Azərbaycan Prezidenti İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçılarına müraciət ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, müraciəti Baş nazirinin müavini Samir Şərifov oxuyub.
Müraciətdə dünyada baş verən sürətli iqtisadi dəyişikliklər fonunda Cənubi Qafqazın qlobal əlaqələndirmə və investisiya sabitliyindəki rolu vurğulanıb. Bildirilib ki, qlobal qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir və qeyri-neft sektoru daxili artımın əsas drayverinə çevrilib.
Müraciətdə qeyd olunub ki, 2020-ci ildən bəri qeyri-neft sektorunda real ÜDM artımı illik orta hesabla 5 faiz təşkil edib. Qeyri-neft sənayesi 1,5 dəfə, ixrac isə iki dəfə artaraq 2024-cü ildə ÜDM-dəki payını 72 faizə çatdırıb.
Həmçinin “Fitch” və “Moody’s” reytinq agentliklərinin Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsinə qaldırması və strateji valyuta ehtiyatlarının ÜDM-in 110 faizini ötməsi maliyyə sabitliyinin göstəricisi kimi diqqətə çatdırılıb.
Müraciətdə Orta Dəhlizin və formalaşmaqda olan Zəngəzur dəhlizinin (TRIPP marşrutu) Avrasiya məkanında ticarət və investisiya əməkdaşlığı üçün yeni imkanlar yaratdığı qeyd edilib.
Prezident İlham Əliyev ötənilki forumda 10 milyard dollardan çox sazişin imzalandığını xatırladaraq, builki forum çərçivəsində də xarici investorlarla mühüm yeni layihələrin başlanacağına əminliyini ifadə edib və forum iştirakçılarına uğurlar arzulayıb.
Zaira Akifqızı
Globalinfo.az