Bakı İrəvana təzyiqləri artırmalıdır – Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev müsahibə verib.

Globalinfo.az xalqcebhesi.az-a istinadən müsahibəni təqdim edir:

– Qüdrət bəy, ermənilər və onların Azərbaycandakı əlaltıları, o cümlədən Qərbdəki ermənipərəst dairələr belə bir görüntü yaratmaq istəyir ki, Ermənistan ədalətli sülh istəyir, amma Azərbaycan bundan qaçır. Bu barədə fikirlərinizi bilmək istərdik.

– Əvvala, onu qeyd etmək istəyirəm ki, məğlub tərəf kimi Ermənistanın vasitəçilərin kim olacağını və harada sülh sazişinin imzalanmasını müəyyən etmək cəhdi sinizmdir və qəbul oluna bilməz. Həmçinin dünya və regionun böyük gücləri də sülhdə maraqlı olmalıdır. Belə olmadıqca sülh mümkünsüz görünür. Biz, Ermənistanla yanaşı böyük gücləri də sülh sazişinin imzalanmasının onların maraqlarına cavab verdiyinə inandırmalıyıq, yaxud onları buna razı salmalıyıq. Türkiyənin bu istiqamətdə səylərini artırmasına böyük ehtiyac var. Ermənistan 35 il ərzində onun işğalçı siyasətini müdafiə etmiş Qərb ölkələrini vasitəçi kimi görmək istəyirsə, Azərbaycanın danışıqlarda Rusiya və Türkiyəni kənara qoyması ciddi səhv olardı. Daha doğru olardı ki, regiona sülh gətirəcək yeni bir Qars müqaviləsi imzalansın. Çünki bu iki ölkənin təminatı olmadan regionda davamlı sülhü təmin etmək çətin olardı. Bu günlərdə Gürcüstana səfəri zamanı Azərbaycan Respublikası Prezidenti bəyan etdi ki, heç bir vasitəçisiz biz Ermənistanla Gürcüstanda görüşüb sülh sazişini müzakirə edə bilərik. Amma Ermənistan heç bir reaksiya vermədi. Ona görə Ermənistanın sülh istəməsi barədə dedikləri sadəcə boşboğazlıqdır. Regiona sülh lazımdır. Amma Ermənistan ümid edir ki, Rusiya Ukraynada məğlub olacaq və Avropada formalaşacaq yeni geosiasi reallıqlar onlara istədiklərinə nail olmağa imkan verəcək. Onlar 44 günlük savaşdan sonra möcuzə gözləyirldilər, əks halda Azərbaycanın BMT Nizamnaməsinin əsas prinsiplərinə əsasalanan 5 bəndlik sülh təkliflərini qəbul edərdilər. Həmin vaxt Ermənistanın Qərbdəki himayədarları istəsəydi, bəlkə də sülh sazişi çoxdan imzalanmışdı.

– Nə hərb, nə sülh variantı bizi qane edirmi?

– Qətiyyən yox.Ermənistanın 1994-cü ildə Bişkekdə imazalanmış atəşkəs haqqında Protokoldan sonra maksimalist mövqe tutaraq Qarabağ ermənilərinə dünyada mövcud olan ən geniş muxtariyyat verilməsi şərti ilə sülh sazişi imzalamaqdan imtina etməsinin onlara necə baha başa gəlməsini gördük. Ona görə də Azərbaycan Ermənistana təzyiqləri artırmalıdır ki, tezliklə ədalətli sülh sazişi imzalansın.