Britaniya səfiri: “Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparıb”

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld APA-ya müsahibə verib.

Globalinfo.az həmin müsahibəni təqdim edir:

– Cənab səfir, Azərbaycana yeni gəlmisiniz. Azərbaycanda səfir kimi çalışacağınız qarşıdakı illərdə prioritetləriniz nələrdən ibarətdir?

– Birinci sual üçün əla başlanğıcdır. Mümkünsə, bura gəlişim haqqında bir az danışmaq istərdim. Beləliklə, Azərbaycana ilk dəfə yanvar ayında gəldim, altı həftə Gəncədə Azərbaycan dilini öyrəndim. Mən Gəncədə bir ailənin evində qalırdım. Yerli yeməklərdən yeyir, bütün günü bacardığım qədər Azərbaycan dilində danışırdım. Hər gün dörd saat dərs keçirilirdi. İlk olaraq, tələbə kimi gəlmək, paytaxtdan kənara çıxmaq – Tovuza, Mingəçevirə, Göygölə, Şəkiyə, Zaqatalaya səyahət etmək heyrətamiz bir təcrübə idi. Bu, ölkəni bir az daha çox görmək imkanı yaratdı.

Sentyabrın əvvəlində Bakıya qayıtdım. Beş həftədir, buradayam. Burada insanlar məni çox isti qarşıladılar və ona görə də elə ilk həftələrdən çox həzz aldım. Azərbaycan və Böyük Britaniya xalqları arasında əlaqələr quran şəxslərlə görüşmək heyrətamizdir. Mən bir britaniyalı, əslində, şotlandiyalı aşpazla tanış oldum. O, həm Şotlandiyada, həm də İngiltərədə “Michelin Star” restoranlarında işləyib. Həmin aşpaz indi burada – Azərbaycan Kulinariya Assosiasiyası Məktəbində çalışır və gənc azərbaycanlı aşpazlara beynəlxalq səviyyədə tanınmış Böyük Britaniya təcrübəsi üzrə təlimlər keçir. Eyni zamanda, onları bu ay İsveçrədə keçiriləcək dünya aşpazları müsabiqəsində iştirak etmək üçün hazırlayır. Bu, bir növ, aşpazların olimpiadasıdır. Bu, Azərbaycanla Böyük Britaniya xalqları arasında əlaqələrin çoxsaylı nümunələrindən yalnız biridir. Və onu da qeyd etməliyəm ki, bu, diplomatlar üçün qızıl tozudur.

Bunlar, həqiqətən, xüsusi olan və haşiyədən kənar məqamlardır. Mən öz prioritetlərim barədə də danışacağam. Əlbəttə ki, səfir olaraq gördüyünüz işlərin bir hissəsi mesajlar ötürmək və hökumətlər arasında anlaşma yaratmaqdır. Lakin, əslində, daha geniş əlaqələrin, imkanların olması bir səfir üçün daha xoşdur. Buna görə də mən rolumun bir hissəsini hələ də bir çox britaniyalı üçün kəşf edilməmiş bir xəzinə olan Azərbaycanı tanıtmaq, onlara bu ölkənin görünməyən tərəflərini izah etməyə kömək etməkdə görürəm. Britaniya tarixçisi Bettani Hughes tərəfindən hazırlanmış və yenicə çəkilmiş gözəl bir sənədli film var. Məncə, bu film tezliklə həm Azərbaycanda, həm də Böyük Britaniyada nümayiş olunacaq. Azərbaycan haqqında bir saatlıq sənədli filmdir. Odur ki britaniyalıların Azərbaycan haqqında daha çox bilməsinə, azərbaycanlıların Böyük Britaniya haqqında daha çox məlumat əldə etməsinə kömək etmək mənim üçün vacibdir. Yəqin ki, ölkədə olduğum ilk beş həftə ərzində mənim üçün ən böyük şərəf Zati-aliləri Prezident İlham Əliyevin mərhum Kraliça II Elizabetin başsağlığı kitabını imzalamaqdan ötrü Böyük Britaniya səfirliyinə gəlməsi olub.

