ABŞ Venesuela Prezidenti Nikolas Maduroya təzyiq etmək üçün bir sıra variantları nəzərdən keçirdiyini açıqlayıb.
Vaşinqton bildirib ki, bununla “N.Maduro ölkəsini demokratiya yoluna qaytarmağa” məcbur ediləcək.
Venesuela prezidentinə təzyiq üçün hansı addımlar atıla bilər? ABŞ-ın bu ölkəyə hərbi müdaxiləsi mümkündürmü?
Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, ABŞ Venesueladakı Maduro hökumətini özü üçün hər zaman rəqib kimi görüb:
“Ümumiyyətlə, bu, təkcə N.Maduro ilə bağlı narahatlıq deyil. Cənubi Amerikadakı bütün solmeyilli hakimiyyətlər ABŞ demokratiyası üçün real riskdir. Vaşinqton məhz bu risk faktorları səbəbindən hər zaman materikin işlərinə müdaxilə edib. Vaxtaşırı Cənubi Amerikada inqilablara, hakimiyyət dəyişikliklərinə səbəb olub. Vaşinqtonun bu siyasətindən yalnız iki ölkə hər zaman yayına bilər: Kuba və Venesuela. O baxımdan istər Venesuela, istərsə də Kuba heç bir halda ABŞ-la masa arxasında müzakirə aparacaq ölkələr deyil”.
Tural İsmayılov
T.İsmayılovun sözlərinə görə, bu gün ABŞ-Venesuela gərginliyi pik həddədir:
“Vaşinqton rəsmi Karakası açıq şəkildə təhdid edir. Bununla belə, hər hansısa hərbi müdaxilənin olması real görünmür. ABŞ belə xərcli bir müharibəni gözə ala bilməz. Əvəzində N.Maduroya müxalif olan şəxsləri hərəkətə keçirəcək”.
Qeyd edək ki, Nikolas Maduro ötən ay keçirilən seçkilərdə yenidən Venesuela prezidenti olub.
Turan Rzayev
Globalinfo.az