Ermənistan ordusu sərhəddə təxribatlar törətdi – Nələr baş verir?

Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen və ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Görüş bitər-bitməz Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Tovuz rayonu istiqamətindəki mövqelərini atəşə tutublar. 

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, Brüssel görüşünün əsas mahiyyəti Avropa İttifaqı və ABŞ-ın Ermənistanı müdafiə etməsi ilə bağlıdır. Həm Aİ, həm də ABŞ Ermənistana himayədarlıq etməyə hazır olduğunu göstərməyə çalışır:

“Bu məqamda Ermənistan ordusunun nisbətən fəallaşması və ordumuzun mövqelərini atəşə tutması təsadüfi deyil. Görünür, Qərb Ermənistana ordu məsələsində də dəstək olacağını vəd edir. Şübhəsiz ki, Rusiya ilə münasibətləri kəskinləşən Ermənistan ancaq Aİ və ABŞ-dan mədət umur. Onlar da İrəvanın arxasında dayandıqlarını bəyan edirlər. Bu səbəbdən də Ermənistan ordusu həm Naxçıvan, həm də Qazax və Tovuz istiqamətində nisbətən fəallaşıb. Düşünürəm ki, Ermənistan artıq özünü birmənalı olaraq Qərbə həvalə edir. Yəni Rusiya olmadan da “əzələ” nümayiş etdirə biləcəyini ortaya qoymağa çalışır. Ermənistanın bu addımlarının nə ilə nəticələnəcəyini yaxın günlərdə görəcəyik. Rusiya və Türkiyə tərəfindən müəyyən açıqlamalar var və Ermənistanın Qərbə arxalanaraq belə oyunlar oynaması Ankara və Moskva tərəfindən qəbul edilmir. Azərbaycan isə öz mövqeyini ortaya qoyub və öncədən bu görüşün əleyhinə olduğunu bildirib”.

Faiq Ələkbərli: “Ermənistanda tarix kitabındakı faktları təsadüfi hal hesab etmirəm”

Ekspertin sözlərinə görə, Qərb Ermənistanı oyuna çəkir və bununla da 29 min kvadrat kilometrlik ərazini müdafiə edəcəyinə İrəvanı inandırmağa çalışır:

“Yəni Rusiya, Türkiyə və Azərbaycanın heç bir şəkildə 29 min kvadrat kilometrlik əraziyə təhlükə yarada bilməyəcəyini Ermənistana çatdırmaq istəyirlər. Şübhəsiz ki, söhbət daha çox Azərbaycandan gedir. Rəsmi Bakıya isə Türkiyə və Rusiyanın siyasi yardımının olması ehtimalları güclüdür. Odur ki, bu ehtimalların qarşısını almaq üçün Brüssel görüşündə açıq formada və ya pərdəarxası belə müzakirələr aparılır. İndi Ermənistan qərbyönlü siyasət yürütmək istəyir və bunun nəticəsi olaraq 29 min kvadrat kilometrlik ərazisini qorumaq niyyətindədir. Beləcə rəsmi İrəvan Qərbin oyunlarının tərkib hissəsinə çevrilir. Hər halda Qərbin oynadığı oyunlar bir çox hallarda acı reallıqlar doğurub. Biz bunu 1992-94-cü illərdə Azərbaycanın, sonralar isə Gürcüstan və Ukraynanın timsalında görmüşük. İndi isə Ermənistan bu yolla gedir və İrəvanın qərbyönlü siyasətinin nəticəsi onun üçün çox ağır ola bilər”.

Əliyar Xəlil
Globalinfo.az