WhatsApp Image 2026 11 05 at 16.21.59

Siyəzəndə 66 yaşlı ata evə gec gələn qızını bıçaqlayıb. Faktla bağlı cinayət işi başlanıb. Ata əməlindən peşman olduğunu və zərərçəkmişlə barışdığını bildirib. Zərərçəkmiş qadın da atasına qarşı şikayət və tələbinin olmadığını deyib. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və ata məsuliyyətdən azad olunub.

Bu nə dərəcədə əsaslı qərardır?

Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, ilk növbədə törədilmiş əməlin hansı maddə ilə tövsif olunduğuna baxmaq lazımdır:

“Çünki Cinayət Məcəlləsinin 73-cü maddəsində zərərçəkmiş şəxslə barışıq nəticəsində məsuliyyətdən azad etmə halları nəzərdə tutulur. Həmin maddədə üç istiqamət var. Birinci hissədə nəzərdə tutulur ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və dəymiş ziyan tam ödənildikdə və ya aradan qaldırıldıqda cinayət məsuliyyətindən azad edilə bilər. Burada gördüyünüz kimi, “azad edilə bilər” deyilir. Yəni qanunda “mütləq azad edilir” ifadəsi yoxdur. Nəticə etibarilə bu, ibtidai istintaq orqanının və həmin istintaqa nəzarət edən prokurorluğun qərarından asılı olan məsələdir. Eyni zamanda, 73.2-ci maddədə konkret maddələr sadalanır. Həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətmiş şəxslər zərərçəkmişlə barışdıqda və zərərçəkmişə dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilirlər”.

resul ceferov vekil

Rəsul Cəfərov

Vəkil bildirib ki, burada norma imperativ xarakter daşıyır:

“Burada “edilə bilər” deyil, birbaşa “azad edilir” nəzərdə tutulur. Əgər şəxsə 73.2-ci maddədə sadalanan maddələrdən biri ilə ittiham verilibsə, sizin dediyiniz nümunədə ata ilə qız arasında baş vermiş cinayət hadisəsi də əməlin xarakterindən asılı olaraq həmin maddələrdən biri ilə tövsif olunubsa, 73.2-ci maddənin tələblərinə uyğun olaraq barışıq nəticəsində cinayət məsuliyyətindən azad edilmə mümkündür. 73.2-ci maddədə nəzərdə tutulan maddələrdən nümunə olaraq 127.1, 128, 129, 130, 133 və 134-cü maddələr göstərilə bilər. Yəni işin hallarından asılı olaraq atanın əməli bu maddələrdən biri ilə tövsif olunub və nəticədə 73.2-ci maddə tətbiq edilməklə, cinayəti törətmiş şəxslə zərərçəkmiş şəxsin barışığı nəticəsində həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Bir istiqamət bundan ibarətdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: