Paşinyan Bakı və Ankaranı qəzəbləndirəcək addıma hazırlaşır

“Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində Rusiya hərbi bazasına ehtiyac olmadığını vurğulayıb. Rusiya Ermənistandakı 102-ci bazasını məhz Türkiyə görə təsis etmişdi. Buradan Azərbaycanı da Ermənistan vasitəsilə təhdid edirdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycan ərazilərinin işğalda saxlanılmasında 102-ci bazanın rolu olub:

“İkinci Qarabağ müharibəsindən sonra yeni siyasi konfiqurasiya qurulur. Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi bitib, Ermənistan məğlub olaraq öz sərhədlərinə çəkilib. Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesi başlayıb. Belə olan təqdirdə 102-ci bazanın Ermənistan üçün əhəmiyyəti yoxdur.

Paşinyan Rusiyanın orbitindən çıxıb, hərbi bazanın bağlanmasına gedəcək. Amma Rusiyanı hər hansı bir dövlətlə əvəz edib, Qərbin Ermənistanda hərbi bazasını təsis etsə, bu, regionda yeni böhrana səbəb olacaq. Nəticədə Türkiyə və Azərbaycanla əlaqələr normallaşmayacaq.

Ümumilikdə fikrimcə, Ermənistan regionda yeni militarist siyasət aparır və Paşinyanın sülh çağırışları imitasiyadır”.

Zaira Akifqızı
Globalinfo.az