“Trendyol”da kəskin bahalaşmanın səbəbi – Ekspert

Türkiyənin məşhur onlayn alış-veriş platforması “Тrendyol” Azərbaycana məhsulların çatdırılma qiymətini 2.5 dəfə artırıb. İki gün öncəyə qədər 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti artıq 199.99 TL (10.63 azn) hesablanmağa başlayıb.

Buna səbəb nədir? Bu, kənardan idarə olunan süni proses ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, burada kənardan idarə olunan heç bir süni proses yoxdur.

Onun sözlərinə görə, şirkət sadəcə həcmini böyüdür:

“Şirkət əvvəllər ucuz və sərfəli şərtlər qoyurdu, amma indi kifayət qədər loyal müştəri çevrəsi topladığı üçün artıq üstünlüklərini formalaşdırıb, müştəriləri də getdikcə artır. Burada iki məsələ var:

1. Daha çox pul qazanmaq istəyi;

2. Həddindən artıq müştəri potensialı;

Bunun da əməliyyatı, çatdırılması, sifarişləri icra etməsi və s. mövcudur. Şirkət də idarə edilə bilən böyümə marağında olur”.

İqtisadçı bunun korporativ qərar olduğunu bildirib:

“Burada hər hansı süni prosesdən söhbət getmir. “Trendyol” şirkətinin bu addımı daha çox pul qazanmaq, satış, eləcə də qiymət siyasətindən irəli gəlir. Fikirləşməyin ki, dövlət buna müdaxilə edir. Dövlət nəsə etmək istəsə, götürüb 300 dollarlıq vergisiz, güzəştsiz limiti aşağı salar və ya ləğv edər. Yəni burada dövlətlik iş yoxdur, korporativ qərardır”.

Zaira Akifqızı
Globalinfo.az