Araikə qarşı çıxanlar hansı mərkəzdən idarə edilirlər? – Bakını separatçı rejimlə danışığa vadar etməyə çalışırlar

“Xankəndidə baş verənlər separatçılar arasında qarşıdurmanın kəskinləşdiyi görüntüsü yaratsa da, fikrimcə, burada müəyyən oyun gedir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Xankəndi və ətraf ərazilərdə baş verən son siyasi prosesləri dəyərləndirərkən deyib.

Asif Nərimanlı

Onun sözlərinə görə, bu oyun bütün “siyasi qüvvələri” Araikin, yaxud belə demək mümkünsə, mövcud “rəhbərliyin” ətrafında toplamağa hesablanıb, o cümlədən, Araik və dəstəsi özlərini qorumaq üçün buna gedirlər:

“İlk şübhəli məqam Karen Matevosyanın qondarma “parlament” binasına hücum etməsi idi. Separatçıların qondarma “spikeri” daşnak David İşxanyanı hədələyərək, Araikə dəstək verməyi tələb etmişdi. Karen Matevosyanın rəhbərlik etdiyi “milis dəstəsi”nin müharibədən sonra Araikin özü tərəfindən yaradılması, onun daşnak “spikeri” hədələməsi və buna görə cəzalandırılmaması göstərir ki, bu, Araikin öz oyunudur. Karenin əsas tələbi də budur ki, bütün “siyasi qüvvələr” Araikin ətrafında birləşməlidir. Daha sonra Araikin ofisi güllələndi.

Araik və dəstəsinin bu oyunlarda iki məqsədi var.

Birincisi, bütün “siyasi qüvvələri” öz ətrafında toplamağa məcbur etməkdir.
Xankəndidə Samvel Babayan və Ruben Vardanyan olmaqla iki cəbhə yaranıb, hər iki cəbhə separatçı rejimi götürməyə çalışır və bu məqsədlə mövcud vəziyyətdən istifadə edir. Görünür, Araik bir tərəfdən silah yolu ilə hər kəsi ona dəstəyə məcbur etmək istəyir, digər tərəfdən, “silahlı basqın”la erməni ictimai rəyində “təhlükənin” olduğu rəyini yaradır və bu ona imkan verir ki, qondarma “dövlətə qarşı təhlükə” adı altında ona tabe olmayanları sıradan çıxarsın. Karenin daşnak “spiker David İşxanyanı hədələməsi də təsadüfi deyil, çünki Araikin yerinə gələ biləcək şəxslərdən biri də odur.
İkincisi, Ağdam yolunun açılması ətrafında “müqavimət” formalaşdırmaqdır.

Bütün qarşıdurma Ağdam yolunun açılıb-açılmaması ətrafında yaşanır. Araik və dəstəsi “erməni əhali Ağdam yoluna etiraz edir”, hətta buna görə silahlı qarşıdurma yarana bilər görüntüsü yaradır, beynəlxalq ictimaiyyətə “biz istəsək də, xalq qəbul etmir” mesajını verməyə çalışırlar. Digər tərəfdən onlar anlayır ki, başqa çıxış yolu yoxdur, Ağdam yolu açılmalıdır, lakin Bakı ilə danışmaq, prosesdən müəyyən qədər qazanclı çıxmaq, xüsusilə də özlərini de-fakto “tərəf” kimi qəbul etdirmək istəyirlər. Bunun üçün də “müqavimət” formalaşdırır, Bakıya göstərməyə çalışırlar ki, Qarabağda erməni əhali bu tələbləri qəbul etmir, danışıqlar apara biləcək yeganə qüvvə separatçı rejimin özüdür”.

Turan Rzayev
Globalinfo.az