Fransanın İrəvana silah verməsinə Bakıda ölümcül zərbə vurulacaq – Mühüm açıqlama

“Fransa xarici işlər naziri K.Kolonnanın Ermənistana son səfəri zamanı səfirlik nəzdində hərbi missiya yaratması, hazırda isə səfirliyin hərbi attaşesinin dəyişdirilməsi Fransanın Ermənistana ölümcül silahlar satmağa hazırlaşdığından xəbər verir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elşən Məcidov deyib.

Onun sözlərinə görə, bu addımın arxasında iki mühüm amil dayanır:

Birincisi, Fransa rəhbərliyinin ölkədə böyük nüfuza malik erməni diasporunun təzyiqi ilə qarşılaşması birinci mühüm amildir. Müsbət reytinqi 26 faiz civarında olan Makron, sayları 600 mindən çox olan, aktiv və kompakt siyasi qrup sayılan Fransa ermənilərini öz tərəfinə çəkmək üçün heç bir praktiki əhəmiyyəti olmayan bəyanatlardan əl çəkib, Ermənistan üçün real bir addım atmağa cəsarətlənib. Makron yaxşı başa düşür ki, Ermənistan üçün bəyanatdan savayı bir şey etməmək siyasi rəqiblərin seçki ərəfəsində Makronu passivlikdə günahlandırmaları ilə yekunlaşacaq.

İkinci faktor Fransanın Ermənistan sayəsində Cənubi Qafqazda möhkəmlənmək niyyəti ilə əlaqədardır. Hər yerdən (Mali, Əlcəzair, Ukrayna və s.) qovulan, diplomatik uğursuzluqlara düçar olan Fransaya beynəlxalq münasibətlərin periferiyasına sıxılmamaq üçün bir yerdə təcili diplomatik uğur əldə etməsi vacibdir. Makron iqtidarı belə hesab edir ki, Ermənistan bu baxımdan ideal bir variantdır. Sorğular göstərir ki, Ermənistan-Rusiya ziddiyyətləri İran və Fransanın ölkə daxilində mövqelərinin güclənməsinə gətirir. Fransa artıq İrandan sonra ermənilərin kömək gözlədikləri ikinci ölkədir. Rusiyanı Ermənistan cəmiyyətindən tədricən sıxışdıran Paris, Ermənistana silah satmaqla, indi də İranı sıxışdırmaq istəyir”.

Politoloqun sözlərinə görə, Fransanın uğur qazanacağı az ehtimal olunandır:

“Fransanın siyasi-hərbi aktivliyi Rusiyanın və İranın müqaviməti ilə rastlaşıb, nəticə etibarilə Ermənistana şimal və cənubdan təzyiqlə nəticələnəcəkdir. Paralel olaraq Fransa Ermənistana silah satmaqla ATƏT-in münaqişə tərəflərinə silah satmamaq ilə bağlı 1992-ci il qətnaməsini pozmuş olur. Qeyd edək ki, məhz bu qadağa səbəbindən Azərbaycan Avropa ölkələrinin aparıcı hərbi texnikasını almaq imkanından məhrum idi. Bu hadisəyə qədər Fransa Ermənistanın ardınca münaqişənin bitmədiyini və hələ də davam etdiyini bildirirdi. Lakin Ermənistana silah-sursatın satılması ya Fransanın münaqişənin bitdiyini dolayısı yolla rəsmən qəbul etdiyini, ya da Minsk Qrupunda həmsədrlik statusundan könüllü sürətdə imtina etməsi kimi qəbul edilə bilər.

Yüksək ehtimal ki, Bakı bu vəziyyəti öz xeyrinə dəyişəcək. Ermənistana silah satma 1992-ci il qətnaməsini qüvvədən salıb, Azərbaycanın silah-sursat almaq üçün Britaniya və digər Avropa tərəfdaşlarına müraciət etməsinə gətirəcək. Digər tərəfdən, Fransanın Ermənistana silah satması, həmçinin Bakının Minsk Qrupunu rəsmən buraxması üçün çox yaxşı bir diplomatik fürsətdir”.

Turan Rzayev
Globalinfo.az