ictimai nəzarət sahəsində köməkçiləri adlandırıb.

Müxtəlif yüksək ranqlı məmurlar müxtəlif biznes formalaşdıra bilirlər. Onlar bunu xüsusi sxem üzrə həyata keçirir. Heç bir məmur öz adına bu fəaliyyəti rəsmiləşdirmir və nəticədə ortaya çıxan reallıq da fərqli olur. Və məhz ictimai nəzarət funksiyası və medianın nəzarət funksiyası burda hərəkətə keçməlidir. Bu cür halların ifşa olunmasında Azərbaycanda həyata keçirilən dərin islahatlara kömək etməyi bacarmalıdır”.

Gülnar Səlimova

Globalinfo.az