Prezidentin 20 ildə ilk dəfə səfirliyi ziyarət etməsi böyük şərəf idi. Onun Ülyahəzrətlə 1998-ci və 2009-cu illərdə görüşməsindən danışdıq. Bu yay Kraliçanın platin yubileyi qeyd olunan zaman Vindzor At Şousunda “Qarabağ atı” hədiyyəsini alanda Ülyahəzrətin üzündəki geniş təbəssümdən danışdıq. Aydındır ki, bu, Kraliçanın son ictimai çıxışlarından biri idi. Beləliklə, mən etimadnaməmi təqdim etməmişdən əvvəl bunu Prezidentlə bölüşə bildim və bu, sadəcə, yüksək səviyyəli şəxslər arasında əlaqənin nümunəsidir. Şəxslər arasında əlaqələr olduqca xüsusi vacibdir.

Ümumiyyətlə, mənim və səfirliyin prioritetləri baxımından, beş prioritet var.

– Həmin prioritetləri açıqlaya bilərsinizmi?

– Əlbəttə! Onları daha yaxşı xatırlamaq üçün əlifba sırası ilə tərtib edirəm. Deməli, “A” Azərbaycandır, “B” biznes üçündür. Təbii ki, ölkələrimiz arasında ticarət və investisiya əlaqələri çox vacibdir. İkitərəfli münasibətlərimizin otuz ili ərzində Böyük Britaniya Azərbaycanda yeganə ən böyük birbaşa xarici sərmayəçi olub. Təkcə BP həmin dövrdə 84 milyard dollar sərmayə qoyub. Bu sərmayənin böyük qismi enerji sektoruna aiddir. Bütün bunlardan sonra isə ticarət və investisiya əlaqələri inkişaf etdirilib. Biz də Azərbaycan hökuməti kimi bilirik ki, iqtisadiyyat neft və qazla yanaşı, şaxələndirilməlidir. Neft və qaz Azərbaycanda hələ ki iqtisadiyyatın çox böyük bir hissəsidir. Beləliklə, biz Hökumətlərarası birgə Komissiyamız vasitəsilə iqtisadiyyatın altı sektorunu müəyyən etdik ki, onların böyüməsinə kömək edək. Hesab edirik ki, bu işdə Britaniya bizneslərinin də xüsusi marağı var və bunlar qarşılıqlı formada faydalı olacaqlar. Bu sahələr sağlamlıq, təhlükəsizlik, kənd təsərrüfatı, təmiz enerji və digərləridir. Biz neft və qazın çox əhəmiyyətli olduğunu görürük. Bir neçə gün əvvəl Bolqarıstanda keçirilən mərasimdə Prezident İlham Əliyevin çıxışı zamanı o, Azərbaycanda küləyin 167 GVt potensialından danışırdı. Lakin, eyni zamanda, bugünkü enerji ixracının daha böyük hissəsini neft və qaz tutur. Böyük Britaniya bu potensialı müəyyən edən Dünya Bankı BMK sorğusunu dəstəkləməkdən çox məmnundur. Bildiyim qədəri ilə, Yer kürəsində ən küləkli iki yer Şimal dənizi və Xəzər dənizidir. Bu sahədə bizim təbii tərəfdaşlığımız var.

“C” iqlim dəyişikliyi və enerji təhlükəsizliyidir. Növbəti bir neçə həftə ərzində Böyük Britaniya olaraq hələ də beynəlxalq iqlim danışıqları olan COP2026-nın prezidentiyik. Bu il Britaniyada indiyə qədər ən yüksək temperaturun – 40 dərəcədən yuxarı temperaturun qeydə alındığı il oldu. Biz Avropada son beş yüz ilin ən pis quraqlığına şahid olduq, ortaq dostumuz və tərəfdaşımız Pakistanın üçdə birini su altında qoyan dəhşətli daşqınları gördük. Beləliklə, iqlim dəyişikliyinin təsirləri ətrafımızdadır. Buna görə də biz düşünürük ki, dünyanın ən böyük böhranlarından birinə qarşı birlikdə işləmək çox vacibdir. Azərbaycanın COP26-da iştirakı və orada 11-ə yaxın əsas öhdəliyi imzalaması bizi çox sevindirdi. Biz Azərbaycanın bu istiqamətdə daha çox şey etməsini görmək istərdik, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri üzrə 30 faizlik hədəfin ciddi olduğuna inanırıq. Düşünürük ki, Azərbaycan beynəlxalq impuls yaratmağa kömək edəcək, sözügedən prosesə yeni, iddialı və qətiyyətli töhfə verəcək. Bu dediklərimizi də gələn ay Misirdə keçiriləcək COP 27 başlamazdan əvvəl mümkün etsə, çox gözəl olardı.

