ABŞ Prezidenti Donald Tramp ölkəsinin İsrailə maliyyə dəstəyini dayandıra biləcəyini söyləyib.
O, ABŞ-ın İsrailə çox vəsait xərclədiyini bildirib. Tramp qeyd edib ki, İsrail zəngin ölkədir, ora göndərilən vəsaitlər ABŞ vətəndaşlarının sosial rifahına yönəldilə bilər.
Trampın bu qərarı ABŞ-ın İsraillə strateji tərəfdaşlığının zəifləməsi, yoxsa münasibətlərin yeni mərhələyə keçməsi deməkdir? Vaşinqtonun Təl-Əvivə uzun illərdir davam edən hərbi və maliyyə dəstəyini azaltması regiondakı qüvvələr nisbətinə necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov bildirib ki, Tramp bu fikirləri seçki ərəfəsində səsləndirib:
“Bunun məqsədi müəyyən seçici qruplarına mesaj vermək idi. Hesab edirəm ki, ABŞ-ın İsrailə göstərdiyi yardımla bağlı məsələ mətbuatda düzgün işıqlandırılmır və onun mahiyyəti tam açıqlanmır.
Söhbət ABŞ-dan İsrailə birbaşa maliyyə vəsaiti köçürülməsindən getmir. Bu yardım ABŞ-ın İsrail üçün nəzərdə tutduğu hərbi layihələrin maliyyələşdirilməsinə yönəldilir. Həmin vəsait ABŞ-da qalır.
İsrail hansısa silah və sursat sifariş edirsə, bunun üçün nəzərdə tutulan vəsait ayrılır. Yəni pul fiziki olaraq ABŞ-da qalır, şirkətlərə və onların əməkdaşlarına ödənilir.
Ümumiyyətlə, ABŞ və İsrail arasında bundan daha böyük layihələr də həyata keçirilir. 20 milyard dollardan çox dəyəri olan, hərbi, süni intellekt və digər rəqəmsal texnologiyalarla bağlı müxtəlif layihələr mövcuddur. Bu layihələrdə İsrail ABŞ-dan asılı tərəf kimi çıxış etmir. Əksinə, hər iki ölkə bərabərhüquqlu tərəfdaş kimi iştirak edir. Üstəlik, ABŞ-ın bu əməkdaşlıqdan əldə etdiyi gəlir göstərilən yardımdan daha çoxdur.

Murad Sadeddinov
Əslində, İsrail tərəfi də bu məsələdən narahat deyil. Əksinə, Təl-Əviv bu mövqeyə dəstək ifadə edib. Onlar istəmirlər ki, hər hansı formada ABŞ-dan asılı vəziyyətdə qalsınlar. Beləliklə, daha çox müstəqillik və qazanc əldə etməyə çalışırlar.
Məsələn, vaxtilə İsrail Livanda və Qəzzada müəyyən hərbi əməliyyatlar həyata keçirmək istəyəndə ABŞ-dakı bəzi siyasətçilər Təl-Əvivə xəbərdarlıq edir, bu addımların qarşısını almağa çalışırdılar. Lakin bundan sonra belə müdaxilələrin əvvəlki qədər olmayacağı ehtimal edilir.
Beləliklə, İsrail ABŞ-dan siyasi asılılığını aradan qaldırmağa çalışacaq. Hesab edirəm ki, bu, İsrailin maraqlarına uyğundur”.
Turan Rzayev
Globalinfo.az