İlham Əliyev Ərdoğanla bağlı bu addıma niyə getmədi?

 

Türkiyədə mayın 14-də keçirilən sıradan bir seçki deyildi. Bu, Türkiyənin gələcəyinin seçimi idi. İnsanlar ölkələrinin sabahı üçün səs verdilər. Cəmiyyət ölkənin hansı yoldan gedəcəyini müəyyən etdi. Düzdür, prezident seçkiləri ikinci tura qaldı, amma indidən nəticələrlə bağlı fikir bildirmək mümkündür.

Hakim Ədalət və İnkişaf Partiyası Məclisdə xeyli deputatla təmsil olunacaq. Müttəfiqləri ilə birlikdə 323 deputat yeri qazandı. 600 millət vəkili kreslosunun yarıdan çoxunu bu koalisiyanın təmsilçiləri tutacaq. CHP-dən, İYİ Partiyadan istefa verib, AK Partiyaya qoşulanların olacağı da istisna deyil. Böyük Millət Məclisində üstün mövqedə qərarlaşmaq Ərdoğan üçün çox vacib idi. Bu, qarşıdakı illərdə onun yürütdüyü siyasətə ciddi təkan verəcək. Məclisdə müxalif çoxluq olsa idi böyük əngəllər yaranacaqdı. Hətta ikinci turun nəticələrini də öz təsirinə ala bilərdi. İndi isə “Cümhur İttifaqı” mayın 28-dəki təkrar seçkilərə avantajla gedir.

Bu seçkilər Azərbaycanı da yaxından maraqlandırır. Mayın 14-də hər kəsin gözü ekranlarda idi. Əlindəki telefona, masasındakı kompüterə, evindəki televizora kilidlənmişdi vətəndaşlarımız. Türkiyədəki seçkilərin Azərbaycana necə böyük təsirinin olacağını anlatmağa gərək yoxdur. Bunu bilməyən qalmayıb ölkəmizdə. İkinci Qarabağ müharibəsinin gedişində Türkiyənin bizim üçün nə demək olduğunu daha dərindən anladıq. Əvvəllərdə də Türkiyəyə sevgimiz böyük idi. Hər şeyi ilə özümün sayırdıq onu. Amma müharibənin gedişində qardaş ölkəni yalnız emosional olaraq sevmədik, məntiqlə, gerçəkliklə qavradıq və daha çox sevməyə başladıq.

Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin münasibətlərinə təkcə iki prezidentin dostluğu kimi baxmaq doğru yanaşma deyil. Qardaş, müttəfiq ölkələrin  liderlərinin yaxınlığı kimi də anlaşılmamalıdır bu münasibət. Burda miqyas, mahiyyət böyükdür. Nəhəng bir coğrafiyanı əhatə edən hədəf var ortada. Türk dünyasının əlaqələrinin yenidən təşkil edilməsi, dizayn olunması, münasibətlər sisteminin təkrardan formalaşdırılması istiqamətində olduqca vacib prosesin başında dayanır iki prezident. Məsələ təkcə Türk dünyası ilə də çərçivələnmir. Düzdür, türk respublikalarının arasında əlaqələrin sıxlaşdırılması, yaxınlaşması istiqamətində xeyli məsafə qət edilib. Türk Dövlətləri Təşkilatı formatında Mərkəzi Asiya Respublikaları (Tacikistan xaric-red.), Azərbaycan və Türkiyə vaxtaşırı bir araya gəlirlər, zirvə toplantıları keçirilir, ciddi qərarlar verilir, sənədlər, müqavilələr imzalanır. Hazırda türk cümhuriyyətlərinin prezidentləri arasında olduqca səmimi münasibət var.

