Bəzən bir video insanın yaddaşında illərlə qalan bir şəkildən də çox şey danışır. Baxdım, bir daha baxdım… Və etiraf edim ki, bu dəfə həmin görüntülərə kədərdən çox, qürurla baxdım. Çünki o kadrda vaxtilə Xocalıdan ağlaya-ağlaya çıxarılan bir uşaq vardı. Bu gün isə həmin uşaq doğma torpağına qayıdan bir ana, nənə, bir Xocalı sakini kimi qarşımızdaydı.

Söhbət Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı faciəsi zamanı lentə aldığı Ləfxanım Mahmudovadan gedir.

Çingiz Mustafayevin kamerası həmin günlərdən çox ağır görüntülər saxlayıb. O görüntülərin içində Ləfxanımın tamamilə sarsılmış, bütün yaşananların şahidi olmuş qəmgin siması ən məşhurlarındandır. Çingiz Mustafayev ona yaxınlaşır və adını soruşur.

– Adın nədir?

– Ləfxanım.

Sonra onun ayaqlarını görüb soruşur:

– Ayaqlarına nə olub?

– Meşədə qaçarkən olub. 3 gün qarın içində qalıb, soyuqdan donub…

İllərlə biz də bu görüntüləri boğazımız, nitqimiz donuq, tutulu izlədik. Bu, sadəcə bir uşağın danışdıqları deyildi. Bu, Xocalı faciəsinin necə baş verdiyini bir uşağın gözlərindən oxuduğumuz, səsimizi dünyaya çatdırmağımıza vəsilə olan kadrlar idi.

Onda Ləfxanımın cəmi 9 yaşı vardı və o, Xocalının ən ağır günlərini uşaqlıq yaddaşına sığdırmaq məcburiyyətində qalmışdı. Ailəsi ilə birlikdə meşələrdən keçərək canını qurtarmağa çalışıb, daha sonra erməni əsirliyinə düşüblər. Özünün danışdığına görə, həmin günlərdə ağır işgəncələrə məruz qalıblar. Ayaqlarında yaranan donvurma səbəbindən isə uzun müddət Ağdam xəstəxanasında müalicə alıb.

lef

Amma həyatın qəribə bir tərəfi də var. Bəzən insanın ən böyük ağrısının başladığı yer illər sonra ən böyük sevincinin ünvanına çevrilir. Ləfxanım da illər sonra Xocalıya qayıdıb bu sevinci yaşayır. Həm də ailəsi, övladları, hətta nəvəsi ilə birgə. Bir vaxtlar uşaq ikən çarəsizcə tərk etdiyi Xocalıya bu dəfə həyatın içindən keçərək, illərin ağırlığını çiyinlərində daşıyaraq qayıdıb. Ən əsası da odur ki, Ləfxanım artıq Xocalıda yaşayır və işləyir.

Bir zamanlar ayaqları donan o uşağın bu gün nəvəsinin həmin doğma torpaqda addımlaması adamı istər-istəməz düşündürür. Bəli, həyat bəzən tarix kitablarının yaza bilmədiyi cümlələri insanların taleyinə yazır.

Ləfxanımın hekayəsində bir cümlə xüsusilə ağır səslənir: 9 yaşında ağlaya-ağlaya Xocalını tərk etməsi…

Arada 35 il var, uşaqlıq var, ağrı var, itkilər var, həsrət var. Amma ən əsası, arada qayıdış var.

Bu qayıdışın sevincini bizə yaşadanların haqqını necə ödəmək olar?

Bəlkə də heç cür…

Çünki bu gün Xocalıda bir uşağın vaxtilə yarımçıq qalan ayaq izləri yenidən doğma küçələrdə görünürsə, bunun arxasında şəhidlərin qanı, qazilərin fədakarlığı, illərlə torpağının həsrətini çəkən insanların səbri dayanır.

Çingiz Mustafayev həmin kadrları çəkəndə bəlkə də bilmirdi ki, lentə aldığı o balaca qız illər sonra Xocalıya geri dönəcək. Amma onun kamerası tarix üçün bir iz saxlayıb…

Xocalıdan didərgin düşənlərin bir çoxu kimi Ləfxanım da illərlə həsrətlə yaşayıb. İndi isə o həsrətin cavabı ilə üz-üzədirlər. Bəlkə də bundan böyük cavab yoxdur. Çünki bəzən bir torpağa qayıdış sadəcə evə qayıtmaq deyil. Bəzən bu, uşaqlıqda yarımçıq qalan bir hekayənin son cümləsini yazmaqdır. Ləfxanımın hekayəsinin son cümləsi isə bu gün Xocalıda yazılır.

Və bu dəfə o cümlənin içində göz yaşı yox, qürur var!

View this post on Instagram

Ləman İmran
Globalinfo.az

Paylaş: