ruben vardanyan 121

Qarabağdakı separatçı rejimin keçmiş rəhbərlərindən biri, kriminal-oliqarx Ruben Vardanyanın bölgəyə gəlişi uzun müddət müzakirə mövzusu olaraq qaldı. Vardanyanın Xankəndiyə necə keçdiyi, Ermənistan hakimiyyətinin bu prosesdəki rolu və onun Qarabağdakı fəaliyyəti ilə bağlı müxtəlif suallar ortaya çıxdı.

O, bölgəyə gəldikdən sonra erməni sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına qarşı çıxaraq onları müqavimətə çağırdı, eyni zamanda Azərbaycan rəhbərliyinə qarşı sərt və təhdidedici bəyanatlar səsləndirdi.

Vardanyan Qarabağa necə və kimlərin əli gəlmişdi?O, tək idi, ya başqaları da vardı?

Globalinfo.az-a danışan politoloq Ülviyə Zülfiqar deyib ki, məhkəmədə araşdırılmış materiallara əsasən, Ruben Vardanyan Ermənistan ərazisindən Laçın rayonu istiqamətində, Azərbaycanın rəsmi dövlət sərhəd-buraxılış məntəqələrindən kənar ölkə ərazisinə daxil olub:

“Sonradan o, bir neçə dəfə Qarabağdan xaricə gedərək yenidən geri qayıdıb, lakin sənədlərində Azərbaycan ərazisinə qanuni girişini təsdiqləyən müvafiq qeydlər olmayıb. Burada mühüm məqam ortaya çıxır: söhbət yalnız Qarabağa bir neçə dəfə qanunsuz şəkildə keçən şəxsdən deyil, Ermənistan ərazisindən istifadə etməklə hərəkət edən və qısa müddət sonra terrorçu məqsədlərlə separatçı qurumun dırnaqarası siyasi rəhbərliyində yer alan milyarderdən gedirdi.

Bu fakt Ermənistan hakimiyyətinin Vardanyanın fəaliyyətindən xəbərsiz olması ehtimalını sıfıra endirirdi. Çünki Vardanyanın Qarabağa gedən yolu Ermənistan ərazisindən keçirdi. O, Xankəndidə açıq fəaliyyət göstərir, bəyanatlar verir və separatçı qurumun qondarma strukturlarında vəzifə tuturdu. Əgər rəsmi İrəvan bu fəaliyyəti qəbuledilməz hesab etsəydi, ən azı öz ərazisinin belə fəaliyyət üçün tranzit məkan kimi istifadəsinin qarşısını almaq imkanına malik idi. Üstəlik, məhkəmə prosesində silahların, minaların və digər hərbi vasitələrin Ermənistan istiqamətindən Qarabağa daşınması məsələsi də araşdırılıb. Buna görə Vardanyanın Qarabağa gəlişi regionda həmin dövrdə mövcud olan daha geniş hərbi-siyasi proseslərin bir hissəsi idi”.

Politoloq bildirib ki, burada əsas məsələ Vardanyanın Xankəndiyə gəldikdən sonra hansı xətti təbliğ etməsidir:

“Bakı Hərbi Məhkəməsində ifadə verən Qarabağın erməniəsilli sakini Kamo Hayrapetyan bildirib ki, Vardanyanın gəlişindən əvvəl yerli erməni əhali arasında Azərbaycan cəmiyyətinə inteqrasiya məsələsi müzakirə edilirdi. İnsanlar Azərbaycanla əlaqələrin qurulması yollarını axtarır, Azərbaycan vətəndaşlığını qəbul edərək burada yaşamaq perspektivini nəzərdən keçirirdilər. Vardanyanın Xankəndiyə gəlişindən sonra proses əks istiqamətə yönəlib: Azərbaycana qarşı təbliğat güclənib, silahlı müqavimət ideyası təşviq olunub. Bu məqam Vardanyan faktorunun mahiyyətini anlamaq baxımından xüsusilə əhəmiyyətlidir. Çünki 44 günlük müharibədən sonra qarşıda duran əsas məsələlərdən biri Qarabağdakı erməni sakinlərin Azərbaycanın hüquqi, iqtisadi və sosial məkanına reinteqrasiyası idisə, Vardanyanın təşviq etdiyi xətt bunun tam əksini təbliğ etməklə prosesə ciddi zərbə vurdu.

