Azərbaycan müxalifəti yenə parçalandı – Qanundan kənar elan olunan qanun davası qızışır

“Sovet hökuməti dağılan ərəfədə yaradılan kooperativlər kimi, yerindən duran partiya qurur” – Hafiz Hacıyev

“Siyasi partiyalar” haqqında Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

Qeyd edək ki, “Siyasi partiyalar” haqqında Qanun 1992-ci ildə qəbul edilib.

REAL Partiyasının sədri İlqar Məmmədov yeni qanunla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində “Siyasi partiyalar” haqqında Qanunun qüvvəyə minməsini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələməyi xahiş edib:

“Komissiyanın təcili rəyi çox qısa zaman ərzində, adətən bir neçə həftəyə tərtib edilən sənəd olur. Azərbaycanın demokratiya və insan haqları sahəsində beynəlxalq əməkdaşlığına böyük önəm verdiyimiz üçün hesab edirik ki, Venesiya Komissiyasının rəyi qanun qüvvəyə minəndən sonra mənfi olarsa, bu hal ölkəmizin dünyadakı mövqeyinə xoşagəlməz cəhətlər yükləyərək ümumi işimizə zərər vurar”.

Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, qanun cəmiyyətdəki ictimai münasibətləri, reallıqları özündə əks etdirən bir nümunə olmalıdır.

“Bu gün Azərbaycanda partiyalaşma özünün böhranlı dövrünü yaşayır. Bunun əvəzinə siyasi partiyaların inkişafı üçün daha əlverişli zəmin yaradan bir qanun qəbul edilməli idi. Bu qanun əslində siyasi partiyalaşmanın birdəfəlik qarşısını alan normalardan ibarətdir. Xüsusən nəzərə almaq lazımdır ki, burada Azərbaycan Konstitusiyasının bir çox müddəalarına zidd olan şərtlər var. Bu qanunun əsasında Azərbaycanda çoxpartiyalı siyasi sistem demək olar ki, aradan qalxacaq. Düşünürəm ki, qanun yenidən işlənilməsi üçün təkrar Milli Məclisə qaytarılmalıdır. Bu qanun cəmiyyətə yaxşı heç bir şey vəd eləmir”.

AĞ Partiya başqanı Tural Abbaslı isə bildirib ki, yeni qanun artıq üçüncü oxunuşda qəbul edilib və Prezidentin imzasını gözləyir:

“Partiya rəhbərləri də dinləmələrdə fikirlərini bildirib. Bəzi təkliflər nəzərə alınsa da, qanun layihəsində yenə də dəyişikliklərə ehtiyac var. Onun bu formatda qəbul edilməsi düşünmürəm ki, partiyaların daha da güclənməsinə xidmət edəcək. Çünki onlara demək olar ki, heç bir imtiyaz verilmir, üzvlərinin adi bir siyasətçidən heç bir üstünlüyü olmur. Hətta partiya üzvü daha çox sənəd problemi yaşayacaq. Eyni zamanda ildə bir dəfə bütün üzvlərin reyestrinin təqdim olunması qəbuledilməzdir. Partiya üzvlərinin sayı məsələsi onun daxili işidir. Qeydiyyat üçün lazım olan bəlli bir say qoymaq olar, amma sonra hər il reyestrinin təqdim olunması kifayət qədər əziyyət tələb edir. Bundan əlavə, ildə iki dəfə dövlət qurumlarının partiyalarda reyestrlə bağlı yoxlamalar keçirməsi onları təzyiq altında saxlamaq üçün bir rıçaqdır”.

T.Abbaslının fikrincə, qanunda gələcəkdə partiyaların işində xeyli problemlər yaradacaq qaydalar var:

“Bundan əlavə, partiyaların maliyyələşməsi məsələsi də qeyri-müəyyəndir. Dövlət büdcəsindən ayrılacaq vəsaitin məbləği də müəyyən olunmayıb. Bildirilib ki, parlamentdə təmsil olunmayan partiyalara da maliyyə ayrılacaq, amma ilkin hesablamalara görə, bu, aylıq 350-400 manat civarındadır. Bu da biabırçılıqdır. Heç bununla bağlı hesabat işini aparan mühasibin bir aylıq maaşı etmir”.

AĞ Partiya başqanı qeyd edib ki, çoxpartiyalı sistemin inkişafını istəyən iqtidar qanunda partiyalara daha çox fəaliyyət sahəsi verməlidir, nəinki onları nəzarətə götürməli:

“Bu qanunda dövlətin partiyalar üzərində nəzarəti gücləndirməsi var. Əminəm ki, Venesiya Komissiyası bununla bağlı heç də müsbət olmayan rəy bildirəcək. Amma qanun artıq qəbul olunub və biz də ona uyğun fəaliyyət göstərməyə çalışacağıq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, qanunla bağlı müzakirələrdə onlar da iştirak edib. Onun sözlərinə görə, qanunun müddəalarının əksəriyyəti müsbət yöndə öz həllini tapıb:

“Birinci qanunla indikinin arasında müsbətə doğru çox dəyişikliklər var. Bu qanunla partiyalar arasında çox yüksək səviyyədə iş görmək olar. Partiyaların üzv sayı 10 min olaraq saxlanılsa, yaxşı olar, çünki indi əldəqayırma partiyalar var, hansı ki, axtarsan heç ailə üzvü də ora daxil deyil. Sovet hökuməti dağılan ərəfədə yaradılan kooperativlər kimi, yerindən duran partiya qurur. Əgər bir partiyanın 5 min üzvü yoxdursa, o kimə lazımdır?”.

Milli Cəbhə partiyasının sədrinin müavini, Məhəmməd Əsədullazadə bildirib ki, İlqar Məmmədov bu gün cəmiyyət tərəfindən anlaşılmayan mövqeyi ilə, milli dövlətçilik məfkurəsini öz bəsit siyasi düşüncəsi ilə müqayisə edərək anti-Azərbaycan siyasəti ortaya qoyub:

“Məhz onun bu mövqeyinə görə REAl dağıldı və bu gün onun yanında cəmi iki nəfər qalıb. İlqar Məmmədov “Siyasi Partiyalar” haqqında Qanunda problem axtarışına çıxıbsa, bunu Avropada deyil, burda etməlidir. Görünür, İlqar Məmmədov bununla bəzi Qərb mərkəzlərinə öz “təkliflərini” irəli sürərək etimad almaq istəyir. Halbuki, onun etimad şkalası həm daxildə, həm də xaricdə çoxdan bitib. Sadəcə o, reallıq hissini itirib. Reallıq hissini itirməsə idi, bu gün ölkəmizin hazırkı həssas durumunda Qərbdən təzyiqlər edilməsi üçün çağırışlar etməzdi. Bu milli xəyanətə bərabər olan bir addımdır.

Çünki “Siyasi Partiyalar” haqqında Qanunu qlobal bir problem etmək, heç də uğurlu bir təşəbbüs sayıla bilməz. Bu olsa-olsa REAL sədrinin uğursuz gedişi kimi qiymətləndirmək olar. Yeni qanun 4 fəsildən və 20 maddədən ibarətdir. 20-dən çox ölkələrin təcrübəsi nəzərə alınıb. İlqar Məmmədovun sevdiyi söz olan Venesiya Komissiyasının 2010 və 2020-ci ildə irəli sürdüyü bəndlər yer alıb. Ona görə də “Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmayıb” demək, siyasi demaqoqluqdur”.

Gülnar Səlimova
Globalinfo.az