Qeyd etdiyim kimi, biz iqlim dəyişikliyi və enerji təhlükəsizliyini prioritet kimi görürük. Oktyabrın 1-də İGB-nin açılışı bir daha Azərbaycanın Avropanın enerji təhlükəsizliyində hər zamankından daha vacib rol oynadığının göstəricisidir. Rusiyanın enerji təchizatını silah kimi istifadə etdiyi bir ildə enerji təmin edən sabit, etibarlı dostlara sahib olmaq Avropa üçün çox vacibdir. Hesab edirəm ki, bizim Hökumətlərarası birgə Komissiyamızın azərbaycanlı həmsədri olan energetika naziriniz neft və qazdan kənar Azərbaycanın təkcə özü üçün deyil, Avropa üçün də bərpa olunan enerji mənbəyi ola biləcəyi barədə çox yaxşı danışıb və bu ambisiyanı mən, həqiqətən, alqışlayıram.


“D” əslində, üç “D” var: birincisi minadan təmizləmədir. Bildiyiniz kimi, Böyük Britaniya ANAMA-nın bərpa edilmiş ərazilərdə minalardan təmizləmə işini dəstəkləyən ilk beynəlxalq tərəfdaş olub. Biz bunu çox vacib proqram kimi görürük, yəqin ki, hazırda bu, Azərbaycanda dəstəklədiyimiz ən vacib proqramdır. Böyük Britaniya BMTİP vasitəsilə minaların təmizlənməsinə dəstək verir. Azərbaycanda minalarla mübarizə baxımından, Böyük Britaniyanın da yeri olmasından çox məmnunuq və bu istiqamətdə daha çox iş görməyi səbirsizliklə gözləyirik.

“D” həm də narkotiklərlə mübarizəni ehtiva edir, burada son illərdə Azərbaycanın cənub sərhədindən keçən narkotiklərin, xüsusən Əfqanıstandan gələn heroinin, eyni zamanda, getdikcə artan metamfetaminlərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Dövlət Sərhəd Xidməti ilə əməkdaşlığımızı gücləndirmişik. Bu sahədə mübarizədə qarşılıqlı maraqlarımız və etməli olduğumuz işlər var.

“D” eyni zamanda, müdafiə sahəsində əməkdaşlıqla bağlıdır. Beləliklə, biz uzun illər Azərbaycan zabitlərinin bir sıra istiqamətlərdə inkişafına kömək etmişik ki, bu da onların, ən azı, NATO-nun sülh ölkələri və beynəlxalq dislokasiyalar üçün tərəfdaşlıqlarından biri kimi effektiv olmasına kömək edə bilir. Onlardan bəziləri minalardan təmizləmə əməliyyatlarına da daxildir. Həmçinin ingilis dili təlimləri təşkil olunub ki, bu da, əlbəttə, beynəlxalq səviyyədə daha çox şey edə bilmək üçün əsas bacarıqdır. Və ümid edirəm ki, bu, mənim səfir olacağım müddətdə inkişafını davam etdirəcəyimiz bir sahədir.

“E” təhsil üçündür. Bu, qismən Azərbaycanda ingilis dilinin tədrisi ilə bağlıdır. Bir neçə ildir, biz “British Council” vasitəsilə həm birbaşa tədris, həm də müəllimlərin tədrisi ilə məşğul olaraq Azərbaycanda ingilis dili müəllimlərinin hazırlanması istiqamətində işlər görürük. “British Council” vasitəsilə həm ingilis dili, həm də bir sıra digər peşəkar bacarıqlar üzrə imtahanlar keçirir və bütün bunların Azərbaycandakı gələcək nəslin, istedadlı şəxslərin arzuları üçün açar olduğunu görürük. Biz bunun inkişafına kömək etmək istəyirik. Bu, həm də Azərbaycanın marağındadır. Eyni zamanda, çox sayda azərbaycanlının Böyük Britaniyanı təhsil üçün seçməsindən məmnunuq. Biz “Chevening” təqaüdü vasitəsilə prosesə dəstək veririk, nəzərə alsaq ki, son onilliklər ərzində bu təqaüd proqramı iki yüzə yaxın azərbaycanlı tələbənin Böyük Britaniyada magistratura təhsili alması üçün dəstək olub. Azərbaycana gəlişimin ikinci həftəsində həmin təqaüdün qalibləri ilə görüşmüşdüm. Hansı ki onlar hazırda Böyük Britaniyada təhsil alırlar. Bu, Böyük Britaniyada dünya səviyyəli universitetlərimizin olması ilə yanaşı, həm də Böyük Britaniyanın azərbaycanlıların gəlib təhsil alması üçün tolerant və qonaqpərvər ölkə olduğu deməkdir. Buna görə də bu prosesi davam etdirməyi səbirsizliklə gözləyirəm.