Ulviyy%C9%99 Zulfiqar
Ülviyə Zülfiqar

Məhkəmədə səsləndirilmiş ifadələr göstərir ki, məsələ yalnız siyasi ritorika və təbliğatla məhdudlaşmayıb. Kamo Hayrapetyan ifadəsində bildirib ki, Vardanyanın maliyyəsi hesabına Azərbaycana qarşı döyüşmək məqsədilə qruplar yaradılıb, həmin qruplara gənclər də cəlb olunub. Onun vəsaiti ilə Xankəndi ətrafında iki, Əsgəranda isə bir hərbi anbar yaradıldığı, burada silah-sursat, kvadrokopterlər və digər pilotsuz uçuş aparatlarının saxlanıldığı bildirilib. Şahid həmçinin Vardanyanın gəlişindən sonra mina basdırılması işlərinin intensivləşdiyini, minaların Ermənistan ərazisindən Laçın yolu vasitəsilə gətirildiyini deyib. Vardanyan erməni sakinlərin silahlanaraq Azərbaycana qarşı döyüşməsi ideyasını da təşviq edirdi. Beləliklə, reinteqrasiyaya qarşı siyasi müqavimət paralel olaraq hərbi müqavimət üçün maddi və təşkilati bazanın yaradılması ilə müşayiət olunurdu.”

Ü.Zülfiqarın sözlərinə görə, məhz bu səbəbdən Vardanyanın Qarabağdakı dırnaqarası fəaliyyətini iki paralel xətt üzrə qiymətləndirmək mümkündür:

“Birinci xətt burdakı ermənilərin Azərbaycan ilə birbaşa münasibət qurmasının qarşısını almaq, onlar arasında reinteqrasiyaya alternativ olaraq qarşıdurma və düşmənçilik düşüncəsini təbliğ etmək idi. İkinci xətt isə bu siyasi müqaviməti silah, mina, hərbi infrastruktur və silahlı qruplarla dəstəkləməkdən ibarət idi. Burada daha geniş siyasi məqsəd də görünür: 2020-ci il müharibəsindən sonra yaranmış yeni reallığın tam hüquqi nəticələrinin Qarabağda tətbiqinə mane olmaq və Azərbaycan ərazisində separatçı məkanı mümkün qədər uzun müddət qoruyub saxlamaq. Azərbaycan tərəfinin Qarabağın erməni sakinlərinə Konstitusiya və qanunlar çərçivəsində reinteqrasiya imkanları təklif etdiyi dövrdə qarşı tərəfdə silahlı müqavimətin təşviqi açıq – aşkar pozuculuq fəaliyyəti idi.

10 noyabr 2020-ci il üçtərəfli Bəyanatdan sonra Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərk-silah edilməməsi, silah-sursat və minaların əraziyə daşınması, hərbi mövqelərin saxlanılması bölgədə uzunmüddətli təhlükəsizlik probleminə çevrilmişdi. 2023-cü il aprelin 23-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycan Ermənistanla sərhədinin həmin hissəsində də giriş-çıxışa nəzarəti öz üzərinə götürdü. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirlərindən sonra qanunsuz silahlı birləşmələr tərk-silah edildi və Azərbaycan bütün ərazisində suverenliyini bərpa etdi. Vardanyan isə həmin ilin sentyabrında Qarabağdan çıxmağa çalışarkən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı.

Bununla da məsələnin hüquqi mərhələsi başladı. Bakı Hərbi Məhkəməsində keçirilən açıq prosesdə ona qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlərlə bağlı ittihamlar araşdırıldı. Məhkəmə prosesində təqsirləndirilən şəxs rus dilində tərcüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olundu.

Vardanyan faktorunun mənası onun Qarabağa qanunsuz gəlməsindən daha genişdir: bir tərəfdə Azərbaycan qanunları çərçivəsində reinteqrasiya və regionun yeni siyasi reallığa uyğunlaşması, digər tərəfdə isə separatçı idarəetmənin və silahlı müqavimətin davam etdirilməsi cəhdi dayanırdı. Xankəndiyə Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək daxil olan Vardanyanın yolu sonda Bakı Hərbi Məhkəməsində başa çatdı. Azərbaycanın suveren ərazisində separatçı rejimi kənardan maliyyələşdirərək qorumaq reallığa çevrilə bilmədi. Vardanyanın separatçı rejimin maliyyələşməsi üzərindən illər boyu oynadığı oyunlar və qoruyub saxlamaq istədiyi, çirkli pullardan ibarət var-dövləti ədalətin bərpa olunmasının qarşısını ala bilmədi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: