Azərbaycanda son beş ildə tibb müəssisələrində qeydiyyatda olan Daun sindromlu şəxslərin sayı artıb.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin 2021–2025-ci illər üzrə açıqladığı statistik göstəricilər göstərir.
Məlumata görə, Daun sindromu ilə qeydiyyatda olanların ümumi sayı 2021-ci ildə 857 nəfər olduğu halda, 2022-ci ildə 977, 2023-cü ildə 1172, 2024-cü ildə 1259 nəfərə yüksəlib. 2025-ci ildə isə bu göstərici 1122 nəfər təşkil edib.
Statistikaya əsasən, son beş ildə kişilər arasında qeydiyyatda olan Daun sindromlu şəxslərin sayı 485 nəfərdən 624 nəfərə, qadınların sayı isə 372 nəfərdən 498 nəfərə yüksəlib.
Yaş qrupları üzrə göstəricilərə görə, 0–13 yaş arasında qeydiyyatda olanların sayı 2021-ci ildə 594 nəfər, 2022-ci ildə 664 nəfər, 2023-cü ildə 797 nəfər, 2024-cü ildə 861 nəfər, 2025-ci ildə isə 703 nəfər olub.
14–17 yaş qrupunda qeydiyyatda olanların sayı müvafiq olaraq 120, 141, 169, 176 və 167 nəfər təşkil edib.
18 və yuxarı yaş kateqoriyasında isə artım davam edib. Bu yaş qrupunda qeydiyyatda olanların sayı 2021-ci ildə 143 nəfər olduğu halda, 2022-ci ildə 172, 2023-cü ildə 206, 2024-cü ildə 222, 2025-ci ildə isə 252 nəfərə çatıb.