Əliyevdən Makrona sillə kimi cavab: 8 kənd hələ də işğal altındadır siz isə… 

Dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı münasibətlərə, həmçinin Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub.

Dövlətimizin başçısı Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhəri istiqamətində olan yoldakı vəziyyət ilə bağlı qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə vurulmuş ciddi zərərə etiraz edirlər.

Söhbət əsnasında diqqətçəkən məqam isə Prezident İlham Əliyevin, Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd etməsi olub.

Maraqlıdır, Prezident İlham Əliyevin qeyd etdiyi 8 kənd Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin əsas şərti ola bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazədə deyib ki, Fransanın vasitəçiliyində konstruktiv mövqe tutması gözlənilmir:

“Çünki, Makron Paşinyan kimi dəyişkən siyasətçidir. BMT səviyyəsində məhz Azərbaycan əleyhinə bəyanatın verilməsində rəsmi Parisin rolu xüsusi əhəmiyyət kəsb edib.

Prezident İlham Əliyevin Ermənistanın Azərbaycanın 8 kəndini işğalda saxlamasını qeyd etməsi konkret mesajdır. Bununla Azərbaycan Ermənistana sülh danışıqları üçün bu kəndlərin boşaldılmasını şərt kimi irəli sürdü.

Azərbaycan məhz müharibədən sonra, bu məsələnin üstündən sükutla keçirdi. Amma Ermənistanın Azərbaycanın üçüncü sülh təkliflərinə cavab göndərməsi və yeni şərtlər irəli sürməsi prosesin kluminasiyası anlamına gəlir. Demək, Ermənistan hakimiyyəti sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Ona görə də Azərbaycan rəsmən səkkiz kəndin boşaldılmasını danışıqlar predmetinə salmalı və yalnız bu halda danışıqlara qatılacağını rəsmən elan etməlidir. Əks təqdirdə isə 8 kəndin azad olunması üçün hərbi əməliyyatlar keçirə bilər.

Artıq Ermənistanın əsas siyasi dəstəkçisi olan Fransanın diqqətinə səkkiz kəndin işğalda qalmasının deyilməsi Makrona sillə kimi cavabdır”.

Turan Rzayev
Globalinfo.az