2026 09 27 16 42 35rg5sQFSWNvF4n74JDy9i file

Vətən müharibəsindən danışarkən “Əfsanəvi tabor”un adını çəkməmək mümkün deyil. Xüsusi təyinatlı qüvvələrdən ibarət bu tabor Füzuli istiqamətində təmas xəttini yaran ilk bölmələrdən olub.

Globalinfo.az xəbər verir ki, taborun komandiri, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev qələbənin əsasının Aprel döyüşlərində qoyulduğunu Baku TV-yə bildirib:
“Qələbəmizin bünövrəsi Aprel döyüşlərində yatır. Çünki həmin döyüşlərdə biz düşmənin özünə arxayınlıq hissini sındırdıq, onların onurğa sütununa ciddi zərbə vurduq. Bu, Birinci Qarabağ müharibəsindən sonra düşmənə endirdiyimiz ilk ciddi zərbə idi. Biz döyüşlə kəşfiyyat apardıq, düşmənin reaksiyasını və döyüş hazırlığını yoxladıq”.
Nizami Əliyev Vətən müharibəsində Cəbrayıl-Füzuli istiqamətində ağır yaralandığını və döyüş meydanından onun təxliyəsində şəhid Qəzənfər Mütəllimovun xüsusi rol oynadığını da qeyd edib:
“Vətən müharibəsində Cəbrayıl-Füzuli istiqamətində çox ağır yaralanmışdım. Məni döyüş meydanından birbaşa təxliyə edən şəhidimiz Qəzənfər Mütəllimov olub. İlk yaralananda onun səsini eşitdim və həmin səs yaddaşımda qaldı.
Daha sonra huşumu itirdim və iki gün sonra ayıldım. Bir neçə gün sonra öyrəndim ki, Qəzənfər Mütəllimov döyüşlərdə qəhrəmancasına şəhid olub. O, təkcə məni deyil, bir çox yaralı əsgərimizi döyüş meydanından təxliyə edib. Mən bu gün yaşayıramsa, həyatımı birinci növbədə Qəzənfər Mütəllimova borcluyam”.

Paylaş: