stolknoveniya politsiya frantsiya 1536x1024 1

Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı keçirilən etiraz aksiyası polislə nümayişçilər arasında qarşıdurmaya səbəb olub. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıb, polis isə gözyaşardıcı qazdan istifadə edib.

Globalinfo.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, tünd geyimli və üzlərini gizlədən bir qrup şəxs polis əməkdaşlarını təhqir etməyə və onlara daş atmağa başlayıb. Buna cavab olaraq polis gözyaşardıcı qaz tətbiq edib. Daha sonra qalxan və dəyənəklərlə silahlanan hüquq-mühafizə orqanlarının əməkdaşları qarşıdurma yaradan şəxsləri ərazidən uzaqlaşdırıblar. Bundan sonra yürüş davam edib.

Nümayişçilərin ilk dəstələri artıq yürüşün son nöqtəsi olan Nation meydanına çatsa da, iştirakçıların bir qismi aksiyanın başladığı Respublika meydanında qalmaqda davam edib. Paris Polis Prefekturası hələlik aksiyada iştirak edənlərin sayı ilə bağlı məlumat açıqlamayıb.

Bununla yanaşı, “Le Parisien” qəzeti yazır ki, Paris polisi aksiyanın rəsmi başa çatmasından sonra ərazini tərk etməyən nümayişçilərin dağıdılması üçün ilk dəfə dronlardan istifadəni planlaşdırır.

İnfraqırmızı kameralar, stroboskoplar və səsgücləndiricilərlə təchiz olunan dronlar vasitəsilə insanlara havadan ərazidən çıxmaq barədə xəbərdarlıq ediləcək. Polis bu üsulun avtomobillərə quraşdırılan və ya yerdə yerləşdirilən adi səsgücləndiricilərdən daha effektiv olacağını gözləyir. Yeni dronların Nation meydanında istifadəsi nəzərdə tutulur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: