“Postsovet ölkələri Ankaranın təsirindədir” – Arutyunyan

“Rusiya bazasının Ermənistan ərazisində olması, təhlükəsizlik zəmanəti deyil. Bu məsələdə Ermənistan-Rusiya münasibətlərinin mahiyyəti önəm kəsb edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan deyib.

“Əvvəldən Rusiyanın hərbi mövcudluğu Türkiyənin hərbi təhdidini neytrallaşdırmaq üçün idi. Əgər Rusiya indi “ermənilərin gedəcək yeri yoxdur” prinsipini rəhbər tutursa, o zaman burada Rusiya bazasının olub-olmamasının əhəmiyyəti olmayacaq. Biz Moskva ilə münasibətlərin konseptual nöqteyi-nəzərdən dərinliyini anlamalıyıq. Əgər Rusiya indi heç bir şey etməsə, o zaman onun Qərblə qarşıdurmasındakı strateji məğlubiyyəti məhz Ermənistandan başlayacaq” – deyə o bildirib.

Arutyunyan deyib ki, Rusiyanın siyasi elitası postsovet ölkələri ilə münasibətlərə ağrılı təsir edə biləcək taleyüklü səhvə yol verib:

“2004-2005-ci illərdən başlayaraq postsovet məkanında iki inteqrasiya prosesinə start verildi. Bunlardan biri Moskva ətrafında, digəri Ankara ətrafında idi. Bu iki proses bir-biri ilə rəqabətdə idi. Bu gün postsovet ölkələrindən yalnız Belarus Moskva ilə qalıb, qalan ölkələr, özəlliklə Mərkəzi Asiya dövlətləri Ankara ilə inteqrasiya prosesindədir. Bu situasiyanı görmək lazım idi”.

Tahir Turan
Globalinfo.az