Beş sahənin finalı “G”dir, yəni gender sahəsi. Biz qadınların sülh və təhlükəsizlikdə iştirakına xüsusi diqqət yetiririk. Mən çox şadam ki, bizim dəstəyimizlə bərpa olunmuş ərazilərdə ilk qadın minalardan təmizləmə qrupları işləyir. Biz həmçinin müxtəlif yollarla qadınların iqtisadi güclənməsini dəstəkləyirik. Belə ki, gender üçün “G” həm də Azərbaycan hökuməti ilə əl-ələ verib işlədiyimiz sahədir. Hökumətin islahatlar proqramında çox güclü gender elementləri var. Bizim bir sıra ikitərəfli və çoxtərəfli tərəfdaşlarımız var, onlar da bu sahədə çalışırlar. Bu elə bir sahədir ki, burada olduğum müddətdə çempion, yəni qalib və uğurlu ola bildiyim üçün çox şadam.

– İki ölkə arasında mövcud münasibətlərdən razısınızmı?

– Sualınıza cavab olaraq bildirim ki, bu yaxınlarda bir bəyanat var idi, Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin səviyyəsi artıq qənaətbəxş səviyyədədir. Mənim üçün qənaətbəxş, demək olar ki, şkala ilə qiymətləndirmədə beşdən üç deməkdir. Mən bizim münasibətlərimizi “qənaətbəxş”dən də yüksək səviyyədə görmək istəyirəm. Həqiqətən, inanıram ki, hazırda bizim çox yaxşı münasibətlərimiz var, münasibətlərin çox müxtəlif aspektlərinin olduğu, o cümlədən, ən yüksək səviyyədə əlaqələrimizin olduğu bir ölkəyə səfir kimi gəlməyimdən çox məmnunam. Mən bundan yaxşı olması üçün daha çox potensialın olduğuna inanıram. Daha geniş, daha dərin ola biləcək əlaqələrdə böyümə potensialının olduğuna inanıram. Dörd ildir ki, mən burada səfir olacağam, inanıram ki, biz əlaqələri növbəti səviyyəyə qaldıra biləcəyik.

– Siz prioritetləriniz barədə danışarkən minalardan təmizlənməyə dəstək istiqamətində yardım barədə qeyd etdiniz. Müstəqil ekspertlər bildirir ki, azad edilmiş torpaqlarda minaların tamamilə təmizlənməsi onilliklər və külli miqdarda vəsait tələb edir. Gələcəkdə Britaniya bu istiqamətdə yardımı davam etdirəcəkmi?

– Öncə qeyd edim ki, insanların öz evlərinə, təsərrüfatlarına geri qayıtması ilə bağlı milli bərpa layihəsini qəbul edirəm və çox yaxşı fərqindəyəm ki, evlərinə qayıtmağı gözləyən yeddi yüz min məcburi köçkün var. Bu istiqamətdə ilk vacib addım onlar üçün təhlükəsiz olan torpaqlara qayıda bildiklərini hiss etmələridir. Buna görə də biz ANAMA-nın ilk beynəlxalq tərəfdaşı olmağa şadıq. Biz bu minaların təmizlənməsinə indiyə qədər BMTİP vasitəsilə bir milyon funt sterlinq maliyyələşdirmə etmişik. Birbaşa töhfə ilə yanaşı, həm də görürük ki, o minaları təmizləmək üçün sürət və miqyas lazımdır. Bu, təkcə BMTİP-i deyil, həm yerli, həm də beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının səylərini də tələb edir. Bu, eyni zamanda, kommersiya ekspertizası də tələb edəcək. Yəni bu sahədə iş görən bizneslərin sözügedən sahəyə cəlb olunması vacibdir. Çünki bu, böyük bir layihədir. Ölkə və beynəlxalq ictimaiyyət üçün böyük bir missiyadır. Və biz Böyük Britaniya olaraq, bu səyləri necə dəstəkləyə biləcəyimizi araşdırmağa davam edəcəyik.

