Azərbaycan bu erməniləri cəzalandıracaq – Generalın məqaləsindəki şifrələr

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Respublika” qəzetində dərc olunan məqaləsində itkin düşmüş hərbçilərimizlə, vətəndaşlarımızla bağlı olduqca maraqlı, aktual məqamlara toxunub.

Xüsusilə də işğal faktına son qoyulduqdan sonra vaxtilə ermənilərin nəzarətində olan ərazilərdə itkin kimi qeydiyyatda olan azərbaycanlıların qalıqlarının tapıldığını, daha 73 nəfərlə bağlı isə məlumat gözlədiklərini bildirib. Belə anlaşılır ki, ermənilər birinci Qarabağ müharibəsi dövründə girov və əsir götürdüyü azərbaycanlıları qətlə yetirib və kütləvi şəkildə onları dəfn edib. Bu isə artıq müharibə cinayətidir.

Bu faktlar aşkarlandıqca, Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıracaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Bəhruz Məhərrəmov deyib ki, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırım siyasəti nəticəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi Azərbaycan Respublikası üçün prioritetlərdən biridir.

Deputat soydaşlarımızın işgəncələrə məruz qalaraq öldürüldüklərini və ermənilərin bunu inkar etdiyini qeyd edib:

DTX rəisi general-polkovnik Əli Nağıyev

“Onların çoxunun aqibəti barədə hələ də məlumat olmasa da, Zəfərimizin ardınca Qarabağ və Şərqi Zəngəzurda aşkarlanan kütləvi məzarlıqlar və həyata keçirilən araşdırmalar deməyə əsas verir ki, itkin düşmüş hesab olunan soydaşlarımızdan çoxu məhz azərbaycanlı olduqları üçün Ermənistanın etnik təmizləmə siyasəti çərçivəsində işgəncələrə məruz qalaraq öldürülüb və insan ləyaqətinə zidd formada davranılaraq kütləvi şəkildə basdırılıb.

Bildiyiniz kimi, Ermənistan qarşısında bu məsələlər qaldırılarkən əvvəllər ermənilər, ümumiyyətlə, belə məzarlıqların mövcudluğunu inkar edirdilər. Lakin çoxsaylı kütləvi məzarlıqlar aşkarlandıqdan sonra ermənilər artıq fakt qarşısında qalsalar da, dəyişən bir şey olmadı. 2022-ci ilin aprelində İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktorunu qəbul edərkən Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, “Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb”. Təbii ki, biz itkin düşmüş şəxslərin taleyini İrəvanın insafına həvalə edə bilmərik və həmin şəxslərin aşkarlanması, o cümlədən kütləvi məzarlıqlardan aşkarlanan qalıqların eyniləşdirilməsi istiqamətində dövlət səviyyəsində ciddi işlər görülür”.

B.Məhərrəmov itkin düşmüş şəxslərin ailələrindən DNT analizinin götürüldüyünü bildirib:

“Bilirsiniz ki, ötən dövr ərzində bu sahədə texniki imkanların genişləndirilməsi, yeni modul laboratoriyaların qurulması, xüsusi uçuş aparatlarının və digər ləvazimatların alınması, mütəxəssislərin peşə qabiliyyətlərinin artırılması kimi planlı tədbirlər görülmüş, itkin düşmüş şəxslər üzrə məlumat bazası yaradılaraq, demək olar ki, itkin düşmüş şəxslərin hamısının ailələrindən müvafiq DNT nümunələri götürülüb. Təsadüfi deyil ki, son dövrlər kütləvi məzarlıqlardan aşkarlanan qalıqların eyniləşdirilməsi prosesi uğurla davam edir və artıq xeyli sayda soydaşımızın şəxsiyyəti müəyyən olunmuş və nəşin qalıqları ailələrinə təhvil verilərək layiqli formada dəfn olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin qeyd etdiyi daha 73 nəfərlə bağlı məlumat da məhz bu çərçivədə gərgin fəaliyyətin tərkib hissəsidir. Ümumiyyətlə, müşahidələr göstərir ki, kütləvi şəkildə dəfn olunanların, demək olar ki, hamısı silahsız, müqavimət göstərmək imkanları olmadığı halda vəhşicəsinə qətlə yetiriliblər və adi gözlə skletlər üzərində bu vəhşiliklərin izlərini görmək olur. Bu isə müharibə qanunları və adətlərinin, o cümlədən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, daha konkret desək, “Hərbi əsirlərlə rəftara dair”, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokollarının köklü pozuntusu kimi məsuliyyəti labüd edir”.

Xocalı şəhəri. Kütləvi məzarlıq

Deputat bu insanların məhz azərbaycanlı olduqları üçün vəhşicəsinə qətlə yetirildiklərini vurğulayıb:

“Bu da soyqırımın əlamətlərini ehtiva edir. Belə ki, 1948-ci il 9 dekabr tarixli Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada və Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsində ifadə olunduğu kimi, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə onların öldürülməsi soyqırım hesab olunur. Beynəlxalq hüquqa görə, qeyd olunan əməllərdən hər hansı birini törətmiş şəxs konstitusiya ilə məsul rəhbər, rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdır. Yəni hüquq da, ədalət də tələb edir ki, bu cinayətləri törədən erməni hərbçiləri, Ermənistanın o zamankı hərbi-siyasi rəhbərliyi, o cümlədən həmin cinayətlərə göz yuman, kütləvi məzarlıqların koordinatlarını gizlətməklə cinayətləri ört-basdır etmək istəyən, cəzasızlıq mühiti ilə yeni cinayətlərə rəvac verən bugünkü hay hakimiyyəti də məsuliyyətə cəlb olunmalıdır”.

Bəhruz Məhərrəmov deyib ki, beynəlxalq mexanizmlərdə bu cəzasızlıq mühitinə son qoyulması üçün müvafiq addımlar atılacaq:

“Əslində, dünya birliyi də bəşəri problem olduğu üçün bu məsələnin hüquqi həllində maraqlı olmalıdır. Amma real mənzərəyə baxsaq, aidiyyəti təsisatlar Ermənistanın bu cinayətlərini nəinki görməzdən gəlir, üstəlik ermənilərin özlərinin Azərbaycan tərəfindən guya soyqırım və etnik təmizləməyə məruz qalması barədə dezinformasiyaların tirajlanmasına şahidlik edirik. Bu isə o deməkdir ki, canilərin cəzalandırılmasını da Azərbaycan öz imkanları hesabına reallaşdıracaq”.

Zaira Akifqızı
Globalinfo.az