“Cənubi Qafqazda ilk olaraq ölkəmizdə Data Mərkəzi və kibertəhlükəsizlik mühiti yaradılıb”

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən ən vacib amillərdən biri hesab edilir. Hazırda dövlət strukturlarının fəaliyyəti, elm, təhsil, iqtisadiyyat və demək olar ki, həyatın bütün sahələrində inkişaf üçün informasiya və kommunikasiya texnologiyalarının zəruriliyi aydın görünür.

Bütün inkişaf etmiş dünya ölkələrinin diqqətinin yönəldiyi əsas istiqamətlərdən biri də budur. Azərbaycan bu sahənin inkişafına diqqətlə yanaşan və uğurlu addımlar atan ölkələr sırasındadır.

Məsələn, bura 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”, həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədləri nümunə göstərmək olar. Həmçinin əhalinin məlumat bazası və sosial xidmətlərə rahatlıqla əlçatanlığının təmin edilməsi üçün xüsusi sistemlərin istifadəyə verilməsi və elektron kommunikasiyanın formalaşdırılması diqqətçəkən məqamlardandır.

Bəs ölkəmizdə son dövrlər informasiya və kommunikasiya texnologiyalarının inkişaf tendensiyası necə dəyərləndirilməlidir? Bu istiqamətdə hansı vacib addımları nümunə göstərmək olar?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov ölkəmizdə bu sahədə həyata keçirilən işləri nəzərə çatdırıb:

Elvin Həsənov

“Son dövrlərdə İKT sahəsinə maraq dairəsi daha da genişlənmiş və bu tendensiya davam etməkdədir. Onun başlıca səbəblərindən biri ölkə başçısı Cənab İlham Əliyev tərəfindən lazımı dəstək və tapşırıqların verilməsidir. Belə ki, Prezidentin müvafiq fərmanları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Bu qurumlar əsasən ölkəyə xarici investisiyaların cəlb edilməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə dəstəyi təmin edir. Artıq hökumət və qeyri-hökumət təşkilatlarının işlərinin qurulmasında rəqəmsallaşmaya yönəlmə yeniliyə nümunədir.

Əlavə olaraq bir başqa nümunə kimi Cənubi Qafqaz regionunda ilk olaraq ölkəmizdə beynəlxalq standartlara uyğun Data Mərkəzi və Kibertəhlükəsizlik mühiti yaradılmış və fəaliyyəti təmin edilmişdir. Bununla yanaşı “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nın təsdiqi də bu istiqamətdə atılan vacib addımlara bariz nümunədir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.

Ayşən Mustafa
Globalinfo.az