Hədəf türk respublikalarının bir araya gəlməsi ilə də yekunlaşmır. Bu birlik üzərindən daha böyük ittifaqlar qurmaqdan söhbət gedir. Avropa Birliyinin, ABŞ-ın, Rusiyanın, İranın hegemonluğu fonunda türk respublikaları ayrı-ayrılıqda özlərini qorumaq gücündə olmaya bilərlər. Öncə öz aralarında birlik yaradıb, sonradan regionun qüdrətli dövlətləri ilə kollektiv ittifaqlar yaratmaqla Qərbin, Rusiyanın, İranın basqısını, hegemonluğunu xeyli neytrallaşdırmağa nail olarlar. Yaxın Şərqin və Cənub Şərqi Asiyanın aparıcı dövlətləri ilə əməkdaşlıqlar böyük perspektivlər vəd edir. Artıq bu bölgədə maraqlı proseslər gedir. Çin-Səudiyyə Ərəbistanı yaxınlaşması türk respublikaları üçün də yeni müttəfiqlik imkanları yaradır. Qarabağ məsələsi, Zəngəzur dəhlizi, Naxçıvanın blokadadan çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası isə bu böyük projenin əsasını təşkil edir. Azərbaycanda daşlar yerinə oturmayınca, Türk dünyasının gələcəklə bağlı planlarını həyata keçirmək çətin görünür. Çünki Azərbaycan o gələcəyin və Türk dünyasının qapısıdır. Bunu şişirtmədən yazıram.

Türkiyədə Ərdoğanın rəqibləri isə bu sadalananların hamısına qarşı olduqlarını əməlləri, fikirləri ilə isbatladılar. Kamal Kılıçdaroğlu seçkidən bir neçə gün öncə Yeni İpək Yolu xəritəsini nümayiş etdirməklə niyyətini gözlər önünə sərdi.  O xəritədə Azərbaycan yox idi. Azərbaycanın olmadığı yerdə Türk dünyasının birliyini təsis etmək mümkün deyil. Turan ideyasından danışmaq yersizdir. Böyük logistika layihəsinin – tarixi İpək yolunun dirçəldilməsi nağıl kimi görünür. Kılıçdaroğlunun sığındığı mərkəzlər bunu bildiyi üçün CHP sədrinin əli və dili ilə indidən bu birliyi dağıtmaq yolu tutdular. Jurnalist Fateh Portağal isə məlum çıxışında son mismarları vurdu. “Azərbaycan bizim dostumuz, qardaşımız deyil” söyləyən zehniyyətdən nə gözləyək ki?..

Azərbaycan hakimiyyəti 14 may seçkiləri ilə bağlı tərəddüdsüz idi. Prezident İlham Əliyev açıq və şəffaf siyasət yürütdü. Axıra kimi qardaş dediyi, müttəfiq seçdiyi, tale, qədər ortaqlığı etdiyi Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin yanında yer aldı.

Seçki öncəsi tez-tez deyilirdi ki, Azərbaycan arxa planda “Millət İttifaqı” ilə əlaqələr qursa yaxşıdır. “Bilmək olmaz, Kamal Kılıçdaroğlu prezident seçilsə, İlham Əliyev üçün çətin olar”, “Manevr üçün əl yeri qoymaq lazımdı” – söyləyənlər, yazanlar az deyildi. Görünür, bu adamlar İlham Əliyevi yaxşı tanımırlar. İlham Əliyev dost, qardaş dediyi adamın arxasından iş çevirmədi, heç vaxt çevirməz. Təəssüf ki, dürüstlük, mərdlik əksər hallarda siyasətə yabançı element kimi sırınır. Siyasəti bicliklə, saxtakarlıqla eyniləşdirənlər çoxdur. Siyasət dürüstlüklə yanaşı ustalıqdır, fəhmdir, prosesləri öncədən duya bilmək, proqnozlaşdırmaq bacarığıdır. Verdiyin sözü tutmaq qabiliyyətidir. İlham Əliyev Ərdoğana qardaşım, dostum desin, arxada Kamal Kılıçdaroğlu ilə gizli danışıqlar aparsın? Heç vaxt etməzdi. Onun kitabında bu yoxdur! Nəinki Ərdoğana qarşı, heç bir prezidentlə bağlı belə ikili mövqe tutmazdı. Azərbaycan liderini dosta sevdirən, düşmənə qəbul etdirən həm də bu xüsusiyyətidir.

Azər Ayxan
Globalinfo.az