krevetka

Bakıda işlədiyi şirkətdən tonlarla krevetka oğurlayan gənc həbs edilib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Azərbaycanda dəniz məhsullarının satışı ilə məşğul olan şirkətin Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən soyuducu anbarında baş verib. Həmin şirkətin anbardarı, 1995-ci il təvəllüdlü Nuran Abdullayev 1 kiloqramı 10 manat və hər qutuda 10 kiloqram olmaqla 340 qutuda ümumilikdə 3400 kiloqram çəkidə dondurulmuş xərçəng məhsullarını oğurlayıb. O, işlədiyi yerə 34000 manat ziyan vurub və ələ keçirdiyi məhsulu müxtəlif mağazalara sataraq pulunu mənimsəyib.

Şirkətin polisə müraciətindən sonra ötən ilin 7 dekabr tarixində Nuran Abdullayev həbs edilib.

Barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq) maddəsi ilə iş açılıb.

Araşdırma zamanı məlum olub ki, Nuran işlədiyi şirkətə məxsus soyuducu anbarın qıfılını sındırıb və 3,5 tona yaxın krevetkanı “KamAZ” markalı yük maşınına yükləyib. O, daha sonra sındırdığı qıfıla oxşar qıfılı qapıya bağlayaraq uzaqlaşıb.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Nuran Abdullayev 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Malik
Globalinfo.az

Paylaş: