Məişət tullantıları ilə davranış hər bir cəmiyyətin mədəni səviyyəsini göstərir. Azərbaycanda evindəki, maşınındakı zibili hara gəldi atmaq adi hala çevrilib. Bəzən Bakıda binaların balkonundan siqaret kötüyü, pampers, başqa tullantılar atılır. Bu əməlin müəlliflərinə etiraz bildirəndə isə qarşı tərəfi suçlayır, “balkon mənim, zibil mənim, özüm bilərəm” deyib, səsini qaldırır.
Artıq zibilləmənin coğrafiyası böyüyüb. İşğaldan azad edilmiş ərazilərə gedənlər indi də oraları zibil atəşinə tutur. İş o yerə çatıb ki, buna dövlət səviyyəsində reaksiya verilib. Maarifləndirici videoçarxlar hazırlanıb, yayılır.
Belə demək olarsa, ermənilər o torpaqları işğal zamanı basdırdıqları minalarla çirkləndirib, bəzi azərbaycanlılar isə oraları hər gün zibillə “minalayır”. Ən pisi odur ki, proses dayanmır, əksinə, daha da artan templə davam edir.
Bu kimi halların qarşısını almaq üçün başqa hansı tədbir görülməlidir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Fazil Mustafa deyib ki, məişət tullantıları məsələsi ciddi problemdir:
Fazil Mustafa
“Bu mədəni səviyyənin göstəricisidir. İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq, bərpa işləri fonunda cəmiyyətin sözügedən formada hərəkəti müəyyən probelmlərin yaranmasına səbəb olacaq. İnsanları bu vərdişlərə öyrəşdirmək üçün maarifləndirici videoların hazırlanması vacibdir. Avtomobil idarə edən sürücülər maşından siqaret qutusunu atır, yaxud yediyi meyvənin qalığını şüşəni açıb, tullayır. Bu, arxadan gələn maşın üçün də müəyyən problemlər yarada bilər. Həmin sürücülər törətdikləri əməlin məsuliyyətini daşımır. Halbuki bu nömrələr dərhal müəyyən qurumlara verilməli, sürücülər cərimələnməlidir. Küçələr, parklar, çimərliklər və s. kimi yerlərdə belə utancverici hallarla qarşılaşırıq. Bunun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi şətdir”.
AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev isə məsələyə belə münasibət bildirib:
“Azərbaycandan ərazi və əhalisinə görə qat-qat az olan ölkələrdə bu hallarla qarşılaşmaq demək olar ki, mümkün deyil. Kanada da qaldığım müddətdə bir zibil qutusu ilə rastlaşmadım. Maraqlandıqda məlum oldu ki, ailələr zibilləri torbalara yığır, ağzını bağlayaraq böyük borulara atırmışlar. Lakin sonrakı prosesi, yəni zibillərin hansı yolla daşındığını görə bilmədim.
Ənvər Əliyev
Ona görə də bir şeyi edə bilmiriksə, günah özümüzdədir. Məktəblərin yaxınlığında, insanların sıx toplaşdığı ərazilərdə bu gün zibil əlindən tərpənmək olmur. Villada yaşayan şəxslər, hasarlarından zibili küçəyə atırlar. Məişət tullantıları ilə yanaşı tikinti materialları da belə atılır. Bu, səhvdir, xüsusi avtomobillərlə həmin materialları müəyyən ərazilərə daşımaq lazımdır. Bunun üçün də maliyyəyə ehtiyac var.
İcra orqanları həmin ərazilərə kamera yerləşdirməli, zibil atan şəxsləri müəyyənləşdirib cərimələməlidirlər. Cərimə, cəza olmasa cəmiyyətdə bu vərdişi formalaşdırmaq mümkün olmayacaq. İnsanlar bir-birinə nəzarət etməlidir.
Digər məsələ isə tutumdur. Bakı maksimum milyon yarım əhali üçün nəzərdə tutulmuşdu. Lakin indi burada 4-5 milyon əhali yaşayır. Belə olan halda zibillərin hər tərəfə yayılması kimi problemlər hələ uzun müddət yaşanacaq”.
Safura Bənnayeva
Globalinfo.az