– Cənubi Qafqazda normallaşma və sülh prosesi ilə bağlı Britaniyanın mövqeyi barədə soruşmaq istərdim. Nəzərə alsaq ki, Britaniyanın müttəfiqləri ABŞ və Avropa İttifaqı prosesdə son zamanlar fəal şəkildə iştirak edir.

– Biz Ermənistan və Azərbaycanı mənalı danışıqlar aparmaq üçün bir araya gətirən hər təşkilatı alqışlayırıq. Cenevrədə xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı arasında aparılan son danışıqları görməkdən çox məmnun olduq. Hikmət müəllimin (Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev) və erməni həmkarının Vaşinqtonda – Ağ Evdə Cek Sallivanın sədrliyi ilə keçirilən görüşdə iştirakını görmək də bizi sevindirdi. Ən əsası, avqustun sonunda Brüsseldə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasındakı görüş və müzakirələr də bizi məmnun etdi. Beləliklə, bizim üçün ən vacib məsələ münasibətlərdə dialoqların olmasını görməkdir. Danışıqlar vasitəsilə fəal, mənalı irəliləyişin əldə olunduğunu görmək istəyirik. Böyük Britaniya danışıqlarda birbaşa iştirak etmir, lakin biz tərəfləri bir araya gətirə biləcəyimiz hər yerdə kömək etməyə hazırıq. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əlaqələrimiz var və bacardığımız qədər hər iki tərəfi tərəqqiyə təşviq etməyə davam edəcəyik. Aydındır ki, bu danışıqlarda bir sıra müxtəlif istiqamətlər var və mən hesab edirəm ki, insanların görmək istədiyi danışıqların bütün istiqamətləri üzrə mənalı irəliləyiş var və davam etməkdədir. Beləliklə, hazırkı istiqamət hərtərəfli sülh razılaşmasına doğrudur.

– Britaniyada yeni hökumət kabineti formalaşdı. Yeni hökumətin xarici siyasətindən nə gözləyə bilərik. Xüsusilə Cənubi Qafqazla bağlı.

– Bu, həqiqətən, yaxşı sualdır. Gördüyünüz kimi, hazırda bütün diqqətlər Böyük Britaniyadakı iqtisadi artıma istiqamətləndiyini söyləyən yeni bir hökumət kabinetinə yönəlib. Böyük Britaniyada da bu il dünyanın bir çox ölkələrində olduğu kimi, yüksək inflyasiya, xüsusilə enerji, həm də ərzaqla bağlı problemlərin olduğu çətin bir il oldu. Hökumət, Baş nazir bir nömrəli prioritetin Böyük Britaniyadakı iqtisadi problemlərlə bağlı olduğunu söylədi.

Amma Baş nazir əvvəldən öz mövqeyində çox aydın olub. Keçən həftələrdə Baş nazir kimi Ukrayna Prezidenti Zelenski ilə ilk dəfə danışdı. Əvvəl o, xarici işlər naziri olub. Yəni beynəlxalq gündəmi çox yaxşı bilir. O, Britaniyanın Ukraynaya verdiyi siyasi, hərbi və humanitar dəstəyin mütləq davam edəcəyini açıq şəkildə ifadə edib. Ukraynaya verdiyimiz bütün müxtəlif dəstək elementlərini bir araya gətirsəniz, təkcə bu il, demək olar ki, 4 milyard funt-sterlinq olub. Mən, əslində, Ukrayna səfiri ilə yenicə tanışlıq görüşündən gəlmişəm. Və mən Britaniya diplomatı kimi bizim verə bildiyimiz dəstəyə görə çox qürur duyuram, eyni zamanda, Ukrayna xalqının hazırda üzləşdiyi qəddar, vəhşi işğala məruz qaldığı bir zamanda göstərdiyi cəsarət və qəhrəmanlıqdan heyrətlənirəm.

