Ilham eliyev

Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır.

Globalinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.

Dövlət başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışılmalıdır:

“Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam. Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir”.

İlham Əliyev eyni zamanda söyləyib ki, daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır:

“Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.

Paylaş: