Bakının xilas planı nədir? – Paytaxtın idarəçiliyində dəyişiklik

Hər il Bakıya qar yağdığında eyni mənzərə ilə üzləşirik. Yollar bağlanır, qəzalar olur,  nəqliyyatın fəaliyyəti iflic hala gəlir. Sosial narazılıq isə pik həddə çatır. İctimaiyyət üzləşdiyi çətinliklə bağlı hansı quruma müraciət etməli olduğunu dəqiq bilmir.

Bəs bu cür durumlarda məsuliyyət və iş bölgüsü necədir? Bakı Şəhər İcra Hakimiyyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, rayon icra hakimiyyətləri, bələdiyyələr, kommunal xidmətlər – say çox, amma problemin aradan qalxmasına çarə edən az.

Belə vəziyyətlərdə Bakının idarəçiliyində dəyişikliyin edilməsi haqda təkliflərin sayı çoxalır. Söhbət inzibati idarəetmədəki dəyişikliklərdən gedir. Bəzi ekspertlər hesab edir ki, icra hakimiyyətlərinin Böyük şəhər bələdiyyələri ilə əvəzlənməsi bu kimi problemləri aradan qaldıra bilər.

Maraqlıdır, reallıq necədir? Böyük şəhər bələdiyyəsi yaradılması təklifi Bakının və sakinlərin üzləşdikləri problemləri aradan qaldırmaq gücündədirmi? Hökumətin bununla bağlı planı nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, nəzərə almaq lazımdır ki, Bakı cənub şəhəridir və əvvəldən bəri şəhər yerli coğrafi iqlim şəraitinə uyğun yaradılıb:

“Lakin bu da reallıqdır ki, hər dəfə qar yağanda müəyyən problemlər olur. Bununla belə mən sonuncu qar yağanda bu problemlərin elə də çox olduğunu müşahidə etmədim. Ümumiyyətlə Bakı şəhəri günü-gündən böyüyür. Paytaxta gələn insanların sayı artırır. Bu da öz növbəsində infrastruktur, nəqliyyat təsərrüfatı kimi ploblemlərin kompleks həllini zəruri edir. Şübhəsiz bu sahədə problemlərin olduğu bəllidir. Lakin bu problemlərin aradan qalxması üçün işlər görülür.

Hikmət Babaoğlu

Paytaxtın baş planı ilə bağlı dinamik işlər gedir. Bu yaxınlarda planın bir hissəsi ictimaiyyətə açıqlandı. Göründüyü kimi bir sıra mühüm yeniliklər edilib. Bu həm də onu göstərir ki, pillə-pillə yeniliklər tətbiq olunacaq. O ki qaldı bələdiyyələrin səlahiyyətinin artırılmasına, bu, mümkündür. Konstitusiyamızda bu məsələ öz əksini tapıb”.

Ağ Partiya başqanı Tural Abbaslının sözlərinə görə, icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsinə dair təkliflər tez-tez səslənir:

“Amma mən düşünmürəm ki, bunun bir fərqi olsun. Yəni mövcud icra hakimiyyəti strukturu da eyni işi görür. Yəni sabah böyük şəhər bələdiyyələri yaradılsa, hazırda icra başçısı olan şəxslər seçki ilə bələdiyyə sədri olacaq. Yəni dəyişən heç nə olmayacaq.

Tural Abbaslı

İcra hakimiyyəti institutunun lazımınca işləməsini təmin etmək üçün yeni yanaşmalar lazımdır. Problemlərin aradan qaldırılmamasının əsas səbəbi cəza mexanizminin fəaliyyətsizliyidir. Yəni qanunsuzluğa əl atanlar, işinin öhdəsindən gələ bilməyənlər vaxtında cəzalandırılsa, tədbirlər görülsə,  şübhəsiz icra hakimiyyəti institut da effektiv işləyər. Keyfiyyət dəyişikliyi yeni instituta keçiddə deyil, mövcud strukturun effekti işləməsi üçün mexanizmlərin yenilənməsindədir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, Azərbaycanda böyük şəhər bələdiyyələrin yaradılmasına ehtiyac var:

“Bu, hazırkı dövrün tələbidir. İdarə sisteminin optimallaşdırılması baxımından bu çox vacibdir. Şəhər təsərrüfatının bir mərkəzdən idarə olunma prinsipi əsasdır.

Natiq Cəfərli

Uzun illərdir ki, biz buna çalışırıq və çağırışlar edirik. Yəni yerli özünüidarəetmə institutlarının gücləndirilməsi, seçkilərin keçirilməsi problemləri həll etdiyi kimi, vətəndaşların sosial vəziyyətini yaxşlaşdıra bilər”.

Turan Rzayev
Globalinfo.az