Cənubi Qafqaz regionu ilə bağlı deyə bilərəm ki, Avropa regionu üzrə bizim nazirimiz təyin olundu. Mən onun xarici işlər naziri Ceyhun Bayramovla artıq telefon əlaqəsindən də çox məmnunam. Böyük Britaniya ilə Azərbaycan arasında xarici siyasət və təhlükəsizlik məsələləri üzrə strateji dialoqumuz var və ümid edirik ki, dialoqla bağlı növbəti aylarda keçiriləcək iclasda biz Azərbaycan XİN rəhbəri Bayramovu Böyük Britaniyada qəbul edə biləcəyik. Avropa naziri Leo Doçerti də regiondakı vəziyyəti yerində görmək üçün mümkün qədər tez şəkildə bölgəyə səfər etmək istəyir. Ona görə də ümid edirik ki, yaxın bir neçə ay ərzində onu burada da qarşılaya biləcəyik.

– Rusiyanın Ukraynada müharibəyə başladıqdan sonra bu ölkənin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi, regiondakı sülhməramlı qüvvələri ilə bağlı fikirlər birmənalı deyil. Sizin fikrinizi soruşmaq istəyərdim.

– Düşünürəm ki, Rusiya Ukraynaya işğal hücumuna başlayaraq dəhşətli strateji səhv etdi. Xatırlamalısınız ki, bir il əvvəl biz işğal əlamətlərinin qaçılmaz olduğunu görürdük. İşğalın strateji səhv olacağı barədə xəbərdarlıq edirdik və yəni təəssüflə deyirəm ki, biz hadisələrin məhz bu cür olacağını görürdük. Ona görə də hesab edirəm ki, Rusiyanın belə bir addım atması təkcə Ukraynada deyil, həm də region ölkələrində və beynəlxalq miqyasda sual doğurur. Yəni bütün bunlardan sonra Rusiya dünyanın digər yerlərində sülhməramlı və vicdanlı vasitəçi kimi fəaliyyət göstərə bilərmi? Ölkədə olduğum ilk iki həftə ərzində həm Ermənistan, həm də Azərbaycan tərəfindən olan böyük miqyaslı itkilərdən şok oldum və dərindən kədərləndim. Prezidentlə görüşümdə və Kraliça II Elizabetin dəfni üçün Azərbaycan parlamentinin spikeri Londona gedəndə başsağlığı verdim. Həmçinin Britaniya naziri cənab Doçerti də xarici işlər naziri Bayramov ilə telefon danışığında başsağlığı verdi. Biz yenidən dəhşətli itkilər və lüzumsuz tələfatlarla bağlı bu vəziyyətdən əziyyət çəkən şəxslərin ailələrinə və yaxınlarına başsağlığımızı veririk. Düşünürəm ki, əsas odur ki, sizin də dediyiniz kimi, regionda qeyri-sabitlik son bir neçə onillikdə heç kimə kömək etməyib. Bu region çox böyük potensiala malik regiondur və böyük strateji və iqtisadi əhəmiyyət kəsb edir. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişmə nöqtəsidir və regionların potensialının istifadəsinin yeganə yolu davamlı sülh və sabitliyin olmasıdır. Bu, hamının maraqlarına uyğundur. Və eyni zamanda, Britaniyanın marağından öncə regiondakı insanların marağına cavab verir. Həm də biz Azərbaycanın dostu kimi bunu çox istəyirik.

– Qərb rəsmiləri bu müharibədə Avropanın da zərər gördüyünü bildirir. Bu günlərdə NATO Baş katibinin müsahibəsini oxudum. Stoltenberq bildirdi ki, müharibədə avropalılar da bədəl ödəyir. Bu, inflyasiya, yüksələn enerji qiymətləri, ərzaq böhranı və s.-dir. Ukraynalılar isə öz canları ilə bunu ödəyir. Soruşmaq istərdim ki, britaniyalılar nə düşünürlər?

– Bu sualınız da yaxşı sualdır. Bakıdan əvvəl sonuncu xarici ölkə olaraq Moskvada çalışmışam. Mən 2011-ci ildən 2014-cü ilə kimi Moskvada olmuşam. Bu o deməkdir ki, Rusiya Krımı qeyri-qanuni ilhaq etdiyi dövrdə və açıq desək, Ukraynanın şərq hissəsini işğal etdiyi il orada olmuşam.

Böyük Britaniya 2015-ci ildən etibarən, Ukrayna Silahlı Qüvvələrinin birbaşa inkişafına dəstək verir. Beləliklə, bizim fikrimizcə, yeddi illik dəstək Ukraynanın inanılmaz dərəcədə cəsur silahlı qüvvələrinin nəyə nail ola bildiyini göstərir. Təbii ki, 2022-ci ildə dəstəyimizin xarakteri sürətləndi və inkişaf etdi.

Təkcə Ukraynanın silahlı qüvvələri deyil, adicə kişiləri, qadınları və uşaqları da Rusiyanın təcavüzünün bədəlini ödəyirlər. Biz yardım üçün əlimizdən gələni edirik. Bu gün səhər Ukrayna səfiri ilə söhbətimizdə Azərbaycanın humanitar dəstəyi barədə danışdıq və bu dəstəyi, həqiqətən, alqışlayırıq. Azərbaycan Ukraynanı təmin edir və bu proses indi də davam edir. Prezidentinizin Ukraynanın Milli Günündə Ukraynanın ərazi bütövlüyü və suverenliyinin önəmini vurğulayan bəyanatını çox vacib hesab edirik. Rusiyaya beynəlxalq arenada çağırışın çox vacib olduğunu düşünürük, BMT Baş Assambleyasında müzakirələr gedir və hesab edirik ki, Rusiyanın təcavüzünü rədd etmək istəyən bütün ölkələr öz səslərini eşitdirməlidir. Təbii ki, biz Azərbaycanın tarixini, ərazi bütövlüyünün, suverenliyinin vacibliyini dərk edirik. Başa düşürük ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparıb.

Böyük Britaniyada da çox çətin bir il oldu. Britaniyalıların milli səviyyədə iqtisadi göstəriciləri, qlobal enerji böhranı, ərzaq böhranı, ölkədə 40 ildə görmədiyimiz səviyyədə inflyasiya bu çətinliklərə misaldır. İrəlidə insanları sərt qış gözləyir. Hesab edirəm ki, bütün bunlar danılmazdır. Amma, fikrimcə, Britaniyada Ukrayna xalqına qarşı çox güclü dəstək var. Ukraynada dəhşətli hadisələr törədilib və hazırda davam edir. Kiçik də olsa, qeyd edim ki, biz çox şadıq, gələn il Ukraynanın adından “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edəcəyik. Ukrayna bu yay mahnı müsabiqəsinin qalibi, Böyük Britaniya isə az fərqlə ikinci yerə sahib oldu. Mən vəziyyətlə bağlı detallara varmaq istəmirəm, amma hesab edirəm ki, insanlar arasında əlaqələr Britaniya və Ukrayna xalqları arasında əsl bağın qurulduğunun göstəricisidir. Biz bu il müharibədən xilas olmaq istəyən ukraynalılara 176 000 viza vermişik. Bu, çox böyük rəqəmdir, bu insanların Böyük Britaniyada səmimi qarşılanması faktı onu göstərir ki, biz başa düşürük ki, bu müharibə təkcə Ukraynanın müharibəsi deyil.

– 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada baş verən münaqişələrdə Qərb öz sakitliyini qorudu. Biz ciddi reaksiyanın şahidi olmadıq. Belə yanaşma var ki, bütün bunlar 2022-ci il üçün zəmin hazırladı. Necə düşünürsünüz?

– Deməzdim ki, biz o zaman susmuşduq. Ancaq düşünürəm ki, bir diplomat kimi təvazökar olmaq, tarixə nəzər salarkən onu olduğu kimi dərk etmək həmişə vacibdir. Əgər zaman dəyişdiricimiz olsaydı, fərqli işlər görə bilərik. Təkrar edirəm, mən deməzdim ki, biz 2008-ci ildə və ya 2014-cü ildə susmuşuq. Yadımdadır, 2014-cü ildə Moskvada beynəlxalq fəaliyyəti gücləndirmək üçün təşəbbüs göstərənlərin bir hissəsi idik, baş verənlərə qarşı biz o vaxt sanksiyalar tətbiq etmişdik, amma sanksiyaların səviyyəsində haqlısınız. 2022-ci il tətbiq etdiyimiz sanksiya rejimimizin tarixində görünməmiş bir addımdır. Onlar daha da irəli getdi, Rusiya iqtisadiyyatının bəzi hissələri üçün dağıdıcı oldu və Rusiyanın hər yeni hərəkəti ilə ən son Ukraynanın dörd bölgəsində keçirilən saxta referendumlarla ötən həftə Böyük Britaniyanın da bir hissəsi olduğu növbəti sanksiya dalğası tətbiq olundu. Əlbəttə ki, biz sanksiyaların yalnız beynəlxalq müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə təşkil edildiyi zaman təsirli olduğunu qəbul edirik və məncə, 2008 və 2014-cü ildən bəri, həqiqətən, dəyişən təkcə Böyük Britaniyanın vəziyyəti başa düşməsi deyil. Biz həmişə belə olmuşuq, yəni hər zaman Rusiyanın niyyətlərinə ən çox şübhə ilə yanaşanlardan olmuşuq. Lakin indi Avropada, Amerikada, bütün dünyada Rusiyanın təcavüzü və həqiqətən, təhlükəli destabilizasiyaya başladığı qəbul olunur. Rusiya indi daha çox başa düşülür. Buna görə də biz fərqli miqyasda beynəlxalq, qlobal reaksiya görürük.

– Rusiya Prezidenti ölkədə qismən səfərbərlik elan etdi, Rusiya nəzarətində olan Ukrayna torpaqlarında “referendumlar” keçirdi. Kreml nüvə ritorikasından istifadə edir və bütün bunların fonunda Ukraynanın müttəfiqləri Britaniya da daxil olmaqla, ölkəyə hərbi yardımını gücləndirəcəkmi?

– Düşünürəm ki, ilk növbədə, səfərbərlik məsələsində şəxsən mən buna “qismən” əlavə etməzdim. Hesab edirəm ki, Rusiyanın narrativində müharibə yox, xüsusi hərbi əməliyyat var. Düşünürəm ki, ölkəni tərk etmək istəyən yüz minlərlə ruslar, onların “qismən” səfərbərliyin necə narahatedici olduğunu başa düşdüklərinə işarədir. Referendumlar, xalqın səfərbər olması, nümayiş olunan ritorika gücdən çox zəiflik əlamətidir. Bu, Putinin müharibədə qalib gəlməkdənsə, uduzduğuna işarədir. Biz hər gün Ukrayna Silahlı Qüvvələrinin effektivliyinə dair yeni sübutlar görürük və onları dəstəkləməkdən məmnunuq. Beləliklə, bilirsiniz ki, biz Rusiyaya qarşı münasibətə çox ciddi yanaşırıq, biz nüvə ritorikasının məqsədəuyğunluğunu tamamilə təkzib edirik. Lakin həm də bunu ciddi qəbul edirik. Böyük Britaniya və bütün NATO müttəfiqləri NATO torpağının hər qarışını dəstəkləmək və müdafiə etmək öhdəliyini başa düşür. Ancaq bizim Ukraynaya dəstəyimiz indi və uzunmüddətlidir. Biz bu dəstəyi əlimizdən gələn hər vasitə ilə göstərməyə davam edəcəyik.

– Britaniya və Rusiya arasında münasibətlər hazırda ən aşağı səviyyədədir. Bu müharibəyə görə rus ictimaiyyəti də qınanır ki, onlar bu müharibəyə mane olmadılar. Rusiya-Britaniya münasibətləri, həmçinin cəmiyyətlər arasında münasibətlər barədə soruşmaq istərdim.

– Bu, söhbətimizin, demək olar ki, tam dairəsini əhatə edir. Çünki xalqlar arasında əlaqələr də, həqiqətən, vacibdir. Bunun Putinin müharibəsi kimi başa düşülməsi tamamilə vacibdir. Bu onun Rusiya elitasındakı bir çox şəxslərin dəstəyi ilə izlədiyi, davam etdirdiyi bir müharibədir, lakin bizim mübarizəmiz, şübhəsiz ki, rus xalqı ilə deyil. Rusiya ilə Böyük Britaniya arasında, xalqlarımız arasında dərin köklü əlaqələr var. Rusiya böyük ölkədir, böyük sivilizasiyadır. Ədəbiyyat tələbəsi kimi böyüyüb, rus klassik ədəbiyyatının həvəskarı kimi üç ilini Moskvada keçirəndə operaya, baletə getməyi sevirdim, rus mədəniyyətinin dərin həvəskarıyam. Mənim çoxlu rus dostum var, ona görə də təkcə Ukraynada deyil, hazırda Rusiyada baş verənləri görmək çox kədərlidir. Rusların ölkədə təzyiqə məruz qalması, bu ölkənin sürətlə ən pis vəziyyətə salınması bütün bunlar məyusedicidir, insanların ölkəni tərk etməsi çox üzücüdür.

Qeyd: Britaniya səfiri ilə müsahibə oktyabr ayının 4-də baş tutub.